Putin Qərbin `soyqırımı` tələsində - TƏHLİL

Putin Qərbin `soyqırımı` tələsində - TƏHLİL
  22 Aprel 2015    Oxunub:10844
Türkiyəyə birbaşa aidiyyatı olan istər Çanaqqala zəfəri, istərsə də qondarma erməni `soyqırımı`nın üstündən 100 il ötməsinə baxmayaraq, bu gün də bu məsələlər dünya geosiyasi gündəmində əhəmiyyətli rola malik olmaqla yanaşı, əsas geosiyasi oyunçular, regional güc mərkəzləri və siyasi qüvvələr üçün strateji gedişlərin həyata keçirilməsində mühüm vasitə kimi qiymətləndirilə bilər.

Çannaqqala zəfəri özünü türk hesab edən şəxs üçün adi tarixi hadisə, yaxud, qələbə deyil, türklərin bütöv Avropa ordusunu yenməsi və öz dövlətçiliklərini müdafiə edərək, ayaqda qalmasını təmin etdikləri gündür. Avropalılar üçün isə əksinə, bu tarixi məğlubiyyət utancverici səhifədir və həmin günlərin xatırlanması təbii ki, avropalıların ürəyincə deyil. Hətta belə mülahizələr irəli sürülür ki, Qərb bu tarixi qələbəyə kölgə salmaq üçün qondarma `soyqırım` məsələsini ortaya atıb. Paralel olaraq, `soyqırım` amili ermənilərə elə təlqin olunub ki, özünü erməni hesab edən hər bir şəxs üçün onun sübut edilməsi həyat amalına çevrilib.

Nəticədə yaranmış sosioloji mənzərə ondan ibarətdir ki, Çannaqqala türklər, “soyqırım” isə ermənilər üçün mühüm milli-mənəvi heysiyyat amilinə çevrilib və belə vəziyyət cəmiyyətlərlə bağlı sosial-siyasi manipulyasiyaların aparılmasına şərait yaradır.

Təbiidir ki, 24 aprel tarixində Yerevana təşrif buyurub ermənilərin “dərdi”nə şərik çıxacaq nümayəndənin dövləti erməni ictimai rəyində dost kimi, həmin tarixdə Türkiyəyə yollananlar isə düşmən kimi qəbul olunacaq. Eyni qaydanın tam əksi Türkiyə ictimai rəyinə də şamil edilə bilər.

Bu qanunauyğunluqdan Qərb dövlətləri öz maraqları üçün istifadə etməyə çalışır və əsas hədəf Rusiyadır.

Ukrayna hadisələrindən sonra Rusiya ilə Qərb arasında iqtisadi-siyasi sanksiyalarla müşahidə olunan “ikinci soyuq müharibə” başlayıb. Səbəb kimi isə Rusiyanın Krımı ilhaq etməsi göstərildi. Sual yaranır: Nəyə görə Avropanın enerji təhlükəsizliyini təmin edən ölkələrdən biri olan Azərbaycan ərazisinin 20 faizini işğal etmiş, Rusiyanın nəinki siyasi tərəfdaşı, hətta faktiki bir əyaləti olan, Putinin qurduğu Avrasiya və Gömrük ittifaqları, KTMT kimi təşkilatına etirazsız qoşulan Ermənistana qarşı heç bir sanksiya tətbiq olunmur? Hələ bu azmış kimi, Roma Papası və Avropa Parlamenti Türkiyə ilə münasibətlərinin korlanmasından ehtiyat etməyərək, növbəti dəfə “erməni” soyqırımını tanıyırlar?

Sualın Azərbaycana aid hissəsini prezident İlham Əliyev `ritorik` adlandıraraq, müxtəlif Avropa tribunalarında səsləndirib. Əslində Prezident dəqiq bilir ki, Qərbin əsas məqsədi Rusiya ilə postsovet respublikaları arasında mövcud olan bağları qoparmaq və yerdə qalan Belorus, Qazaxıstan və Ermənistan kimi dövlətləri Moskvanın orbitindən çıxarmaqdır. Bu səbəbdən Avropa Rusiyaya qarşı tətbiq etdiyi cəza tədbirlərini həmin respublikalara qarşı həyata keçirmir, əksinə öz tərəfindən daha əlverişli imkanlar və dəstəyi irəli sürür. Əks halda Qərbin təzyiqlərilə üzləşən bu ölkələr Moskvanın ətəyindən daha möhkəm yapışmalı olacaqlar. Moskva ona görə həvəslə Azərbaycana silah satır və Azərbaycan silahlı qüvvələrinin ara-sıra ermənilərə sərt hərbi cavablar verməsinə dözümlülüklə yanaşır ki, Ermənistanın Azərbaycandan qorxusu artıqca Rusiyaya ehtiyacı artır.

