“Abbas Abbasov Heydər Əliyevə xəyanət edib” – Keçmiş dövlət müşaviri

“Abbas Abbasov Heydər Əliyevə xəyanət edib” – Keçmiş dövlət müşaviri
  09 Aprel 2015    Oxunub:27253
“Abbas Abbasov Rusiyanın itaətində, tabeçiliyində olan bir adamdır. O, prezident seçkiləri ərəfəsində “Milyarderlər İttifaqı”nı yaratmaqla hakimiyyətə qarşı çıxdı”.

Bu fikirləri AzVision.az-a açıqlamasında keçmiş dövlət katibi, politoloq Qabil Hüseynli deyib.

“AzərRos” üzvlərinin prezident İlham Əliyevə ünvanladığı müraciətə münasibət bildirən Q.Hüseynli hesab edir ki, şikayətlər heç də təsadüf deyil.

Keçmiş dövlət katibinin fikrincə, Abbas Abbasov Rusiyadakı bəzi dairələrin əlində siyasi alətə çevirilib:

“Abbas Abbasov Azərbaycanda prezident seçkiləri ərəfəsində “Milyarderlər İttifaqı”nı yaratmağa cəhd etdi. Bu isə Azərbaycanda hakimiyyət dəyişikliyi üçün edilən cəhdlərdən biri idi. Bu cəhd Rusiyanın xeyir-duası ilə edilirdi. Amma baş tutmadı. Abbas Abbasovun 70-ə yaxın yaşının olmasına baxmayaraq, siyasi ambisiyalarından əl çəkmir. O, hələ də söz sahibi olmaq və mövqe tutmaq niyyətindədir.

Abbasov öz niyyətinə çatmaq üçün Rusiyadakı müəyyən dairələrin dəstəyindən də istifadə etməyə çalışır. Bu məsələdə xüsusilə Dağıstanın Dövlət Şurasının sədri Ramazan Abdullatipov ona köməklik göstərir. Bu işdə rəsmi Kremldə müəyyən dairələrinin əlinin olması da mümkündür”.



Q.Hüseynlinin sözlərinə görə, Abbas Abbasov qısa müddət ərzində həm “AzərRos”da, həm də Rusiyadakı Azərbaycanlıların Diasporunun alternativ qanadında tamamilə islah olundu.

“Onun məkrli niyyətləri hər kəsə bəlli oldu. Ona görə də onu bəh-bəhlə Ağsaqqalar Şurasının sədrliyinə gətirdilər. Sonra da çox biabırçı formada da qovdular.

Əsil “AzərRos”un başında duran adamlar, onu yaradanlar başqa şəxslərdir. Onlar illərlə əziyyət çəkib təşkilatın strukturunu yaradıblar. İndi Abbas Abbasovun tutduğu yerdən əl çəkmək istəməməsi nə yaşına, nə də ki, saç-saqqalına yaraşır”-deyə politoloq vurğulayıb.

Politoloq hesab edir ki, Abbas Abbasov Azərbaycanla bağlı məkrli niyyətlərini gizlətmir və onun siyasi hakimiyyətə qarşı münasibəti loyal olmayıb:

“Abbas Abbasov Azərbaycanda bir daşı bir daşın üstünə qoymuş adam deyil. O, həyatının çox hissəsini Özbəkistanda keçirib. Mən onunla bir yerdə işləmişəm. Bütün hərəkətlərini də izləmək imkanına malik olmuşam. Belə hesab edirəm ki, Abbas Abbasov heç vaxt Azərbaycan siyasi hakimiyyətinə və Heydər Əliyevə qarşı loyal münasibətdə olmayıb. Onun münasibətlərinin hamısı üzdə olub. Arxada isə tamam başqa adam olub. Abbas Abbasov bildirir ki, o Heydər Əliyev yolunu davam etdirir. Əslində o, bu addımı ilə Heydər Əliyevə, Azərbaycan hakimiyyətinə xəyanət edib. Onun ağılı-kamalı başında olsaydı və Azərbaycana hörmət bəsləyirdisə, vaxtında bura gələrdi. Azərbaycan dövləti onun üçün pensiya ayırıb. Pensiyasını alıb yaşayardı. O, Azərbaycandan lazımından da artıq yararlanmış bir adamdır. Onun bu dövlətin əlehinə çıxmağa heç bir mənəvi haqqı yoxdur”.

Qeyd edək ki, “AzərRos” Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin bir qrup üzvü prezident İlham Əliyevə baş nazirin keçmiş birinci müavini Abbas Abbasovdan şikayət məktubu göndəriblər.

Hafiz Əhmədov


Teqlər:  



Xəbər lenti