“Prezidentin mühafizəçisi olmaq istəyirəm” - Dünya çempionu

“Prezidentin mühafizəçisi olmaq istəyirəm” - Dünya çempionu
  07 Aprel 2015    Oxunub:9730
“Kəmaləddin Heydərova çox böyük simpatiyam var. Onu düşmənlərindən qorumağa hazıram”

Bunu AzVision.az-a müsahibəsi qaydasız döyüş idman növü üzrə dünya çempionu olan idmançı Mənsur Qurbanov deyib.

- İlk öncə gəlin, sizi tanıyaq. Mənsur Qurbanov kimdir, hansı fəaliyyətlə məşğul olursunuz?

- 10 ildən artıqdır ki, idmanla məşğul oluram. Dəfələrlə respublika çempionu olmuşam. Böyük turnirlərin qalibiyəm. İlk dəfə kinqboks üzrə Respublika çempionu olmuşam. Bundan əlavə 2012-ci ildə Yaltada keçirilən beynəlxalq yarışda dünya ikincisi olmuşam.

2014-cü ildə isə Ukraynanın Lvov şəhərində keçirilən beynəlxalq yarışda dünya çempionu titulunu qazanmışam.

Bundan əlavə Ukrayna və Krım çempionu da olmuşam. Məşqçilik fəaliyyəti ilə də məşğul oluram. Mənim özümün də dünya çempionu olmuş tələbəm var. Hazırda isə “Metropark” Ticarət mərkəzində növbə rəisi işləyirəm.

- Nə üçün idmandan kənarlaşmısınız? Yarışlara indi də qatılırsınızmı?

-Çox sağ olsunlar ki, “Metropark”ın rəhbərliyi yarışlara getmək üçün mənə dəstək olur. Mənə yalnız onlar dəstək olur. Bizim MMA Federasiyası tam tərkibdə yetişməyib. İndi Sumqayıt şəhərində Sevindik Mehdisoyun təşkilatında məşq edirəm. Fikirləşirəm ki, nə vaxtsa onun rəhbərliyi altında MMA federasiyası yaradılacaq.

-Qaydasız döyüş idman növünə ayrılan diqqətdən razısınızmı?

-Respublika səviyyəsində, qaydasız döyüş idman növünə ayrılan diqqət yetərincə deyil. Bizim ölkədə olimpiya idman növlərinə geniş yer verilir. Qeyri-olimpiya idman növlərinə ayrılan diqqət isə bundan sonra və yaxud da ən aşağı səviyyədə yerdə durur. Düşünürəm ki, Azərbaycanın bayrağını qaldıran hər bir idmançıya böyük bir dəstək olunmalıdır. Yarışlarda iştirak edirəm. Heç kəs dəstək olmur. Bütün yarışlara öz hesabıma gedirəm.

-İdmandan əldə olunan gəlirlə ailə saxlamaq mümkündürmü?

-Bugünkü gün mən ailəmi dolandırmaq üçün işləməliyəm. Mən bundan sonra idmanla necə məşğul ola bilərəm? Mən ailəmi ac qoyub, yarışa hazırlaşmalıyam? Ona görə də mən işləyirəm. Ailəmi dolandırmaq üçün mühafizəçilik edirəm.

-Təklif olarsa, hansı nazirin, məmurun şəxsi mühafizəçisi olmaq istəyərdiniz?

-Mən bir çox siyasətçilərin şəxsi mühafizəçisi olmuşam. Ən böyük arzum cənab prezidentimizin şəxsi mühafizəçisi olmaqdır. Prezidentimizlə heç görüşməmişəm. Amma çox istəyərdim ki, onunla görüşüm.

Rəsmi şəxslərin də şəxsi mühafizəçiləri olmuşam. Onların adlarını çəkmək istəmirəm. Həmçinin bir general və ailəsinin şəxsi mühafizəçisi də işləmişəm.
Prezidentimizdən sonra mən fövqəladə hallar naziri Kəmaləddin Heydərovun şəxsi mühafizəçisi olmaq istəyərdim. Onu da düşmənlərindən qorumağa hazıram.

- Bəzi idmançıların bahalı maşın və çoxlu pulları var. Onlar bu imkanları idmanda qazanıblar…

-Mənim adım demək olar ki, siyahıdan silinib. Özümə qarşı çox diqqətsizlik görürəm. Ən azından biz də bu dövlətin əsgəriyik. Dövlətimizə də əsgər kimi qulluq edirik. Bir çox yerdə mənə deyirlər ki, özün üçün dünya çempionu olmuşam. Mən bu dövlət və onun bayrağı üçün vuruşmuşam. Hər bir insanın içində döyüş hissi olmalıdır. Taekvando və boksçuların pulları və maşınları ola bilər. Mən heç vaxt sərvətin arxasınca qaçmamışam. Ən böyük arzum medal qazanıb bayrağımızı qaldırmaqdır.



Hafiz Əhmədov
AzVision.az



Teqlər:  





Xəbər lenti