“Əri gəlməyə icazə vermir” - Qızı Yəməndə qalan (VİDEO)

“Əri gəlməyə icazə vermir” -  Qızı Yəməndə qalan (VİDEO)
  08 Aprel 2015    Oxunub:2159
Yəməndə cərəyan edən siyasi gərginlik fonunda bir çox dövlətlər bu ölkədə olan vətəndaşlarını təxliyə edirlər. Azərbaycan da istisna deyil. Yəməndə yaşayan 7 soydaşımız Türkiyə tərəfinin təqdim etdiyi təyyarə ilə qonşu ölkəyə təxliyə olunub. Amma Yəməndə bir azərbaycanlı ailə də qalıb ki, onların ölkədən çıxarılması ailə başçısının bunu istəmədiyi üçün hələlik mümkünsüzdür.
Ahıl qadın Yəməndə qalan qızı və nəvələrinə görə narahatdır. Validə Rəhimzadə söyləyir ki, qızı Nazilə əslən yəmənli həyat yoldaşı və iki qızı ilə birgə 23 ildir ki, Sənada yaşayırmış. Ailə həyatı qurduqdan sonra Yəməndə yaşamağa qərar veriblər. Lakin indi ölkədəki müharibə vəziyyəti ailəni çətin duruma salıb. Azərbaycanlı ailənin həyatı təhlükədədir, sonuncu dəfə telefon əlaqəsi saxladığında qızı bildirib ki, gündüzlər sakitlik olsa da, gecə şəhər bombardman edilir. Sənada kommunal problemlər var, elektrik enerjisi kəsilib.

Validə Rəhimzadə dünən qızına zəng etdiyini deyir: “Qızdan soruşdum ki, gəlmək istəyirsən? Cavab verdi ki, "hə". Atalarına görə orada qalıblar”.

Hazırda Sənada yaşayan Nazilə Rəhimzadənin sənədləri qaydasında deyil. Üstəlik yəmənli həyat yoldaşı Bakıya gəlmək istəmir. Ata həmçinin qızları Rim və Səbinənın Azərbaycana gəlməsinə icazə vermir.

Validə xanım söyləyir ki, ailənin Yəməndən təxliyə edilməsi üçün səfirliyə müraciət edib. Sonuncu dəfə bildirilib ki, Türkiyə Ərəbistandakı səfirliyini bağlayıb. Lakin Rusiya səfirliyi vasitəsilə ailə Sənadan təxliyə oluna bilər.

Azərbaycanın Yəməndə də akkreditə olunmuş Səudiyyə Ərəbistanındakı səfirliyinin 2-ci katibi, konsul Emil Qasımzadə bildirib ki, həmin ailə ilə əlaqə saxlanılıb. Təxliyə olunmaq istəyirlərsə, dərhal müraciət etsinlər.

“Sözügedən ailəyə bizim vətəndaşlar bildiriblər ki, təxliyə olunmaq istəyirsinizsə, o zaman Türkiyə və ya Rusiya tərəfdən qeydiyyatdan keçin. Onlar tezliklə qeydiyyatdan keçəcəklərini desələr də sonradan telefona cavab verməyiblər, telofonu söndürüblər. Eyni zamanda onlara ünvanlanan mesajlar belə cavabsız qalıb. Onlara biz öncədən də xəbərdarlıq etmişdik”.

Bu arada Yəməndən Türkiyə səfirliyi vasitəsilə təxliyə olunaraq İstanbula gələn 7 azərbaycanlının Bakıya gəlməsində problem yaranıb. Həmin şəxslərdən biri Fuad İmamquliyev bildirib ki, münasib qiymətə bilet ala bilmirlər.

Azərbaycanın İstanbulda baş konsulu Həsən Zeynalov isə bildirib ki, onlara bilet ala bilməmələri barədə heç kim müraciət etməyib. Müraciət edəcəkləri təqdirdə konsulluq onlara köməklik etməyə hazırdır.




Teqlər:





Xəbər lenti