Milli Məclisdən Papaya sərt etiraz

Milli Məclisdən Papaya sərt etiraz
  14 Aprel 2015    Oxunub:1787
Milli Məclisin bu gün keçirilən növbəti plenar iclasında Roma Papasının qondarma “erməni soyqırımı” haqqında bəyanatı kəskin şəkildə pislənilib.

AzVision.az xəbər verir ki, iclasda çıxış edən Fazil Mustafa bildirib ki, haqq və ədalətə söykənməli olan bu dini lider saxtakarlığın yanında yer alır:

“Doğurdanmı ona bəlli deyil ki, Azərbaycanın 20 faiz torpağı işğal edilib, Xocalıda qətliam törədilib. Məgər Papa bunu bilmirmi? Bilirsə, niyə buna reaksiya vermir? Mən Papanı haqqın və ədalətin yanında olmağa dəvət edirəm”.

Daha sonra çıxış edən deputat Sabir Rüstəmxanlı isə bildirib ki, tarixən Roma Papası qondarma “soyqırım” siyasətini dəstəkləyib: “Soyqırım” siyasətinə önəm verənlərin əksəriyyəti elə oradan çıxıb. Roma Papası yeni fəaliyyətə başlamasına baxmayaraq, “soyqırım” ilə bağlı məqsədli fikirlər səsləndirməsi müsbət hal deyil".

S.Rüstəmxanlı qeyd edib ki, Roma papası Argentina əsillidir: “Orada isə erməni diasporu at oynadır. Görünür, bu məsələdə pul müəyyən rol oynayıb. Tarixçilər deyirlər ki, nə vaxt bu ərazidə 1,2 milyon erməni yaşayırdı, 1 milyon erməni qətlə yetirilib? Bəs, onların məzarı haradadır? İndi Argentinada yaşayan minlərlə erməni kimdir? Biz Türkiyənin yanında olmalıyıq. Milli Məclis adından müraciət etməliyik”.

Məsələyə münasibət bildirən spiker O.Əsədov isə Roma Papasının belə bir bəyanat verməsindən təəssüf etdiyini deyib: “Dünyada siyasətlə siyasətçilər məşğul olmalıdırlar. Din xadimləri siyasətə qatılmamalıdırlar. 100 il olan məsələdən danışırlar, amma 20 il əvvəl baş verən Xocalı haqqında danışmırlar”.

Spiker bildirib ki, Türkiyədə 1 milyon 200 min erməni yaşayıb, onların da 800 mini başqa ölkələrə köçüblər və bunun da sənədi var.

“İndi necə oldu ki, 1 milyon 200 min ermənini qırıblar? Bu, tarix məsələsidir. Təəssüf edirəm ki, Papa bu prosesə qatılıb. Məncə, ona müraciət etməyin mənası yoxdur. Onlar erməni katolikosunu özlərinə kardinal hesab edirlər. Məsələ aydındır”

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti