109 il əvvəl bizi deyib gələn “Molla Nəsrəddin” - FOTOLAR

109 il əvvəl bizi deyib gələn “Molla Nəsrəddin” - FOTOLAR
  07 Aprel 2015    Oxunub:19387
109 il əvvəl sizi deyib gəlmişdi...

İyirminci əsr Azərbaycan ədəbiyyatının görkəmli ədibi, maarifçi Cəlil Məmmədquluzadənin təşəbbüsü ilə 1906-cı ilin bu gün nəşr olunmağa başlayan “Molla Nəsrəddin” jurnalının fəaliyyətə başlamasından 109 il ötür.

“Molla Nəsrəddin” 25 illik fəaliyyəti ərzində 3 şəhərdə - Tiflis, Təbriz və Bakıda - çapdan çıxıb və ümumilikdə 748 nömrəsi işıq üzü görüb.

Mirzə Cəlil “Xatiratım”da jurnalın çapı haqqında danışarkən yazır: “Şərqin qaranlığını təsəvvür edəndə insan elə bir təəccüb, heyrət üz verir ki, axırda əcayib bir şeyə gülən kimi burada da insana bir mayeyi-gülün və məzhəkə üz verir.

... Rəxti-xabda uzanıb gözlərini axıda-axıda dodaqları ilə dua vird edən bir xəstənin namaz qılmağı məgər gülünc deyil? Və belə gülünc bir zamanda, belə quliyabani bir insanların tarixini yazmaq üçün, əhval və ətvarını təsvir etmək üçün məgər “Molla Nəsrəddin”in yaranmağı təbii deyil?

“Molla Nəsrəddin”i təbiət özü yaratdı, zamanə özü yaratdı”



Mirzə Cəlil “Molla Nəsrəddin”də cəhalətlə apardığı mübarizədə tək deyildi. Dövrünün ən görkəmli publisistləri, maarifçiləri onun ətrafında toplaşmışdı. Ömər Faiq Nemanzadə, Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Əli Nəzmi, Əliqulu Qəmküsar, Məmməd Səid Ordubadi, Mirzəli Möcüz Şəbüstəri və s.

İndi də çoxunun sevə-sevə baxdığı məşhur karikaturaları isə Oskar Şmerlinq, İ.Rotter, Əzim Əzimzadə kimi rəssamlar çəkirdi.



Jurnalının ilk sayının üz səhifəsində verilən şəkildə yuxuya getmiş bir dəstə müsəlman təsvir olunur. Şərqin müdrik ağsaqqallarından hesab olunan Molla Nəsrəddin onları oyatmağa çalışır. İlk gündən başlayan bu missiya jurnalın 25 illik fəaliyyəti dövründə də davam etdi.



Təkcə Azərbaycan cəmiyyətinin çatışmazlıqları yox, həmçinin dünyada gedən siyasi proseslərdən “Molla Nəsrəddin”in gözündən yayınmırdı.



Məqalələr, felyetonlar, satirik hekayələr, lətifələr, karikatura və illüstrasiyaların çap olunduğu jurnalın nəşri asan başa gəlmirdi. Senzura, mollaların təhdidi, eləcə də maddi çətinliklərə baxmayaraq nəşri davam edirdi.

Mirzə Cəlilin xanımı Həmidə xanım Cavanşir “Xatirələrim”də yazır:

“Molla Nəsrəddin” jurnalının ilk nömrəsi aprelin 7-də çıxır. İlk tirajı 1000 nüsxə olur. Aprelin 6-da axşam çağı jurnalın ilk nömrəsi nəşr olunarkən Mirzə Cəlilin cibində cəmi 9 manat varmış. O, çap maşınının qulpunu fırlatmaq üçün Faiq əfəndi ilə birlikdə hambal tutubmuş. Gecə yarısı hambalı buraxırlar, gedir. Başqa bir hambal tutmağa isə pul olmur . Faiq əfəndi ilə Mirzə Cəlil növbə ilə özləri çap maşınında işləməli olurlar.

Beləcə səhər açılana kimi işləyirlər. Gecəni yuxusuz qalmalarına baxmayarq ertəsi gün jurnalın səhifələrini iç-içə tikməklə, bağlama halına yığmaqla, satışa hazırlamaqla məşğul olurlar”.



“Molla Nəsrəddin” jurnalının Tiflis redaksiyası

Qeyd etdiyimiz kimi jurnalın çapında tək çətinlik maddi çatışmazlıq deyildi. Eləcə də “Molla Nəsrəddin”in mübarizə apardığı mollalar, onların insanlara təsiri jurnalın işinə mane olurdu.

Əbdürrəhimbəy Haqverdiyev öz xatirələrində yazır: “Jurnalın ilk nüsxəsi bomba kimi partladı… Mollalar deyirdi ki, jurnal heç bir müsəlmanın evinə girməməlidir. Girsə, onu masa ilə götürün və tualetə atın”.

“Molla Nəsrəddin” jurnalı 2008-ci ildə yenidən Azərbaycan-latın qrafikalı əlifba ilə çap olunub. 8 cilddə yenidən çap olunan jurnalda 25 il ərzində çıxan bütün məqalə və satirik hekayələr, eləcə də karikaturalar yer alıb.



AzVision.az jurnalda işıq üzü görmüş karikaturalardan bir neçəsini təqdim edir:

Hazırladı: Fatimə Kərimli

Qalereya




Teqlər:  





Xəbər lenti