Keçmiş müavini Əli Kərimlini devirmək istəyir – Müsahibə

Keçmiş müavini Əli Kərimlini devirmək istəyir – Müsahibə
  16 Aprel 2015    Oxunub:2982
“İndiki durumda Əli Kərimliyə qarşı ciddi mübarizə aparmaq lazımdır ki, özü istefa versin. Mübarizə metodu bu olmalıdır, ona görə də mən oradakı narazı insanların istefa verməsini istəmirəm”
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini vəzifəsindən və partiya üzvülüyündən istefa verən Razi Nurullayev ötən gün “Yeni Demokratiya” adlı siyasi hərəkat yaradıb. Yeni hərəkatın fəaliyyət istiqaməti haqda AzVision.az-a danışan R.Nurullayev bildirib ki, təşkilatı işlər hələ də davam edir.

- Hərəkatla bağlı işlər qaydasındadır və təşkilati işlər görülür. Bu hərəkata nə vaxtsa siyasətdə olmuş və hazırda siyasətdə olan populyar insanları cəlb etmək fikrində deyiləm. Bəyanatımda da qeyd etdiyim kimi bu, demorkatiyanın imitassiyası yox, real hərəkat olmalıdır. Ona görə də burada hələ siyasətdə bərkiməyən yeni simalar, yeni siyasətçilər görmək istəyirəm və bu yöndə də işlər gedir. Mənim ən böyük xidmətim də Azərbaycan siyasətinə yeni simalar qazandırmaq olacaq.

- Qubad İbadoğlu da Müsavat Partiyasını tərk etdikdən sonra hərəkat yaratdı və onun tərəfdarları Müsavatdan ayrılaraq ADR-ə qoşuldular. AXCP-dən sizi kimlər dəstəkləyəcək. Sizin arxanızca gələn cəbhəçilər varmı?

- Azərbaycan Xalq Cəbhəsi Partiyasından heç kimi bu hərəkata qəbul etmək niyyətində deyiləm. Mən orada üzv olan zaman partiyadaxili demokratiyanın yaradılması və xalqa xidmət edən bir partiyaya çevrilməsi üçün çalışırdım.

Hesab edirdim ki, Əli Kərimli 3 dönəm partiya sədri olub və 4-cü dəfə sədr olmamalıdır. Bu gün də fikrimdə qalıram və düşünürəm ki, hazırda partiyada qalan insanlar mənim yanıma gəlmək əvəzinə, orada qalıb mübarizəni davam etdirməli və partiyanı daxildən dəyişməlidirlər. Partiyada rəhbərlik yenilənməlidir.

- Əli Kərimlidən narazı olan xeyli sayda cəbhəçi var. Onlar nə üçün hələ də AXCP sıralarında qalırlar, buna səbəb nədir?

- Hesab edirəm ki, oradan getmək istəyən kifayət qədər insan var. Bu barədə mənə dəfələrlə məlumat daxil olub, amma mən həmişə bunun qarşısını almışam və alacağam. İnsanlar oradan istefa verib getməməlidirlər. Partiyadan istefa vermək acizlik və zəiflik əlamətidir. AXCP-də elə insanlar var ki, narazı kəsimin istefa verməyini arzulayır, istəyirlər ki, partiya tamamilə onların inhisarında olsun.

Amma onların gedişinə mane olmaq lazımdır, mən də buna çalışıram. İnanıram ki, onların partiyanı içəridən dəyişməyə gücü çatacaq.

- Siz də partiyada tutduğunuz vəzifədən və üzvülükdən istefa vermisiniz. Bu addımı niyə zəiflik kimi qiymətləndirirsiniz?

- Məsələ burasındadır ki, mən öz xoşumla getmədim, qalıb dəyişikliklər etmək istəyirdim. Məni getməyə zorla məcbur etdilər, başqa yol mümkün olmadı. Onlar üçün də başqa yol mümkün olmayacaqsa, təbii ki, gedəcəklər.

Amma narazı qalıb getmək partiyadakı qeyri-sağlam qüvvələri gücləndirmək deməkdir. Bu baxımdan hesab edirəm ki, bu il partiyanın qurultayı keçirilə bilər və orada elə şərait yarana bilər ki, Əli Kərimli namizədliyini irəli sürməz. İndiki durumda Əli Kərimliyə qarşı ciddi mübarizə aparmaq lazımdır ki, özü istefa versin. Mübarizə metodu bu olmalıdır, ona görə də mən oradakı narazı insanlara istefa verdirmək niyyətində deyiləm.

Fatimə Kərimli


Teqlər:  



Xəbər lenti