Bu dəfə isə Putin çətin seçim qarşısında qalmışdı. 24 apreldə bir tərəfdə onu Qafqazda sonucu forpostunun sakinləri “hüzn” günlərində gözləyir və öz sədaqətlərinə cavab olaraq, Rusiya prezidentinin onların dərdlərinə şərik olmasını arzulayırlar. Digər tərəfdə isə sanksiyalardan sonra “dostlaşdığı” Ərdoğan, ölkəsinin Avropa üzərində qələbəsi günündə onu yanında görmək istəyir.

“Erməni soyqırımı”nı tanımaqla Qərb bir tərəfdən Ermənistanı özünə yaxınlaşdırır, digər tərəfdən Türkiyə ilə düşmənçilik görüntüsü yaratmaqla, Moskvanın Ankara ilə həmdərd olmasını təmin edir. Yəni iki dövləti birləşdirən süni dəyər formalaşdırılır. Odur ki, Qərblə Rusiyanın münasibətlərinin mürəkkəbləşməsi fonunda Ankaranın Moskva ilə yaxınlaşmasına nə Vaşinqton, nə də Brüsselin sərt reaksiya göstərməməsi, əksinə bu yaxınlaşmaya şərait yaratmaları təəccüb doğurmamalıdır. Məsələn, Brüssel Moskvanın Qara Dənizin dibi ilə Bolqarıstana çəkdiyi qaz xəttinin tikintisinə qadağa qoydu. Ancaq həmin xəttin Türkiyə ərazisinə, oradan isə Avropaya çəkilməsinə etiraz etmir.

Sanksiyalar şəraitində Rusiyanın Türkiyəyə böyük ehtiyacı var və Ərdoğanın Putindən tədbirdə iştirak etmədiyinə görə inciməsi Moskvanı qaz xəttinin reallaşmasından, Ankara vasitəsilə neftin qiymətinə nəzarət edən ərəblərlə yaxınlaşmaqdan, strateji məhsulların idxalından məhrum edə bilər. Bundan əlavə Putinin özünün də, Avropa dövlətlərinin liderləri tərəfindən boykot olunmuş 9 may qələbə günündə mənəvi dəstəyə ehtiyacı var və Ərdoğanın cavab səfəri Rusiya prezidenti üçün əvəzolunmaz bayram hədiyyəsidir.

Təbii ki, ermənilər də özlərinin əzəli düşməni hesab etdikləri Türkiyə ilə Rusiyanın yaxınlaşmasını sinirə bilməyəcəklər və tezliklə erməni ictimai-rəyində anti-Rusiya əhval ruhiyyəsi artacaq və hətta kəskin xarakter ala bilər. Artıq Ermənistanın ictimai xadimlərində Rusiyanın Avropadan yaxın olduğu halda “soyqırım” məsələsinə münasibət bildirməməsi ilə bağlı narazılıqları səsləndirirdilər. 24 apreldə isə Avropanın ən ermənipərəst dövləti imicini qazanmış Fransanın prezidenti Fransua Olland Yerevanda olacaq buradan isə Bakıya gələcək. Fransa ermənipərəst kimi tanınsa da, Avropanın strateji maraqlarının təmin olunmasına sadiqdir və Ollandın da əsas məqsədi Ermənistanı Rusiyadan qoparmaqdır. Bu, həmin Ollandır ki, 2012-ci ildə Ermənistana səfəri zamanı rəsmi Yerevana Qərblə Şərq arasında seçim vaxtının artıq yetişməsi barədə mesaj ünvanlamışdı. Və bu, həmin Ollandır ki, 2014-cü ildə Səudiyyə Ərəbistanı və Türkiyə ilə birlikdə Suriya hakimiyyətinə qarşı koalisiya yaratmışdı. Odur ki, Ollandın bu dəfə üzərinə düşən missiya Ermənistanı yola gətirməkdir, əks halda növbəti “bahar” Ermənistana gələ bilər.

Məhz bunları nəzərə alaraq, Putin öz aləmində optimal qərarı verdi. O, aprelin 24-də Yerevana gedəcək. Ən maraqlısı isə odur ki, Qərb hər bir halda uduşdadır. Çünki Putinin Ərdoğanın dəvətinə müsbət cavab verməməsi və “soyqırım” tədbirinə qatılması Türkiyənin adekvat cavab addımları ilə nəticələnə bilər ki, bu da Rusiyanın daha da zəifləməsi və dayanıqlığını itirməsinə səbəb olacaq.

Tofiq Əsgərov
Azvision.az üçün



Teqlər:





Xəbər lenti