“Neftin ucuzlaşması bizə təsir etməyib” - Prezident

“Neftin ucuzlaşması bizə təsir etməyib” - Prezident
  10 Aprel 2015    Oxunub:2249
“Dünyada neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi bizim ümumi dinamik inkişafımıza təsir etməyib”.

AzVision.az xəbər verir ki, bu sözləri prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Dövlətimizin başçısı ölkədə inflyasiyanın aşağı səviyyədə qaldığını, istehlak bazarına tam nəzarət edildiyini, əhalinin pul gəlirlərinin 5,3 faiz olduğunu da diqqətə çatdırdı.

Birinci rübdə də regionlarda müsbət meyillərin davam etdiyini, 30 minə yaxın yeni iş yerinin yaradıldığını deyən Prezident İlham Əliyev bildirdi ki, ölkədə sosial məsələlərin həlli yenə də diqqət mərkəzindədir. Hazırda 20-dən çox tibb müəssisəsinin tikildiyini və ya təmir olunduğunu, əhalinin müayinədən keçirilməsi prosesinin davam etdirildiyini deyən dövlətimizin başçısı bu il dövlət investisiya proqramının geniş olduğunu, zəruri layihələrin icrasının nəzərdə tutulduğunu vurğuladı, ölkəmizdə həyata keçirilən islahatların aparıcı beynəlxalq maliyyə qurumları tərəfindən yüksək qiymətləndirildiyini bildirdi.

Ölkəmizin beynəlxalq nüfuzunun artdığını, Azərbaycanın dünya birliyinin dəyərli və etibarlı üzvünə çevrildiyini deyən Prezident İlham Əliyev yürüdülən xarici siyasətin çox çevik və fəal olduğunu diqqətə çatdırdı. Məhz bunun sayəsində son illərdə bölgədə yaşanan böhranlardan ölkəmizin itkisiz çıxdığını deyən dövlətimizin başçısı qeyd etdi ki, bu gün Azərbaycan dünya miqyasında böyük hörmətə malik
ölkə kimi tanınır.

AzVision.az


Teqlər:  



Xəbər lenti