Füzuli Ələkbərovun təşəbbüsü uğurlu alındı

 Füzuli Ələkbərovun təşəbbüsü uğurlu alındı
  24 May 2013    Oxunub:1265
70-ə yaxın müraciət cavablandırıldı
Mayın 24-də Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Fizuli Ələkbərov Nazirliyin rəsmi facebook səhifəsi vasitəsilə vətəndaşlar tərəfindən ünvanlanan müraciətləri cavablandırıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, qeydə alınmış ümumilikdə 70-ə yaxın artıq müraciətin cavablandırılması zamanı onların bir qisminin sorğu xarakterli olmaları səbəbindən həmin müraciətlərin müəlliflərinə izahat məzmunlu cavablar göndərilib.

Digər bir sıra müraciətlərdə əksini tapan məsələlərin qısa vaxt ərzində araşdırılması və nəticədən asılı olaraq müvafiq tədbirlər görülməsi barədə aidiyyati struktur bölmələrinə tapşırıq verilib və bu barədə müraciət müəllifləri məlumatlandırılıb. Bir qism müraciətlərdə isə nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlər ifadə olunduğundan onların aidiyyatı üzrə qurumlara göndərilməsi tövsiyə olunub. Müraciətlərə baxılması zamanı ayrı-ayrı vətəndaşların xahişi nəzərə alınaraq onların aktiv sosial müdafiə tədbiri olan «Özünədəstək» proqramına cəlb olunmaq üçün müvafiq potensiallara malik olub-olmamalarının araşdırılması tapşırılıb. Tədbirin davamı kimi, nazir Fizuli Ələkbərov Gəncə bölgəsində yaşayan daha 4 nəfər vətəndaşı videokonfrans sistemi vasitəsilə distant formada qəbul edib. (Həmin şəxslərdən biri Nazirliyin rəsmi facebook səhifəsi vasitəsilə nazirə müraciət etmişdi.) Bu tədbir, habelə 22 may saat 15:00-dan 23 may saat 15:00-a kimi müraciətlərin qəbul ediləcəyi barədə əvvəlcədən KİV-də məlumatlar yerləşdirilib. Son iki gün ərzində bu xəbər təkcə Nazirliyin rəsmi facebook səhifəsi üzrə ümumilikdə 10 500-dən çox izləyici tərəfindən oxunub, belə tədbirin təşkili 4200-dək izləyici tərəfindən bəyənilib, habelə 90-a yaxın təşəkkür mesajı qeydə alınıb. Ümumilikdə 100-ə yaxın müraciət ünvanlansa da, onların bir qismi müraciətin məzmununun anlaşılmaması, müraciət müəllifinin ad və soyadının, ünvanının bildirilməməsi, yaxud tam ifadə olunmaması və s. səbəblərdən qəbul edilməyib.

“Qeyd edək ki, sosial şəbəkə vasitəsilə vətəndaş müraciətlərinin qəbul olunaraq cavablandırılması bu sahədə ilk addım olmaqla, vətəndaşların nazirliyə, habelə nazirliyin rəhbər şəxslərinə müraciət imkanlarının genişləndirilməsi istiqamətində görülən növbəti işlərdən biridir. Bununla yanaşı, nazir və nazirliyin digər rəhbər şəxsləri tərəfindən mütəmadi olaraq müxtəlif bölgələrdə vətəndaş qəbulları, habelə videokonfrans sistemi ilə distant formada qəbullar keçirilir, eyni zamanda, 142-Qaynar xətt, [email protected] və www.mlspp.gov.az sayti vasitəsilə vətəndaşların müraciətləri cavablandırılır”-deyə nazirlikdən bildirilib.

Azvision.az


Teqlər:  





Xəbər lenti