100-dən çox avtobus sürücüsü işdən çıxarıldı - VİDEO

100-dən çox avtobus sürücüsü işdən çıxarıldı - VİDEO
  14 Aprel 2015    Oxunub:3120
Avtobus qəzalarının azalması üçün mütəmadi olaraq aparılan reydlərdə 100-dən çox sürücü işdən kənarlaşdırılıb və sahibkarlara töhmət verilib.
AZVisionaz ANS TV-ə istinadən xəbər verir ki, son zamanlar avtobus və yük maşınlarının iştirakı ilə baş verən qəzalarda ölənlərin sayı xeyli artdıb. Bir-birinin ardınca baş verən bu cür hadisələrdə həyatını itirən kim, sağlamlığı təhlükə altında qalan kim. Əgər bu qəzaların bir qismi sürücü səriştəsizliyindən irəli gəlirsə, digər bir qismində marşurut xətt sahiblərinin böyük rolu var. Çünki sahibkarlar bəzən avtobusda sükandan başqa heç nəyi tanımayan şəxsləri işə götürürlər, üstəlik onlara gündəlik elə bir plan qoyurlar ki, nəticədə də sürücü dəfələrlə yol hərəkət qaydalarını pozur. Həm özünün, həm də başqalarının həyatını riskə ataraq. Nəqliyyat nazirliyi isə bu cür sürücülərə, eləcə də sahibkarlara qarşı cəza tədbirləri gördüyünü deyir. Amma nəticə hələ də qənaətbəxş deyil.

NN-in mətbuat xidmətinin rəhbəri Namiq Həsənov deyir ki, reydlər zamanı onlarla sürücü xətdən kənarlaşdırılıb, bəzi sürücülərə isə ciddi xəbərdarlıq edilib. Reydlərin məqsədi avtobusları peşəkar sürücülərə həvalə etməkdir.

Sürücülük vəsiqəsi və tibbi arayışı düzgün olmayan sürücülər işə götürülməməlidir.

Baş verən avtobus qəzalarına daha təəccüblənmirik. Çünki az qala gündə bir neçə yerdə avtobus sürücülərinin törətdiyi qəzaların şahidi oluruq. Son bir həftədə təkcə dairəvi yoldi iki belə hadisənin baş verməsi, eyni zamanda paytaxtın Qaradağ rayonunda 3 sərnişin avtobusunun toqquşması buna əyani sübutdur. Bu tip hadisələri qaçılmaz edən əsas səbəblərsə yüksək sürətlə idarə etmə, digər nəqliyyat vasitələri ilə ötüşmə, düzgün manevr etməmədir. Ekspertlər sürücülük vəsiqəsi olmayan, sağlamlığında hər hansı bir problem yaşanan sürücüərin işdən uzaqlaşdırılmasını, onların daha peşəkarları ilə əvəz edilməsini vacib sayırlar.

Ekspert Ərşad Hüseynov bildirib ki, sürücüləri işə qəbul edərkən onların peşə hazırlığına xüsusi diqqət yetirilməlidir. Bundan əlavə hər bir sürücü reysə çıxmamışdan qabaq tibbi müayinədən keçməlidir.

Düzdür Dövlət Yol Polisi tərəfindən təşkil olunan reydlərdə avtobus sürücüləri də az hədəfə çevrilmir. Dəfələrlə yol polisinin sürücünü və sərnişinləri avtobusdan düşürərək nəqliyyat vasitəsini cərimə meydançasına apardığını şahidi olmuşuq. Buna səbəbsə çox vaxt sürücülər tərəfindən pozulan yol hərəkət qaydaları, nəqliyyat vasitəsinin sənədsiz idarə olunmasıdır. Bu cür şəxslər işdən uzaqlaşdırılmalı olduğu halda çox təəssüf ki, səhərisi eyni mənzərə ilə yenidən rastlaşırıq. BŞDYPİ-i isə mübarizə tədbirlərinin aparılmasına rəğmən bu cür qəzaların sayında azalma əvəzinə artımın olduğunu deyirlər.

BŞDYPİ-nin mətbuat xidmətinin rəhbəri Kamran Əliyev qeyd edir ki, avtobus sürücüləri tərəfindən 29 yol-nəqliyyat hadisəsi törədilib. Nəticədə 12 nəfər həlak olub, 34 nəfər isə yaralanıb. Ötən illə müqayisədə avtobus sürücüləri tərəfindən törədilən qəzalarda 10, ölənlərdə 2, yaralananlarda isə 17 fakt artım müşahidə olunur.

Hər halda bu sahəyə nəzarət lap çox gücləndirilməlidir ki, qəza və ölənlərin rəqəm sayı azalsın. Bu isə sürücülərdən daha çox məsul şəxslərin asılıdır.




Teqlər:





Xəbər lenti