Azərbaycan “Beeline” ilə əməkdaşlığı dayandırır

Azərbaycan “Beeline” ilə əməkdaşlığı dayandırır
  14 Aprel 2015    Oxunub:1810
“Mobil operator olaraq “Beeline” şirkəti bütün abonentlərinə münasib taariflərlə fərqli xidmətlər təqdim etməyə çalışır. Hər bir abonent isə şəxsi marağına uyğun şəkildə istifadə edəcəyi mobil operatoru seçmək hüququna malikdir”.
AzVision.az xəbər verir ki, bu barədə “Beeline-Ermənistan”ın Dağlıq Qarabağda fəaliyyət göstərməsi ilə bağlı APA-nın sorğusuna “Beeline” şirkətindən verilən cavabda bildirilir.

“Rusiyanın “Beeline” şirkəti Ermənistanın “ArmenTel” mobil şirkəti ilə “Beeline-Ermənistan” layihəsi çərçivəsində əməkdaşlıq edir. “Artsax Telekom” mobil operatoru ilə əməkdaşlıq isə “ArmenTel” abunəçiləri üçündür”, - deyə “Beeline”-nın cavabında qeyd edilir.

“Beeline” şirkəti ilə əməkdaşlıq edən “Azercell Telekom”dan APA-ya bildirilib ki, şirkət “Beeline” mobil operatoru ilə 1999-cu ildən əməkdaşlıq etsə də, MMC-nin Ermənistan və ya onun işğal etdiyi ərazilərlə heç bir rouminq bağlantısı yoxdur: “Müvafiq dövlət qurumları və Azərbaycanda fəaliyyət göstərən digər operatorlarla aparılan müzakirələrə uyğun “Azercell” hər hansı tədbirlərin həyata keçirilməsinə hazırdır”.

“Bakcell” şirkətindən isə APA-ya “Beeline” şirkətinə Dağlıq Qarabağda qanunsuz rabitə xidmətlərinin dayandırılmasını tələb edən narazılıq məktubu göndəriləcəyi bildirilib: “Təəssüf ki, mobil operator şirkəti olaraq “Bakcell” bu tip məsələlərdə başqa operatorların və digər xidmət təchizatçılarının sözügedən fəaliyyətinə təsir göstərə bilmir”.

Qeyd edək ki, “Beeline” şirkətinin təqdim etdiyi rouminq xidmətinə əsasən Ermənistandan Dağlıq Qarabağa gedən “ArmenTel” abunəçiləri xüsusi endirimli taariflərlə mobil telefon xidmətlərindən yararlanacaqlar. Azərbaycanda isə bəzi ictimai təşkilatlar və bir qrup gənc fəal “Beeline” şirkətinə boykot elan edərək, Azərbaycanın yerli mobil operatorlarını şirkətlə əməkdaşlığı dayandırmağa çağırıb.


Teqlər:





Xəbər lenti