SOCAR-dan kim təqaüd almaq istəyir?

SOCAR-dan kim təqaüd almaq istəyir?
  16 Aprel 2015    Oxunub:1857
TQDK Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ali təhsil müəssisələrinin tələbələri üçün təsis etdiyi xüsusi təqaüdün verilməsi üzrə müsabiqənin I mərhələsini keçirir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2015-ci il aprelin 19-da Azərbaycan Respublikası ali təhsil müəssisələrinin tələbələrinə ARDNŞ-nin təqaüd proqramına namizədlərin seçim imtahanının I mərhələsi olan test imtahanını keçirir.

İmtahan Bakı Dövlət Universitetinin I, II və Yeni tədris binalarında (Z.Xəlilov küç., 23) saat 11:00-da başlanır.

Namizədlər imtahana özləri ilə 2 sənəd gətirməlidirlər:

- şəxsiyyəti təsdiq edən sənədin əslini;
- “İmtahana buraxılış vərəqəsi"ni.

Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizədlər imtahana buraxılmayacaq. İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan namizədlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.
Qeydiyyat ARDNŞ tərəfindən aparılıb və 2181 nəfər qeydiyyatdan keçib. İmtahanın idarə olunması üçün 16 imtahan rəhbəri, 151 nəzarətçi-müəllim ayrılıb.

Test imtahanında namizədlərə məntiqi təfəkkürü yoxlayan 40 test (10-u açıq tipli test tapşırığı olmaqla) tapşırığı təqdim olunur. Sualların cavablandırılması üçün namizədlərə 1 saat vaxt verilir. Hər sual 1 balla qiymətləndirilir. Səhv cavabların nəticəsi düzgün cavabların nəticəsinə təsir etmir.

İmtahanın nəticəsinə əsasən yüksək bal toplamış namizədlər növbəti mərhələdə - müsahibədə iştirak edirlər. Müsahibəni ARDNŞ-nin məsul əməkdaşlarından ibarət komissiya həyata keçirəcək.

Qeyd edək ki, ARDNŞ bu layihəni neft-qaz sənayesi sahəsində savadlı gənc mütəxəssislərin hazırlanması, tələbələrin müasir elmi və təcrübi biliklərə yiyələnməyə həvəsləndirilməsi məqsədilə 2004/2005-ci tədris ilindən etibarən həyata keçirir.


Teqlər:





Xəbər lenti