Dövlət Yol Polisindən sürücülərə xəbərdarlıq

Dövlət Yol Polisindən sürücülərə xəbərdarlıq
  24 May 2013    Oxunub:1136
Bakının mərkəzi küçələrində avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulacaq.
Azərbaycan Gənclər və İdman Nazirliyinin "Red Bull" şirkəti ilə birgə əməkdaşlığı çərçivəsində təhlükəli maneələrin motosikletlə dəf edilməsi üzrə yarışın keçirilməsi nəzərdə tutulub və bu tədbir paytaxtın Azadlıq meydanında 25 may saat 17:30-dan etibarən təşkil ediləcək.

Bu məqsədlə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi əhalinin, avtomobil sahiblərinin və sürücülərin nəzərinə çatdırır ki, keçirilən yarışda yarış iştirakçılarının və tamaşaçıların təhlükəsizliyinin tam təmin edilməsi məqsədilə 25 may saat 17:30-dan paytaxtın Azadlıq meydanı istiqamətində, Rəşid Behbudov küçəsi ilə Neftçilər prospektinin kəsişməsindən, Azadlıq prospekti ilə Zərifə Əliyeva küçəsinin kəsişməsindən, Puşkin və Üzeyir Hacıbəyov küçələrinin kəsişməsindən və Zərifə Əliyeva və Zorge küçələrinin kəsişməsindən avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyularaq istiqamət dəyişdiriləcək.

Bu barədə trend-ə Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib.

Eləcə də Azadlıq meydanında və ətraf küçə və yollarda avtomobillərin parklandırılmasının mümkünsüzlüyü nəzərə alınaraq, bu istiqamətlərə ictimai nəqliyyat vasitələrindən istifadə etməklə hərəkət etmək tövsiyə olunur.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi əhalidən xahiş edir ki, saat 17:30-dan tədbir tam başa çatanadək bu istiqamətdə şəxsi avtomobillərdən istifadə edilməsin.


Teqlər:  





Xəbər lenti