“O dini cərəyanlara Azərbaycanda yer yoxdur” – Mübariz Qurbanlı

  17 Aprel 2015    Oxunub : 1054
“O dini cərəyanlara Azərbaycanda yer yoxdur” – Mübariz Qurbanlı
“Dünyanın istənilən şirkəti gəlib Azərbaycanda iş görə bilər. Amma istənilən dini cərəyanın üçün biz açıq qapı elan edə bilmərik”.
Azvision.az xəbər verir ki, bu sözləri Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Milli mənəvi dəyərlər” mövzusunda keçirilən dəyirmi masa zamanı səsləndirib. Komitə sədri bildirib ki, bu gün Azərbaycanda KİV-nin ictimai rəyin formalaşmasında böyük rolu var:

“Mətbuat bizim milli maraqlarımıza xidmət edir. Azərbaycan müsəlman ölkəsidir. Bu gün İslam dini ona sitayiş edənlərin sayına görə ikinci din hesab olunur. Bu gün dünyadakı səmavi dinlərdən sonuncusu İslam dinidir. Son araşdırmalar onu göstərir ki, İslam dini ona sitayiş edən insanların sayına görə XXI əsrin sonunda birinci yerə çıxacaq”.

Onun sözlərinə görə, Azərbaycan ərazisində dini təriqətlər genişlənə bilməz: “Missionerlik üçün dünyanın hansısa yerlərində fəaliyyət göstərmək olar. Xrsitianlardan kimsə adi kiçik təriqətləri yaymaq istəyərsə, onlara deyirəm ki, buna bizim ölkədə yer yoxdur. O cümlədən İslamın radikal cərəyanları üçün də ölkədə şərait yoxdur. Biz klassik İslam ölkəsiyik. İkincisi, dünyəvilik bizə daha xasdır. İslamın yayılmasından sonra İslam dini özünün müəyyən mənada mövqelərinin zəifləməsi prosesinə şahid olub. SSRİ dövründə İslam dinini sıradan çıxarmağa çalışıblar. Tarixdə hansı hökmdar dinlə savaşmağa çalışsa, o məhv olub. İslam dini özündən başqa digər dinləri inkar etmir. Azərbaycan xalqı SSRİ-də öz dinini qoruyub saxlayıb. Azərbaycan xurafata qarşı mübarizədə Şərqdə nümunə olub. Xurafata qarşı mübarizə dinə qarşı mübarizə deyil. Ona görə də radikal cərəyanlara qarşı mübarizə də dinə qarşı mübarizə deyil. Azərbaycanda 2000 məscid var. Biz iqtisadiyyatda açıq qapı elan etsək də, mənəvi aləmdə açıq qapı elan edə bilmərik. Dünyanın istənilən şirkəti gəlib burada iş görə bilər. Amma istənilən dini cərəyanın burada yayılmasına imkan verə bilmərik. Milli-mənəvi dəyərlər isə hər ölkənin özünə məxsudur. 96 faiz əhali müsəlmandır.

Azərbaycan tolerant ölkədir. Amma tolerantıq deyə öz mövqelərimizi başqasına güzəştə gedə bilmərik. Tolerantlıq o demək deyil ki, “Yahova şahidləri” və s kimi radikal cərəyanlar burada istədiyini edə bilər. Milli mənəvi dəyərlərimizə müdaxilə ediləndə bu artıq tolerantlıq olmur. Tolerantlıq dözümlü yanaşma deməkdir. Biz həm xristian, həm də islamdan gələn radikal cərəyanların qarşısını almalıyıq”.

Komitə sədri bu yaxınlarda Səudiyyə imamının “kimsə ac qalsa arvadını yeyə bilər” fikrinə münaibət bildirib. Qeyd edib ki, bəzi dindarlar “yer kürəsi fırlanmır”, “kimsə ac qalsa arvadını yeyə bilər”, “ ana bətnindəki qız uşağına kəbin kəsilə bilər” deyənlərə cavab verəndə onları dinsiz adlandırmamalıyıq. Onlara dini cəhətdən əsaslarla cavablar verməliyik.

Gültəkin Ələsgər
AzVision.az

Teqlər: