General Əsədullayev oğlunu özü tutdurub - Deputat

  11 Aprel 2015    Oxunub : 4073
General Əsədullayev oğlunu özü tutdurub - Deputat
Millət vəkili, hüquq müdafiəçisi, Çingiz Qənizadə DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayevin həbsi ilə bağlı bəzi təfərrüatları açıqlayıb.
AzVision.az xəbər verir ki, "Qafqazinfo"ya açıqlamasında deputat Tamerlanın həbsi haqqında yayılan məlumatların həqiqət olduğunu deyib:

"Mətbuatda bununla bağlı xeyli müzakirələr gedir. Qeyd edim ki, Tamerlanın həbsini onun atası Şərif Əsədullayev özü xahiş edib. Belə ki, hadisəni eşidən kimi o, polis orqanları ilə əlaqə saxlayıb və bu barədə məlumat verib. Sözügedən hadisə Azərbaycanda qanunun aliliyini göstərən bir faktdır. Bu, bir azərbaycanlı məmurdan digərinə nümunədir".

Çingiz Qənizadə həbsin səbəbləri ilə bağlı da danışıb:

"Tamerlan dostları ilə müəyyən bir məkanda olduğu zaman dava-dalaş baş verib. Və Şərif Əsədullayevin oğlu da bu xuliqanlıq hadisəsinin iştirakçısına çevrilib. Şərif 30 ildən artıqdır ki, polis orqanlarında çalışır. Belə hadisələrin günahkarlarının istintaqa cəlb edilməsi üçün işlər görüb, onun bu addımı digərlərinə örnək olmalıdır. Məmurlar qanunu pozan övladlarını cəzadan uzaqlaşdırmaq üçün qapı-qapı gəzmək əvəzinə onları məsuliyyətə cəlb etsinlər".

Millət vəkili baş verən hadisəni Tamerlan Əsədullayevin ailəsindəki vəziyyətlə də əlaqələndirib:

"Şərif Əsədullayevin iki oğlu var. Onun biri Əli Əsədullayev bir neçə dil bildir, yüksək təhsillidir. Tamerlan isə anası Nargilə xanım dünyasını dəyişəndən sonra sadəcə ana nəzarətindən kənarda qalıb. Görünür ki, onun bu sərbəstliyi, ailə nəzarətinin olmaması onun müəyyən qruplarla oturub-durmasına şərait yaradıb".

Teqlər: