Gəmidə batan azərbaycanlının faciəsi: “Çörək dalınca getmişdi...”
Bildirilib ki, M.Səfərov Rusiyada balıqçılıqla məşğul olurmuş: “Məhəmməd 20 il olar ki, Rusiyada işləyirdi. O Rusiyaya çörək dalınca getmişdi. Onlar gəmi ilə ova çıxırdılar. Balıq ovu ilə məşğul idilər. Məhəmmədin iki qardaşı da hazırda orada işləyir. Amma gəmi batan zaman qardaşları yanında olmayıb. Başqa gəmidə olublar. Məhəmməd şirkətdə işləyirdi. Həmin şirkətin gəmiləri isə okeanda üzürlər. Tutulan balıqları isə helikopterlərlə Saxalin şəhərinə aparırdılar”.
Dənizdə boğularaq ölən soydaşımızın 3 övladı var.
“Onların biri qız, ikisi oğlandır. Qızı ali məktəbdə təhsil alır. İki oğlu isə hazırda hərbi xidmət çəkirlər. Məhəmmədin ailəsi də rayonda yaşayır. O, ildə bir dəfə məzuniyyət götürüb ailəsinin yanına gəlirdi. Məhəmmədin atası yataq xəstəsidir. Onun cənazəsini Əlilabad qəsəbəsinə gətirəcəklər”.
Qeyd edək ki, Oxot dənizində “Dalni Vostok” balıqçı gəmisinin 132 nəfərdən ibarət heyətinin 78-nin Rusiya, 54-nün isə başqa ölkələrin vətəndaşları olduğu bildirilib.
Qəza nəticəsində 56 nəfərin öldüyü, 13 nəfərin itkin düşdüyü açıqlanıb. Gəminin heyəti arasında 7 nəfər azərbaycanlıdan dördü xilas edilib.
Onlar Mayılağa Talıbov, Elman və Yaşar Əliyev qardaşları, İmaməddin Sadıqovdur. Gəmi batan zaman suda boğularaq ölənlərdən bir isə Zaqatala rayon sakini 51 yaşlı Səfərov Məhəmməd səfər oğludur.
Hafiz Əhmədov