Bakıda saxta `soyqırım`a qarşı mitinq olacaq
Eyni zamanda, Hərəkat soyqırım iddiasından öz maraqları üçün istifadə edənlərə qarşı aksiya keçirəcək. 21 aprel saat 15:00-da Bakının fəvvarələr meydanında baş tutacaq dinc aksiya “soyqırım iddiası düşmənçilik yaradır!” şüarı ilə keçiriləcək.
Bəyanatda deyilir ki, tarixi prosesləri siyasi ritorikaya daşıyan qüvvələr barış prosesinə əngəl törədirlər: “Əgər birinci dünya savaşı zamanı baş verənləri soyqırım kimi xarakterizə etsək, erməni xalqına qisasçılıq hissi aşılamış olarıq. Bu halda da regionda sabitlik mümkün olmayacaq. Biz tarixdə baş vermiş olayların tarixçilər tərəfindən araşdırılmasının, hüquqi qiymətin siyasilər tərəfindən deyil, dövlətlərin və ya maraq qruplarının yox, arxivləri təhqiq edən mütəxəssislər tərəfindən verməsinin tərəfdarıyıq. Əks təqdirdə soyqırım iddiası düşmənçilik yaradır, Ermənistan-Türkiyə sərhədlərinin bağlı qalmasına xidmət edir, münaqişədə maraqlı olan tərəflərin lehinə işləyir.
Biz sülhsevər insanları, barış naminə birləşməyə, tarixi hadisələrə deyil, gələcəyə istiqamətlənən mesajlar verməyə, insanlığın təntənəsi üçün dialoq istiqamətində fəaliyyətləri daha da genişləndirməyə çağırırıq. Hər kəsi 21 aprel saat 15:00-da Bakının fəvvarələr meydanında baş tutacaq və “soyqırım iddiası düşmənçilik yaradır!” şüarı ilə keçirəcəyimiz dinc aksiyaya dəvət edirik”.