`Eldar Sabiroğlu guya iqtidara sadiq olub?`- Qalmaqal

`Eldar Sabiroğlu guya iqtidara sadiq olub?`- Qalmaqal
  21 Aprel 2015    Oxunub:3851
“Mən Eldar Sabiroğlunun Müsavat Partiyasına dəvət olunmasını xatırlamıram. Ola bilsin ki, dəvət olunub, amma burada qəbahət nə var ki?”
Bu fikirləri AzVision.az-a açıqlamasında keçmiş Müsavat funksioneri, politoloq Qabil Hüseynli deyib.

Müdafiə Nazirliyinin sabiq mətbuat katibi Eldar Sabiroğlunun onun haqqında dediyi fikirlərə münasibət bildirən Q.Hüseynli heç nəyi xatırlamadağını deyib.

“Mən Eldar Sabiroğlunun Müsavat Partiyasına dəvət olunmasını xatırlamıram. Ola bilsin ki, dəvət olub, amma burada qəbahət nə var ki? Eldar Sabiroğlu bununla nə demək istəyir ki? Onu nəzərdə tutur ki, biz Müsavata gedib yolumuzu dəyişmişik, amma o, sadiq qalıb? Heydər Əliyevin Naxçıvanda olduğu vaxtda onun yanında ən çox olan, onun hakimiyyəti dövründə, 4 oktyabr hadisələrində Heydər Əliyevə ən çox dəstək olan mən olmuşam”.

Politoloq hesab edir ki, hansı tərəfdə olmaqdan asılı olmayaraq, mühüm olan vətənə xidmət etməkdir: “Bunu Heydər Əliyevin yanında olmaqla daha yaxşı etmək olardı, amma bu, o demək deyil ki, həmin dövrdə Müsavatda olmaqla ümumimmilli dəyərlərə, vətənə xəyanət etmişik. həmişə çalışmışıq ki, dövlətin daha da möhkəmlənməsinə gücümüz çatan köməyi edək. Güman edirəm ki, xalqın maarfilənməsi, siyasi şüurunun formalaşmasında gücüm çatandan da artıq kömək etmişəm”.

Qeyd edək ki, Müdafiə Nazirliyinin sabiq mətbuat katibi Eldar Sabiroğlu modern.az-a müsahibəsində 2003-cü il prezident seçkilərindən sonra Qabil Hüseynlinin ona zəng edərək Müsavat Partiyasına keçməyi təklif edib, o isə bu təklifi qəbul etməyib.

“Mənim Müsavat Partiyasına keçməyim üçün cəhdlər də olub. 2003- cü ilin prezident seçkiləri keçirilirdi. Evdə idim və telefonuma zəng gəldi. Telefonu götürərkən politoloq Qabil Hüseynlinin səsini tanıdım. O zamanlar Qabil Hüseynli Müsavat Partiyasında başqan müavini vəzifəsində çalışırdı. Onun zəng etməsi mənə çox maraqlı gəldi. O, “vəziyyəti bilirsiniz, artıq hər şey həll olunub” deyəndə məni təəccüb hissi bürüdü və fikirləşdim ki, görəsən, nə həll olunub? Maraqlısı o idi ki, artıq Müsavat Partiyasının içində seçkilər zamanı qələbəni əldə etdiklərinə arxayınlıq hissi yaranmışdı. Mənə təklif olundu ki, İsa Qəmbər sizinlə görüşmək istəyir. Dedim “xeyir ola? Məsələ nədən ibarətdir?.

Qabil Hüseynli cavab verdi ki, “biz sizi Müsavat Partiyasında görmək istəyirik. Bu, İsa Qəmbərin təşəbbüsüdür. O sizi partiyada yüksək vəzifə ilə təmin edəcək”. Düzü, Qabil Hüseynliyə təşəkkür etdim. Təbiətimdə hər hansı bir insanı acılamaq xarakteri yoxdur. Dedim, “doğrudanmı elə düşünürsünüz ki, mən Heydər Əliyevi İsa Qəmbərlə dəyişə bilərəm?!”. Qabil Hüseynli susdu. Mən isə cavabımda dedim. “İsa Qəmbərə söyləyin ki, mənim bir sifətim var. Heydər Əliyev siyasətinə bağlı olan adamam”, -deyə Sabiroğlu vurğulayıb.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti