Prezidenti narahat edən problem necə həll ediləcək?

Prezidenti narahat edən problem necə həll ediləcək?
  12 Aprel 2015    Oxunub:3467
Prezident İlham Əliyev Nazirlər Kabinetinin sonuncu iclasında bir sıra ciddi məqamlara toxundu. Ölkə başçısı çıxışında dərman preparatlarının qiymətinə xüsusi diqqət yetirərək bu sahədə ciddi addımlar atılacağını, qiymətlərin kəskin şəkildə ucuzlaşacağını bəyan etdi.

Prezident məsələ ilə bağlı ciddi göstərişlər verdiyini, dərman bazarındakı özbaşınalığın qısa müddətdə aradan qalxacağını bildirdi: “Mənim narahatçılığım eyni zamanda dərman preparatlarının qiymətləri ilə bağlı idi. Xüsusi göstəriş vermişdim ki, bütün apteklərdə ciddi nəzarət təşkil edilsin və qiymətlərin qalxmasına imkan verilməsin. Eyni zamanda onu da deməliyəm ki, dərman preparatlarının bazarı əfsuslar olsun ki, Azərbaycanda müəyyən dərəcədə nəzarətdən kənarda qalmışdı. Bu, əslində dözülməz bir hal idi”.

İlham Əliyev Nazirlər Kabinetinin iclasında dərman bazarındakı qiymət artımından da narazılığını dilə gətirdi.

“Gördük ki, bu sahədə çox böyük pozuntular, uyğunsuzluqlar var. Bəzi hallarda dərmanların qiyməti bir neçə dəfə, bəzi hallarda on dəfə şişirdilir. Yəni burada tamamilə özbaşınalıq və anarxiya hökm sürürdü. Kim dərmanı hansı qiymətə istəyirdi, o qiymətə də satırdı. İnsanlar da məcbur olub o dərmanları alırdılar, böyük vəsait xərcləyirdilər, xüsusilə pensiyaçılar ki, onlara daha çox dərman lazımdır.

Ona görə mən Səhiyyə Nazirliyinə, İqtisadiyyat və Sənaye Nazirliyinə göstəriş vermişəm ki, bu sahədə vəziyyət tamamilə nəzarətə götürülsün. Eyni zamanda hökumətə tapşırmışam ki, ciddi nəzarət olmalıdır və indi yeni mexanizm işlənilir. Ümid edirəm ki, bir neçə aydan sonra biz bu mexanizmi tətbiq etməyə başlayacağıq. İnsanlar bunu gündəlik həyatda görməlidirlər. Qiymətlər qalxmamalıdır. Hesab edirəm ki, bəzi dərmanların qiymətlərində kəskin azalma da olacaq”.

Prezidentin həssaslıqda yanaşdığı bu problem necə həll ediləcək, yaxud dərmanların qiymətinin tənzimlənməsi üçün hökumət hansı addımları atacaq?

Milli Məclisin deputatı Vahid Əhmədov ölkə başçısının qaldırdığı problemin gündəmdə olduğunu deyib. Deputat bildirib ki, hazırda dərmanların qiyməti ilə məsələyə hökumətdə baxılır.

“Prezidentin dərmanların qiyməti ilə bağlı qaldırdığı məsələni müzakirə edib, qərar qəbul etmişik. Qərara uyğun olaraq Azərbaycan hökuməti normativ sənəd və qərar verməlidir”.

Deputat problemdən çıxış yolunu da təklif edib: “İndi hazırda bunun üzərində işlər gedir. Yəqin ki, yaxın günlərdə qərar veriləcək. Bu məsələ Milli Məclisdə müzakirə olunan zaman təklif etdim ki, dərman qiymətlərinin yuxarı həddini müəyyən edək. Yuxarı həddi müəyyən etsək, bütün apteklər biləcək ki, o qiymətdən yuxarı dərman satmaq olmaz. Aşağı neçəyə istəsələr sata bilərlər. Bu qiymətləri yerləşdirək internet səhifələrinə hamı məlumatlı olsun. Dərmanların qiyməti mütləq tənzimlənməlidir. Bu çox ciddi məsələdir”.

Millət vəkili hesab edir ki, manatın devalvasiyasından sonra dərmanların qiymətində də kəskin artımlar müşahidə olunur. Bununla əlaqədar cənab prezident də göstəriş verib. Çox ciddi məsələdir və qısa zamanda öz həllini tapmalıdır”.

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli isə bildirir ki, dərmanların qiymətinin tənzimlənməsi və aşağı salınması ilə bağlı bəzi addımlar atılacaq.

Komitə sədrinin fikrincə, ölkədə dərmanların ucuzlaşması üçün bəzi problemlər həll olunmalı, ilk növbədə, dərmanların daxildə geniş istehsalı təşkil edilməlidir:

“Azərbaycan bazarındakı dərmanların böyük əksəriyyəti xarici ölkələrdə istehsal olunur. Bu da təbii ki, özünü qiymətdə göstərir. Ona görə də ölkədə dərman istehsalının təşviq olunması üçün addımlar atılmalıdır. Azərbaycanda adicə yodu xaricdən gətirirlər. Halbuki onu Neftçalada da istehsal etmək olar. Bunun üçün orada lazımi baza var. Dərman istehsalı sahəsi ölkədə inkişaf etdirilməlidir. Bizim gözəl təbiətimiz var. Burada yüzlərlə dərman bitkisi bitir. Onlardan xeyli dərman hazırlamaq olar”.

Baş nazirin müavini, YAP-ın icra katibi Əli Əhmədov da çıxışlarında bu məsələnin vacib olduğunu qeyd edib. Onun fikrincə, Azərbaycanda satılan dərman vasitələrinin həm keyfiyyətinə nəzarət ciddi şəkildə artırılmalı, həm də onların qiymətinin süni şəkildə artırılmasının qarşısı alınmalıdır.

"Dərman haqqında" Azərbaycan Respublikasının qanunda dəyişiklik edilib. Güman edirəm ki, müvafiq proseduradan sonra Nazirlər Kabineti tərtəfindən normativ hüquqi sənəd hazırlanacaq".

YAP-ın icra katibi bildirib ki, hazırda bu barədə lazımi tədbirlər görülür.

Qeyd edək ki, manatın devalvasiyasından sonra bəzi işbazlar ərzaq məhsulları ilə yanaşı dərman preparatlarının da qiymətini qaldırmışdı. İqtisadiyyat və Sənaye Nazirliyi rəsmi açıqlamasında süni qiymət artımın qarşısının alındığını bildirmişdi. Nazirliyin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev sözlərinə görə, görülmüş tədbirlər nəticəsində dərman preparatlarının satış qiyməti əvvəlki səviyyəyə qaytarılıb.

Nazirlər Kabinetinin 2014-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir ki, hazırda Azərbaycanda dövlət qeydiyyatında 4563 adda dərman var və onlar dövlət reyestrinə daxil edilib.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti