Putinin Ərdoğana `xəyanəti`...

  20 Aprel 2015    Oxunub : 3200
Putinin Ərdoğana `xəyanəti`...
Bu il həm Çanaqqala zəfərinin, həm də ermənilərin qondarma `soyqırımı`nın 100 illiyi tamam olur. Bildiyiniz kimi, Türkiyədə Çanaqqala zəfərinin ildönümü təntənəli şəkildə qeyd olunacaq və təşkil olunan tədbirə bir çox dövlət başçıları, o cümlədən Rusiya prezidenti Vladimir Putin də dəvət edilib.

Lakin Rusiyanı bu tədbirdə Putin yox, Dövlət Dumasının sədri Sergey Narışkin təmsil etməli olacaq. Putinin İrəvana getməsi sual altında olsa da Kreml bu gün rəsmi açıqlamasında Rusiya prezidentinin Ermənistana gedəcəyini təsdiqlədi.

“Səfər çərçivəsində Rusiya və Ermənistan prezidentlərinin görüşü keçiriləcək. Görüş çərçivəsində ikitərəfli, regional və beynəlxalq aləmdə aktual məsələləri müzakirə ediləcək”, - deyə Kremlin yaydığı məlumatda bildirilir.

Putinin Türkiyəyə getməməsi özü-özlüyündə bir çox suallara aydın gətirdi. Rusiya lideri bu mesajı ilə hələ də Ermənistanın yanında olduğunu açıq-aşkar göstərdi. Amma burada bir sıra məqamlar var ki, region üçün mühüm əhəmiyyətə malikdir. Belə ki, Kremlin sərgilədiyi siyasət Türkiyə ilə münasibətlərdə mənfi istiqamətdə dönüş yarada bilər. Bu isə bölgəsə kartların dəyişəcəyinə gətirib çıxaracaq.
Ekspertlər də bu düşüncədədilər.

Politoloq Qabil Hüseynli AzVision.az-a açıqlamasında bildirib ki, Putinin bu qərarına təəccüblə baxmaq düzgün deyil, onun İravana gedəcəyi gözlənilən idi: “Putin və onun dövləti 100 illərdir ki, ermənilərin arxasında dayanır. Bu ərazi ermənilərin olmadığı halda orada dövlətin yaranmasını təmin ediblər. Həm Azərbaycan torpaqlarının ilhaq edilməsi, həm Xocalıda soyqırımın törədilməsi, həm də 1 milyondan artıq insanın qaçqın düşməsi və 250 mindən çox qərbi azərbaycanlının Ermənistan torpaqlarından didərgin salınmasında Rusiya ordusu yaxından iştirak edib”.

Politoloq hesab edir ki, bu səfər Rusiya-Azərbaycan münasibətlərinə ciddi təsir etməsə də bu ölkənin Türkiyə ilə əlaqələri pozulacaq.

“Ermənistan Avrasiya İttifaqının və Kollektiv Müdafiə Təşkilatının üzvüdür. Bu ölkə Rusiyanın postudur. Rusiya onu müdafiə edib, etməkdədir və həmişə də edəcək. Sadəcə olaraq biz çalışmalıyıq ki, münasibətlər pozulmasın.

Putinin İrəvan səfəri Rusiya-Türkiyə münasibətlərinə daha çox təsir edəcək, amma Azərbaycanla Rusiya münasibətlərinə ciddi təsiri olmayacaq. Yəqin ki, Türkiyə də bundan ölçü götürməli olacaq. İndi Rusiya kimin tərəfində olduğunu nümayiş etdirir”.

Fatimə Kərimli

Teqlər: