“General oğlunu yaxşı edib tutdurub” - Deputat

“General oğlunu yaxşı edib tutdurub” - Deputat
  13 Aprel 2015    Oxunub:4817
“Kimin övladı olmasından asılı olmayaraq, qanunsuz əməl törədibsə, o məsuliyyətə cəlb olunmalıdır. Biz bu məsələləri ictimai həyatda adiləşdirməliyik”.

Bunu AzVision.az-a açıqlamasında millət vəkili Zahid Oruc general-mayor Şərif Əsədullayevin qanunsuz əməl törədən oğlu Tamerlan Əsədullayevi həbs etdirməsinə münasibət bildirərkən deyib.

Deputatın sözlərinə görə, hansısa bir vəzifə daşımayan, orta imkanlı vətəndaşın övladının cinayət törətdiyi halda onun məhkəmə qarşısında dayanması təmin edilirsə, başqa insanlar üçün də belə olmalıdır:

“Bu halda biz həqiqətən də ictimai münasibətlər sistemini inkişaf etdirmiş olacayıq. Həqiqətən də qanun hamının üzərində bərabər tətbiq olunduğunu göstərmək imkanımız olacaq. Beləliklə bizdən sonra gələn nəsilin də normal böyüməsini təmin edəcəyik.

İstəmirəm ki, cəmiyyətdə məmur övladı anlayışı narazılıqlarla qarşılanmış olsun. Hər kəs üçün bəlli olmalıdır ki, məmur övladının da qanun qarşısında cavabdehliyi var. Digər tərəfdən həmin şəxs valideyninin gücü ilə hər hansı əməllərindən cavabdehlikdən kənarda qalmayacaq. Bu fikir nə qədər bərkimiş olsa, biz hüquqi cəmiyyət anlayışını yalnız bundan bərqərar etmiş olacayıq”.

Millət vəkili generalın öz oğlunu həbs etdirməsi xəbərini çox adi qarşılayıb: “Hesab edirəm ki, hər kəs belə etməlidir. Generalın öz oğlunu həbs etdirməsi düzgün addımdır Biz bilməliyik ki, övladlarımız hər hansı əməllərlə bu cür çıxış edirsə, özlərini digər həmyaşıdlarından üstün sayırlarsa, bunun zərbəsi bizə dəyməkdən daha çox cəmiyyətdəki münasibətlərin normalarını, davranış modellərini məhv edir. Bu hallar normal birgə yaşayışa zərbə vurur və bu yolverilməzdir. Çünki cəmiyyətdəki sabitlik həm də bundan asılıdır. Görəndəki kimsə atanın gücü ilə o hadisədən yayınır, bu sadə vətəndaş üçün diskriminasiya hadisəsinə çevrilir. Ona görə də , qanunsuz əməl törədən məsuliyyətə cəlb olunmalıdır”.

Qeyd edək ki, bir neçə gün öncə Bakının Yasamal rayonunda fəaliyyət göstərən “Senator” restoranında dava-dalaş baş verib, bir nəfər bıçaqlanıb.

Hadisədə təqsirli bilinən Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayev həbs edilib.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti