`Həyat tərzimiz dəyişməyib` - Birinci xanım (FOTOLAR)

`Həyat tərzimiz dəyişməyib` - Birinci xanım (FOTOLAR)
  14 Aprel 2015    Oxunub:13350
Gürcüstanın birinci xanımı Maka Çiçuanın “Nargis” Georgia jurnalına verdiyi eksklüziv müsahibəni sizə təqdim edir. Xanım Çiçua müsahibəsində həyat yoldaşı, Gürcüstan prezidenti Georgi Marqvelaşvili ilə münasibətlərindən, yeni doğulan övladlarından, maraqlarından və digər mövzulardan danışıb.

Tbilisinin ən dəbli qadınlarından biri, rəssam və aktrisa Maka Çiçua ilə həyat yoldaşı uşaqları vasitəsilə tanış olublar. Bu hekayəni hamı bilir: Maka Çiçua ilə Georgi Marqvelaşvilinin qızları Maşo və Anna yaxın dostdurlar. Valideynlərinin evliliyindən sonra isə onlar əsl bacı oldular. Fevralın 2-də isə Gürcüstan prezidentinin ailəsində Teymuraz adını qoyduqları oğulları dünyaya gəldi.

Maka Çiçua üçün "birinci xanım" titulu ancaq rəsmi görüşlər zamanı keçərli olan bir vəzifədir. Bu, həqiqətən də belədir. Ətrafdakılarla münasibətdə və məişətdə onun üçün hər şey əvvəlki kimidir. Dəyişikliyi göstərən yeganə şey sarayda quraşdırılmış təhlükəsizlik kameralarıdır. "Vəzifə, hakimiyyət, material xoşbəxtlik insanın daxili vəziyyətini müəyyən etmir. Bu gün mən ölkənin birinci xanımıyam, ərim prezidentdir, ancaq bizim həyat tərzimiz bir il öncəki ilə müqayisədə dəyişməyib. Düzdür, bunun mənimlə də əlaqəsi var, çünki vəziyyətim ərimin vəzifəsini müəyyən edib, özüm isə bunun üçün heç nə etməmişəm, bu mənim nailiyyətim deyil" - deyə, Maka Çiçua bildirir.

Məsuliyyət, ictimaiyyət qarşısında hesabatlılıq hər bir birinci xanımın öhdəliyidir. Xanım Çiçuanın sözlərinə görə, məsuliyyətdən əlavə onu xüsusilə sevindirən yeni imkanlar da yaranıb. İndi o, ictimai həyata daha cəsur və qəti şəkildə qoşula, bütün həyatı boyu məşğul olduğu şeylərlə daha keyfiyyətli məşğul ola bilər.

Uşaqların, qadınların, heyvanların və təbiətin hüquqlarını qorumaq Maka Çiçuanın əsas prioritetləridir, ancaq o, özünü daha çox ekologiya problemləri ilə məşğul olmaqda görür. Birinci xanım bildirir ki, ölkədə ictimai düşüncə kifayət qədər aşağı səviyyədədir, inkişaf etmiş Avropa ölkələri isə bu mərhələni çoxdan keçib. Ancaq buna baxmayaraq, o hesab edir ki, başlamaq heç vaxt gec deyil. O, ekoloji təmiz mühitin müasir insan üçün hava kimi vacib olduğuna əmin olaraq, müvafiq təşkilatlar, mütəxəssislərlə müşavirələr keçirir, öz bilik və təcrübəsini tətbiq edir.

Prezident ailəsi Duşetidə (Gürcüstanda şəhər-red.), bağı olan evdə yaşayır. Bura Makanın kiçik təsərrüfatı da var. O, bostana özü qulluq edir və bəhrəsini də özü toplayır: "Biz insanlar mütləq torpağa qayıtmalıyıq. Bütün inkişaf etmiş ölkələr məhz bu istiqamətdə çalışır. Alimlər ekoloji faciədən qaçmaq üçün hər şeyi edirlər, dövlətlər bunun üçün milyonlar xərcləyirlər. Düşünürəm ki, bu prosesə Gürcüstan da qoşulmalıdır, özü də ki, bir çox digər ölkələrdən fərqli olaraq, bizdə bunun üçün yaxşı ehtiyatlar var. Mən öz ölkəmə və ictimaiyyətə bu istiqamətdə qulluq etmək istəyərdim, təkcə ona görə yox ki, bu mənim birinci xanım olaraq borcumdur, həm də ona görə ki, mən həqiqətən istəyirəm, uşaqlarımız daha yaxşı şərtlər altında yaşasınlar. Bu mənim səmimi arzumdur".

Duşetidəki evdə ölkənin birinci cütlüyündən başqa itləri Tori və Dzaqla, eləcə də Koti, Anfisa, Tiki və Knut adlı dörd pişiyi də yaşayır. Həyətdə vəhşi firəntoyuqlarını görmək olar, bağda isə Azərbaycanın Gürcüstandakı səfirinin hədiyyə etdiyi 80 nar tingi əkilib. Bu, Marqvelaşvili ailəsinin sahib olduğu yeganə evdir. Ev gözlənildiyindən qat-qat sadədir: kobud suvaqlanmış divarlar, taxta döşəmə, prezidentin özünün hazırladığı, birinci xanım tərəfindən bəzədilmiş stol və stullar var. Maka Çiçuanın sözlərinə görə, onun üçün ideal ev məhz bu evdir.
Maka Çiçuanın özündən 9 yaş kiçik olan qardaşı və rəssam anası var. O, anası tələbə olarkən dünyaya gəldiyi üçün uşaqlıqdan boyalarla, rəsm əsərləri ilə əhatələnib. İncəsənətə olan sevgi də ona irsən keçib. İxtisasca rəssam olmasına baxmayaraq, o kino və musiqidə sahələrində də aktiv şəkildə çalışır. "Anam rəssam idi, ancaq şəxsi yaradıcı məkanımı mən kifayət qədər azad şəkildə yaratmışam. Məni həmişə incəsənətdə baş verən proseslər maraqlandırırdı, bu sahənin təmsilçiləri ilə ünsiyyətdə olmağı, yeni şeyləri kəşf etməyi və bu yeniliklərdə özümü sınamağı sevirdim. Mənim üçün vacib olan harada başlamağı bilmək idi, sonrakı inkişaf isə bütövlüklə mənim işim idi", - deyə Maka Çiçua xatırlayır.

Aktrisalıq karyerasında başlamağı isə təsadüfən olub. Ona küçədə yaxınlaşaraq, filmdə çəkilməyi təklif ediblər və Maka razılaşıb. Birinci rolun ardınca ikincisi gəlib, aktyorluq fakültəsinə daxil olmaq istəyi və imkanı yaranıb, ancaq o, Rəssamlıq akademiyasını seçib: "Televiziyada çalışmalı, kinoda və foto-çəkilişlərdə iştirak etməli olmağıma baxmayaraq, kollektiv işi sevmirəm. Özümü müxtəlif sahələrdə sınamağa gəlincə, bu sadəcə enerjinin və özünüinkişafın paylaşdırılması üsuludur. İncəsənət sahələri arasında birinci yeri musiqiyə verərdim, çünki səsin qeyri-adi gücü var, onu hər bir halda eşidirsən və hiss edirsən".

Gürcüstan prezidentinin ailəsinin yeni üzvü Teymurazla bağlı danışarkən isə birinci xanım bunları dedi: "Mən daha yaxşı gələcəyə inanıram. Əgər biz gələcəkdən qorxsaq, indiki zaman da bütün mənasını itirəcək. Biz insanlar həmişə ən müxtəlif çağırışlar qarşısında dayanırıq, həmişə eşidirik ki, uşaqlarımız aclıq çəkir, ətrafda işsizlikdir, müharibələr, yeni viruslar yaranır və s. Bu təzyiqə təslim olsan, sən batdın. Daimi şikayətlər və ümidsizlik aqoniyanın ilkin şərtləridir. Ancaq alternativ də var - hər yeni günün sevincini yaşamaq, digər insanların, heyvanların, təbiətin qeydinə qalmaq və bundan zövq almaq. Almaniyalı dramaturq Fridrix Hebbell bir dəfə demişdi: "İctimaiyyət həmişə günəşin batmasına deyil, fişəngə əl çalmağa hazırdır. Amma ən böyük möcüzə hər səhər doğan və axşam bizlə vidalaşan günəşdir. Biz insanların həyatı şərtləndirən möcüzəsi var, buna görə də, biz onu dəyərləndirmək və ona minnətdar olmaq keyfiyyətimizi itirməməliyik. Mən də belə yaşayıram. Sadə yaşayan və öz xeyriyyəçiliyi ilə tanınan Uruqvay prezidenti Xose Muxikanı çox bəyənirəm, Nelson Mandela və ya Mahatma Qandi kimi vətəni və ya digər canlının həyatını özündən yüksəkdə saxlayan insanların heyranıyam. Məhz bu mənə həyat gücü və gələcəyə ümid verir".

Ölkənin əvvəlki birinci xanımı kimi Maka Çiçua da nadir hallarda ictimaiyyət qarşısına çıxır və ilk növbədə ancaq rəsmi tədbirlərdə görünür. Özü barədə ilk ictimai təəssüratı o, prezidentin inauqurasiya mərasimi zamanı yaratdı. Mərasimdə o Datuna Sulikaşvilinin tikdiyi geyimdə göründü. Birinci xanım protokol qaydalarına əməl etməyin zəruriliyi ilə tamamilə razıdır. Hesab edir ki, müəyyən edilmiş normalara əməl etmək təkcə onun deyil, ölkənin də imicində öz əksini tapır. (buro24/7az)

Qalereya




Teqlər:  





Xəbər lenti