Attestatların verilməsinin yeni qaydası

Attestatların verilməsinin yeni qaydası
  24 May 2013    Oxunub:1333
“Azərbaycan Respublikasının Prezidenti Təhsil Nazirliyinin təşəbbüsünü dəstəkləyərək bir daha nümayiş etdi ki, o hər bir Azərbaycan vətəndaşının Prezidenti, hər bir məzun üçün bərabər imkanların yaradılmasının tərəfdarıdır”

Təhsil nazirinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciəti əsasında ölkə Prezidenti tərəfindən orta məktəbləri bitirən şagirdlərin hamısına attestatların verilməsi ilə bağlı Nazirliyin təklifinin araşdırılması prosesinin sürətləndirilməsi üçün tapşırıq verilib. AzVision.az-ın Təhsil nazirliyinin saytına istinadən verdiyi məlumata görə, tapşırıq əsasında müvafiq dövlət orqanları qısa müddət ərzində məsələnin araşdırılması prosesini yekunlaşdıraraq öz təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim ediblər.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 may 2013-cü il tarixli Qərarı ilə təhsil haqqında attestat və digər sənədlərin verilməsi ilə bağlı münasibətləri tənzimləyən qanunvericilik aktlarına müvafiq dəyişikliklər edilib. Qəbul olunan qərar əsasında illik qiymətlərdən asılı olmayaraq bütün 9-cu sinif şagirdləri buraxılış imtahanlarına buraxılırlar. Onlar həmçinin buraxılış imtahanında alınan qiymətlərdən asılı olmayaraq, yekun attestasiyanın nəticələrini özündə əks etdirən şəhadətnamə almaq hüququna malik olurlar.

11-ci sinif məzunları bütün fənlər üzrə müsbət illik qiymətlər (3 və daha yuxarı) almaq şərti ilə buraxılış imtahanlarına buraxılırlar. Bu kateqoriya məzunların attestat qiyməti 10 və 11-ci siniflər üzrə illik qiymətlər və imtahan nəticəsində alınmış qiymətlərin yuvarlaq orta qiymətidir. Bu qərar nəticəsində məzunların böyük əksəriyyəti üçün ölkənin ali və orta ixtisas təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək və sosial həyata aktiv şəkildə qoşulmaq imkanları yaranacaqdır.

Qeyd edilməlidir ki, 2010, 2011 və 2012-ci illərdə attestat
almayan şagirdlərin sayı müvafiq olaraq məzunların ümümi sayının 22, 24 və 10.5%-i qədər olub.

AzVision.az




Teqlər:  





Xəbər lenti