XİN Nalbandyanın cavabını verdi

XİN Nalbandyanın cavabını verdi
  08 Aprel 2015    Oxunub:1718
"Ermənistanın xarici işlər nazirinə xatırlatmaq istərdik ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə əlaqədar ATƏT-in Minsk qrupunun həmsədrlərinin mövqeyi həmsədrlərin mandatına dair 1995-ci il Budapeşt sənədində qeyd olunduğu kimi beynəlxalq hüquq, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanır".
AzVision.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanın xarici işlər naziri Eduard Nalbandyanın Moskvada keçirdiyi mətbuat konfransında söylədiyi fikirləri şərh edərkən bildirib.

XİN rəsmisi bildirib ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrində isə Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, qeyd-şərtsiz və tam çıxarılması tələb olunur:

"Əgər Ermənistanın xarici işlər naziri iddia edirsə ki, Ermənistanın münaqişənin həllinə dair mövqeyi beynəlxalq ictimaiyyət və ATƏT-in Minsk qrupunun həmsədrlərinin mövqelərinə uyğundur, onda Ermənistan öz işğalçı qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı və böyük sülh sazişi üzərində işə başlamalıdır. Sual olunur ki, bəs onda Ermənistan böyük sülh sazişi üzərində işə başlamaqdan niyə imtina edir və bununla əlaqədar ATƏT-in Minsk qrupunun həmsədrlərinin ən yüksək səviyyədə olan çağırışlarını niyə rədd edir?"

Onun sözlərinə görə, Ermənistanın xarici işlər naziri bu bəyanatla əslində ölkəsinin rəhbərliyinin danışıqlar prosesində yalan və möhtəkirlik əsasında yürütdüyü siyasətini bir daha ifşa edir: "Ona görə də məqsədyönlü şəkildə danışıqlar prosesini pozan və Azərbaycana qarşı işğal və təcavüz nəticəsində yaranan mövcud status kvonu saxlamağa çalışan Ermənistana münasibətdə sülhə məcburedici mexanizmlər, o cümlədən sanksiyaların tətbiq edilməsi ciddi surətdə nəzərdən keçirilməlidir".


Teqlər:  





Xəbər lenti