Hüseynqulu Bağırovla bağlı `şok iddia`ya sərt cavab

Hüseynqulu Bağırovla bağlı `şok iddia`ya sərt cavab
  18 Aprel 2015    Oxunub:2310
Ekologiya və Təbii Sərvətlər Nazirliyi nazir Hüseynqulu Bağırovla bağlı mətbuatda yayılan xəbərlərə rəsmi şəkildə aydınlıq gətirib.
AzVision.az-ın məlumatına görə, nazirliyin yaydığı açıqlamada deyilir:

-Hesablama Palatasının 2012-2013-cü illər ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyində apardığı yoxlamanın nəticələrini “Hüseyn Bağırov çətin vəziyyətdə” başlıqlı yazı ilə yanlış istiqamətdə yozanları, bu məlumatın mahiyyətindən başı çıxmayıb bundan fürsət kimi istifadə edərək çəpik çalanları məyus etməli olacağıq.

Məlumatı yazan şəxs o qədər naşıdır ki, yoxlama materialında yer alan “əksər xərc maddələri üzrə vəsait istifadə edilməyib və dövlət büdcəsinə qaytarılıb” cümləsinə belə məhəl qoymadan yazıya “H.Bağırov çətin vəziyyətdə” başlığı verib. Əgər ETSN-nin hansısa departamenti vəsaiti havaya sovurmayıbsa, xərclənməsi mümkün olmadığı üçün onu dövlət büdcəsinə qaytarıbsa, bundan kimsə niyə çətin vəziyyətə düşməlidir? Görünür bunu yazan və ya sifariş verən şəxslərin özləri o qədər çətin vəziyyətə düşüb ki, yaxud da deyiləsi başqa arqumentləri olmadığından dövlət büdcəsinə vəsait qaytarılmasını yaxşı hal kimi deyil, çətin vəziyyət kimi qələmə verməyə cəhd edirlər. Amma reallıq odur ki, yoxlama aparılan Departamentlərin hamısı büdcəyə vəsait qaytarıb.

Məsələn, audit aparılan dövr üzrə Meşələrin İnkişafı Departamenti tərəfindən 161634,65 manat büdcə vəsaitinə, Dövlət Ekpertiza İdarəsi tərəfindən real tələbat daxilində 65476,30 manata, Milli Hidrometeorologiya Departamenti büdcə vəsaitlərinin məqsədyönlü istifadə edilməsi nəticəsində 795160, 54 manata, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsində 124844 manat dövlət vəsaitinə qənaət edilib və dövlət büdcəsinə qaytarılıb. Göründüyü kimi dövlət büdcəsindən Nazirliyə ayrılan milyonlarla vəsait istifadə olunmadan, yəni xərclənmədən büdcəyə geri qaytarılıb. Əslində Hesablama Palatası bunu qüsur sayırsa bu, həqiqətən qüsurdur. Əgər vəsait ayrılıbsa, təyinatı üzrə xərclənməlidir. Lakin ETSN-nin qurumları bir sıra hallarda təyinatı üzrə xərcləmək mümkün olmadıqda bir yol tapıb, min bir fırıldaqla qalmış vəsaiti xərcləməyə cəhd göstərməyib, 1 milyon 147 min 115 manat vəsaiti dövlətə geri qaytarıb. Bax, burda çəpik çala bilərsiz! Xalqın malı talan olunmayıb, büdcəyə qaytarılıb.

Yoxlamalar Nazirliyin heç bir qurumunda, hətta vəzifəli şəxslərin işdən çıxarılması ilə nəticələnməyib. Müəyyən olunan qüsurlar aradan qaldırılması asan olan, dövlətə ziyan vurulmaqla müşayət edilməyən, təcrübəsizlikdən, qaydaların aydın olmamasından irəli gələn uyğunsuzluqlardır.

Misal üçün, belə bir qüsur göstərilib ki, meşə təsərrüfatları üzrə büdcə vəsaitinin cari və əsaslı təmir üzrə müvafiq xərc maddəsində vəsait kifayət etməyib və Meşələrin Əlaqələndirmə Mərkəzinin bu məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına təsərrüfatlarda təmir işləri aparılıb. Əslində bu, meşə departamentinin birbaşa vəzifəsidir ki, hansısa idarənin binası ağır leysan yağışları, Kürün daşması və ya zəlzələ nəticəsində zərər çəkirsə, onun təmirinə ehtiyac yaranırsa, onlara kömək göstərsin. Bəli, ola bilər ki, bunu etməzdən əvvəl Maliyyə Nazirliyi ilə hansısa məqamlar razılaşdırılmalı idi və bunu inzibati qüsur saymaq olar, amma burada hansı yeyintidən söhbət gedə bilər? Hansısa meşə idarəsinin damı təmir olunubsa, bunu necə cinayət saymaq olar? Hansı təfəkkür sahibi olasan ki, damı uçmaq təhlükəsində olan və ya uçan bir idarənin bu duruma düşməsinə çəpik çalasan? Yoxlama materiallarında bu cür məqamlara rast gəlinib və buna çəpik çalmaq ən azı vicdansızlıqdır.

Əslində maliyyə və mühasibat işindən başı çıxan hər kəs bilir ki, aşkar edilənlər xırda inzibati qüsur sayılır və Nazirlikdə də belə xırda inzibati qüsur sayılan hallar baş verib, sonradan bu qüsurların hamısı aradan qaldırılıb. Məsələn, Dövlət Ekspertiza İdarəsində faktiki mövcud olmasına baxmayaraq cəmi dəyəri 405 manat olan üç ədəd elektron imza xərclərə aid edilərək uçotdan silinib, yaxud Xəzər Kompleks Ekoloji Monitorinq idarəsində auditlə əhatə olunan dövr üzrə Əmək məcəlləsinin tələblərinə zidd olaraq işçilərə 242 manat artıq əmək haqqı ödənilib. Düzdür, bütün vəsaitlər Hesablama Palatasının göstərişi ilə dövlət büdcəsinə bərpa edilib, amma bu o deməkdirmi ki, bu qurumlarda yeyinti olub? Belə xırda inzibati qüsurların şişirdilməsi çəpik çalmağa nə dərəcədə əsas verir?
Aparılan yoxlamalarla bağlı yanlış istifadə olunduğuna görə sərf edilən vəsait məsul şəxslərdən tutularaq dövlət büdcəsinə bərpa olunub. 1 nəfər mühasib işdən çıxarılıb, 5 nəfərə töhmət verilib.

Əslində qüsurlar cüzi olduğundan heç inzibati tədbirlərə də Hesablama Palatası tərəfindən tövsiyə və göstəriş verilməyib. Lakin Nazirlik dərs olması üçün bu inzibati tədbirlərin həyata keçirilməsini məqsəduyğun sayıb və Hesablama Palatasına bu barədə məlumat verilib. Görülən tədbirlər Hesablama Palatasını qane edib.

Ümumiyyətlə, Nazirliyin hər hansı qurumunda aparılan yoxlamaların gedişində cinayət tərkibi olmadığı üçün Hesablama Palatası tərəfindən bu istiqamətdə heç bir təşəbbüs göstərilməyib. Yalnız göstərilən qüsurların aradan qaldırılması üçün Nazirliyin özünə müraciət olunub və bununla bağlı tədbirlər görülüb.

Bax, indi çəpik çala bilərsiz.


Teqlər:





Xəbər lenti