Rublun möhkəmlənməsinin bizə təsiri olacaqmı? – TƏHLİL

Rublun möhkəmlənməsinin bizə təsiri olacaqmı? – TƏHLİL
  17 Aprel 2015    Oxunub:3295
Rusiyada rublun son günlər bahalaşması özlüyündə çox şeyi ehtiva edir. Ümumiyyətlə, şimal qonşumuzdakı iqtisadi proseslər Azərbaycan üçün bir sıra nəticələr çıxartmaq baxımından əhəmiyyətlidir. 1 il əvvəl 1 rubl ABŞ dollarına nəzərən 35 bənd təşkil edirdisə, indi 50 rubl civarındadır. Halbuki, bu müddət ərzində o, 70 rubla qədər ucuzlaşmışdı. Yəni, keçən il payızda 1 dollar 70 rubll səviyyəsinədək qalxmışdı. Son vaxtlar isə təkrar edirik, möhkəmlənir.

Hakimiyyət büdcəni formalaşdırarkən neftin 1 barrelinin qiymətini ən kritik nöqtə olaraq 2850-2900 rubl nəzərə alırdısa, son məzənnəyə əsasən “qara qızıl”ın rus pulu ilə dəyəri 2952 təşkil etməklə, buna yaxınlaşıb. Rublun məzənnəsinin bu cür artması Rusiya iqtisadiyyatında keçən ildən bəri neftin qiymətinin düşməsi və iqtisadi sanksiyalardan dolayı yaranmış xaosun sanki, səngidiyi göstəricisi sayılır. Bu da olduqca müsbət hadisədir.

Böhranlı vəziyyətə adaptasiya prosesinin qısa zaman kəsiyində baş verməsi hər bir ölkə üçün vacib sayılır. Bu, tənəzzülün qarşısının alınması və müqavimət gücünün əldə olunması üçün fürsətin əldə edilməsi imkanın yarandığı deməkdir. Rusiyada hazırda müşahidə olunan tendensiya bizim üçün də əhəmiyyətlidir, ilk növbədə o baxımdan ki, şimal qonşumuzun iqtisadi çöküşü ölkəmizə yaxşı heç nə vəd etmirdi.

Lakin rublun möhkəmlənməsi hələki kövrək xarakter daşıyır və vəziyyət dəyişə də bilər. Digər tərəfdən, Rusiya iqtisadiyyatında xaos yaransa da bu tendensiya bizdə müşahidə edilməyib və gözlənilmir.

Bəziləri neftin qiymətinin dövlət büdcəmizdə nəzərdə tutulduğundan (90 dollar) aşağı olmasını əsas gətirərək manatın dəyərinin yenidən ucuzlaşdırılacağını iddia edirlər. Çünki Rusiyada rubl 50 faizədək ucuzlaşdıqdan sonra qalxmağa başlayıbsa, bizdə manat əsil dəyərsizləşmə mərhələsini hələ daxil olmayıb. Yəni, buraxılmayıb. Mərkəzi Bank (AMB) tərəfindən dollara nəzərən 34 faizlik korrektə hələlik yeganə addım sayılır. Bunun ardının olub-olmayacağı isə bəlli deyil.

Ümumiyyətlə, qlobal iqtisadi böhranın fəsadları və dalğası, başqa sözlə desək, neftin qiymətinin ucuzlaşması bizi sərt şəkildə demək olar, bu ildən vurmağa başlayıb. Və odur ki, ölkəmiz üçün adaptasiya prosesi hələ qarşıdadır... Bu mənada rublun möhkəmlənməsi ilə manat arasında əlaqə axtarmaq – müşahidə aparmaq və müvafiq nəticələr çıxartmaq bəlkə də, düzgün deyil. Bununla belə, düşünməyə dəyər.

Əvvəla, aşkar şəkildə görünür ki, rus iqtisadiyyatı bazar mexanizmi əsasında daha fəal və sıx şəklində fəaliyyət göstərir. İkincisi, Rusiyada iqtisadi qanunlar daha açıq şəkildə sözünü deyir. Üçüncüsü də, rus rublu daha çevik, dönərli və möhkəm valyuta olaraq özünü göstərməkdədir.

Ümumiyyətlə, Rusiyada mükəmməl pul-kredit mexanizmi işləyir. O baxımdan ki, adı çəkilən ölkədə mərkəzi maliyyə qurumu bir ara, daha dəqiqi, ötən il noyabrın 10-da rublun dəyərini sərbəst buraxdığını – üzən məzənnə siyasətinə keçdiyini bəyan etsə də, 1 ay sonra - dekabrın 1-dən bazara yenidən intervensiya etdi. Eyni proses bu il də davam etdirilib. Bu, ilk növbədə sözügedən məqamda milli valyutanın dəyərini sərbəst buraxmağın mümkün olmadığını göstərsə də əslində, rublun ABŞ dolları ilə sərbəst mübarizə aparmaq qabiliyyətində olduğunu da büruzə verdi.

Rusiya təcrübəsi göstərir ki, milli pul vahidinin arxasında yalnız hasilat deyil, istehsal sənayesi də durmasa (dəxli yoxdur ki, az və ya çox - rəqabətqabiliyyətli və yaxud qeyri-rəqabət qabiliyyətli) hətta neftin baha olduğu təqdirdə də dövlət məzənnəni inzibati yolla tənzimləməli və möhkəm saxlamalıdır. Azərbaycanda olduğu kimi... Ölkəmizdə məsələn, yanacaq məhsulları daxil olmaqla bir sıra məhsulların qiymətlərinə Tarif Şurası nəzarət etdiyi kimi, manatın da dəyərinə AMB baxır. Belə şəraitdə isə dəqiq və konkret proqnoz vermək heç bir halda mümkün deyil.

Lakin istənilən halda Rusiyada rublun möhkəmlənməkdə olması və bunun davam etməsi Azərbaycan üçün zəruri və əlverişlidir. Ən azı ixraçcılarımız üçün yeni perespektivlər açılır.

Digər maraqlı məqam isə ondan ibarətdir ki, rublun son günlər dollara görə nisbətən möhkəmlənməkdə olmasında əhali də rol oynayır. Belə ki, 4-5 ay öncə dollar bahalaşarkən ölkə vətəndaşları bizdə fevraldan və elə indinin özündə müşahidə olunduğu kimi necə panika göstərərək əllərində və ovuclarında olan milli pulları valyuta dəyişmə məntəqələrinə gətirərək dollara dəyişirlərsə, ruslar indi əksinə, ABŞ dollarından və avrodan qurtulmaq istəyi nümayiş etdirir və buna cəhd göstərirlər. Maraqlıdır, elə deyilmi? Bu özü də rublu dəyərə mindirir. Bəlkə əhalimiz də bundan nəticə çıxartsın... Olmazmı?



Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti