`Sənsiz`- Rafiq Əliyevdən həyat yoldaşına

`Sənsiz`- Rafiq Əliyevdən həyat yoldaşına
  21 Aprel 2015    Oxunub:4000
Unudulmaz ömür-gün yoldaşım Aidə Əliyevanın əziz xatirəsinə
5-ci məktub.
Göz yaşında çimən dünya,
Üzün-gözün təmizdimi?
Qalanların yaddaşında
Gedənlərin əzizdimi?
Ramiz Rövşən

Əzizim Aidə,
Sənsizliyimin 4 ili tamamdır. 4 əsrə bərabər bu 4 ildə neçə dözdüm, necə yaşadım bir Allah bilir. Bir onu bilirəm ki, bu 4 ildə bir dəqiqə belə olsun sənsiz olmadım. Gecə də, gündüz də dünyanın harasında olursa olum hər bir an sənin ruhunla birgə oldum. Gücüm ayrı nəyə çatır ki, bir ona çatır ki, məzarın üstündəki qızıl gülləri solmağa qoymuram. Bir də sənin güllər içində ən çox sevdiyin yasəmən olduğundan məzarın ətrafında 4 yasəmən ağacı əkdim.
Sənsiz... sevimli nəvən Nihadın izdivac mərasimi oldu. Necə yerin görükürdü. Özün olmasan da ruhunun o sarayda pərvaz etməsi aydınca görünürdü. Bütün mərasim boyu sən anılırdın. Sağ olsunlar qızın Kəmalə və Şamil, gözəl, çox təsirli bir film ərsəyə gətirmişdilər və mərasim də o filmlə başladı. Mənə yüz Oskarlı filimdən də çox təsir edən bu filmdə sən və səninlə keçirdiyimiz günlər, aylar, illər də təsvir olunmuşdu. O filmə baxandan sonra ruhunun qanadlarında hara getdiyimi, dünyanın harasında olduğumu belə təsəvvür edə bilmirdim. Axı niyə sənsiz idim. Axı bu günü sən çox arzulamışdın.
Məni özümə qaytaran əziz qardaşım, böyük şairimiz Ramiz Rövşənin təbrik söyləyərkən, Aidə xanımın ruhu şad olsun və indi bu ruha ithaf olaraq gözəl sənətkarımız Nadir Hüseynovun Cəfər Cabbarlının “Ana” şerini söyləyəcək deməsi oldu.
El ağsaqqalı, böyük ziyalı, əziz dostumuz Sadiq Murtuzayev sənə yazdığım 4 məktubdan danışaraq bu məktubların hər il onu kövrətdiyini, göynətdiyini dedi və söylədi ki, ailə xoşbəxtliyi, sədaqət nədir sualına cavabı bu məktublarda tapıram. Dediyi, “Aidə xanımın ruhu qarşısında baş əyirəm” sözləri yenə də məni öz məhvərimdən çıxardı. Sevimli sənətkarımız, sənin də, mənim də böyük rəğbət bəslədiyimiz Nəzakət Teymurovanın “Qal sənə qurban”ı və “Qarabağ şikəstəsi” isə məni heç özümə dönməyə imkan vermədi. Heç bilmirəm bütün bu mərasim boyu mən özümə gələ bildimmi. Yox, sənsiz yox...
Sonradan mərasimin lent yazısına baxarkən gördüm ki, bu şad gündə, bu qədər dostlar, əqrabalar arasında üzümdə-gözümdə nə boyda hüzn var. Sənsizlikdən.
Sənsiz... Bu il Almaniyada Zigen Universitetinə getdim. Həmişəki kirayələdiyimiz evdə qala bilmədim. Axı o evin hər bucağına, divarına, həyətindəki hər ağacına sənin ruhun hopub. Ora yaxın başqa bir yerdə qaldım. Universitetin həyətindəki zoğal ağacı. Həmin ağac, budağından tutan isə sən yox, ruhun idi. Bir gün axşam üstü bir qədər hava almaq üçün Wiedenauya düşdüm. Gözümə sənin çox xoşladığın “Asiya” mağazası sataşdı. Sənli günlərimi xəyalən bir də yaşamaq üçün qeyri-iradi içəri girdim. Qarşıma yürüyən Koreyalı satıcı dərhal almanca soruşdu: bəs Aida xanım haradadır? Susdum. Bir də israrla sualını təkrar etdi. Nə deyəcəyimi bilmədən ordan uzaqlaşdım.
Almaniyada olan ailəvi dostlarımız bir gün olsun belə məni tək buraxmadılar. Hər görüşümüzdə də sənli günlərimizi anırdıq. Mən Almaniyadan Bakıya qayıdanda yaxın dostumuz Eberhard və həyat yoldaşı Ulrike mənə bir hədiyyə verdilər və xahiş etdilər ki, diqqət yetirim sındırmayım. Nədir demədilər. Bakıda evdə açıb baxanda qeyri-iradi beynimdən və ürəyimdən bir hiss keçdi – bundan da böyük hədiyyə olarmı. Nə vaxtsa onların çəkdiyi və indi böyütdürüb çərçivəyə saldığı foto: biz qoşa, əlim çiynində, üzümüzdə xoşbəxt təbəssüm. İndi o təbəssüm də yox, o xoşbəxtlikdən əsər-əlamət də. Lakin əlim çiynindədir, ruhunun qanadlarında. Sənə qovuşanda da həmişə əlim çiynində olacaq (axı sağlığında sən belə arzulamışdın). O portret indi evimizin salonunda mərkəzi yerdə asılmışdır, hər gün əlim çiynində olan Aidəmi görürəm. Onu da deyim ki, hədiyyə - portret bağışlayan dostlarımız mənə məktublarında yazdılar ki, o şəkil onların da salonlarında asılmışdır.
Sənsiz... ötən ildə mənə elm sahəsində 2 beynəlxalq ödül verildi. Biri “Ömürlük nailiyyət” ödülüdür. Bunu elm, incəsənət sahəsində əbədi uğur qazanmış insanlara verirlər. Elvis Bresley, The Beetles, L.Zadə bu mükafata layiq görülüblər. Təqdimat Fransada Parisdə oldu. Mərasimdə hər an gözüm səni axtarırdı. Axı hamıdan çox sən sevinərdin, mənimlə birlikdə. Bircə ruhunun gözündəki sevinci hiss edirdim. Bir ay bundan öncə mənə yeni bir ödül verdilər, Amerikadan, beynəlxalq ödül - “Elmdə seçilmişlər” ödülü. Təqdimat İspaniyada olacaq. Yenə də sənsiz...
Əzizim Aidə, sənli günlərimin bir anını belə yüz belə ödülə dəyişərəmmi? Əsla. Nə etməli, qismət beləymiş.
Deyəsən çox uzatdım. Amma neyləmək olar, axı ürəyim doludur. Bir də ki, əzizim, axı bizlərdən nigaransan, məktub gözləyirsən, həm də asudəsən, vaxtın da çox, həm də yəqin yaman darıxırsan.
Sənsiz... Mən də yaman darıxıram. Qardaşım Ramiz Rövşənin poeziya dili ilə desəm

Bu nə təhər darıxmaqdı,
Axı, belə kim darıxır?
Cibimdə əlim darıxır,
Ağzımda dilim darıxır.

Darıxır qabım-qaşığım,
Darıxır yorğan-döşəyim,
Evdə qalsam, ev-eşiyim,
Yol getsəm, yolum darıxır.

Hara atım bu kədəri?
Yox hesabı, yox qədəri,
Görünür məndən ötəri
Hardasa ölüm darıxır...

Sən də darıxırsanmı əzizim Aidə. Darıxma, görüşənədək.
Sənin Rafiqin.


Teqlər:  





Xəbər lenti