İnflyasiyanı `buraxmaq` lazımdır – TƏHLİL

İnflyasiyanı `buraxmaq` lazımdır – TƏHLİL
  23 Aprel 2015    Oxunub:3288
Martda inflyasiya 1 faiz də təşkil etməyib. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına əsasən, 2015-ci ilin martında ərzaq məhsullarının qiymətləri 1,8, qeyri-ərzaq malları 0,5, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 0,1 faiz səviyyəsində, ümumən istehlak mallarının qiymət və xidmət tarifləri isə əvvəlki ayla müqayisədə 0,9 faiz bahalaşıb. İstehlak mallarının qiymət və xidmət tarifləri fevral ayında isə yanvar ayı ilə müqayisədə 4, o cümlədən, ərzaq məhsulları 6,6, qeyri-ərzaq 3,1, xidmət tarifləri isə 1,2 faiz bahalaşmışdı.

2014-cü ilin müvafiq dövrünə nisbətən cari ilin yanvar-fevral aylarında istehlak mallarının qiymət və xidmət tarifləri 2,0, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,5, qeyri-ərzaq mallarının qiymətləri 1,7, xidmət tarifləri isə 1,4 faiz bahalaşmışdı.

2015-ci ilin yanvar ayında 2014-cü ilin dekabrına nisbətən ərzaq məhsullarının qiymətləri 0,4 faiz yüksəlmiş, qeyri-ərzaq malları ilə əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri dəyişməmiş, ümumən istehlak malları 0,2 faiz bahalaşmışdı.

Göründüyü kimi istehlak qiymətləri indeksi il başlanandan bəri artmaq əvəzinə azalıb. 2015-ci ildə Azərbaycanda inflyasiya 2-3 faiz proqnozlaşdırılıb. Bu barədə manatın ucuzlaşdırılacağı hələ hətta xəyalda da belə olmadığı vaxtda Mərkəzi Bankın (AMB) 2015-ci il üçün pul-kredit və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri haqda bəyanatında bildirilmişdi. Sənəddə qeyd olunmuşdu ki, AMB-nin pul siyasətində həm inflyasiya, həm də deflyasiya risklərinə çevik reaksiya veriləcək. Bu reaksiyanın xarakteri və miqyası isə inflyasiyaya təsir göstərən tələb və təklif amillərindən asılı olacaq. Təkrar edirik: bu zaman manatın dəyərinə korrektə ediləcəyi və onun ucuzlaşdırılacağı söhbəti hələ yox idi.

Fevralın 21-dəki qərardan sonra bu il Azərbaycanda 7,9 faiz inflyasiya olacağı deyilir. Beynəlxalq Valyuta Fondunun (BVF) "World Economic Outlook" hesabatında belə vurğulanıb. 2016-cı il üçün Azərbaycanda inflyasiyanı 6,2 faiz səviyyəsində proqnozlaşdırılır ki, BVF-nin bu ilin yanvarında hazırlanmış əvvəlki hesabatına əsasən isə Azərbaycanda 2015 və 2016-cı illərdə inflyasiya müvafiq olaraq 2 və 3 faiz təşkil etməli idi.

AMB-nin fevralın 21-dəki qərarından sonra təbii ki, hökumət də proqnozunu dəyişib. Lakin əksər ekspertlərlə birgə irəli sürülən yekdil gözlənti budur ki, cari ildə inflyasiya yenə birrəqəmli səviyyəni aşmayacaq və maksimum 9 faiz təşkil edəcək. Lakin birinci rübdəki tendensiya göstərir ki, deyəsən, manatın ucuzlaşmağı heç bir təsirə malik olmayacaq: ölkənin istehlak bazarında deflyasiya təzahürləri əvvəlkitək qalacaq.

Odur ki, sual yaranır: ölkə iqtisadiyyatında inflyasiyanın aşağı səviyyədə qalması necə qiymətləndirilə bilər? Və yaxud, bu, nəyin göstəricisi sayılır?

Bəllidir ki, manatın ucuzlaşdırılmasından sonra İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti dərhal istehlak bazarında sui-istifadə halları və süni qiymət artımına qarşı nəzarəti gücləndirdi və bu sahədə müvafiq tədbirlər həyata keçirməyə başladı. İstehlak bazarında qiymətlərin təşəkkül tapmasında xarici təsirlərin rolu böyük olduğundan, hökumət bahalaşma meyillərin qarşısını almaqdan ötrü çox səy göstərir və bu sahədə nəzarət daima diqqət mərkəzində saxlanılır. Bu da çox müsbət və olduqca zəruri haldır.

Dövlət başçısı da hökumətin cari ilin birinci rübünün sosial-iqtisadi yekunları və qarşıda duran vəzifələrə dair aprelin 10-da keçirilən iclasında qeyd etdi ki, inflyasiya Azərbaycanda çox aşağı səviyyədədir. “Keçən il bir faizdən bir qədər çox idi. Bu il isə 2,8 faizdir. O da çox əlamətdar hadisədir ki, manatın məzənnəsinə bu ilin fevralında dəyişikliklər edilmişdir, buna baxmayaraq, inflyasiya çox aşağı səviyyədədir. Bu, onu göstərir ki, Azərbaycanda istehlak bazarına nəzarət tam təmin edilir, dövlət və hökumət bu məsələləri daim diqqət mərkəzində saxlayır”,– deyə, Prezident İlham Əliyev bildirdi.

Həqiqətən də makroiqtisadi sabitlik daim diqqət mərkəzindədir və inflyasiyanın ilk rübdə cəmi 2,8 faiz artması müsbət göstəricidir. Təkrar edirik: fevralda manatın məzənnəsinə dəyişiklik edilməsi idxal olunan malların qiymətinə istər-istəməz təsir etməli olsa da görülən tədbirlər nəticəsində bazarda vəziyyət sabit qalıb.

Ancaq dövlət başçısı da vurğulayıb ki, inflyasiyanın aşağı səviyyədə olması insanların yaşayış səviyyəsinə müsbət təsir göstərsə də, inkişafı əngəlləyir. “Ona görə burada əlbəttə ki, düzgün balans seçilməlidir. İnflyasiya həm sosial funksiyalarını özündə ehtiva etməlidir, eyni zamanda, ölkəmizin inkişafını, xüsusilə ixrac potensialımızın genişləndirilməsini təmin etməlidir”,– deyə, ölkə başçısı əlavə edib.

Bunun üçün ABŞ və yaxud Avropa İttifaqı (Aİ) ölkələrinə diqqət yetirmək kifayət edir. ABŞ-da mart ayında istehlak qiymətləri (CPİ indeksi) səviyyəsi fevralla müqayisədə 0,2 faiz yüksəlsə də, illik baxımdan 0,1 faiz enib. Halbuki proqnozlara əsasən, birinci göstərici azı 0,3 faiz olmalı, illik nəticə isə heç olmasa dəyişməməli idi. Təsadüfi deyil ki, ABŞ-ın mərkəzi bankı bu üzdən baza faiz dərəcəsini hələ bir müddət qaldırmamağı qərara alıb.

Avrozonada isə martda istehlak qiymətləri illik olaraq ümumiyyətlə 0,1 faiz aşağı düşüb. Doğrudur, bu zaman bir ay əvvəllə müqayisədə gözlənildiyi kimi 1,1 faiz inflyasiya qeydə alınıb ki, fevarlda bu rəqəm yanvara görə cəmi 0,6 faiz təşkil etmişdi.

Ümumiyyətlə, Avrokomissiya proqnoz verib ki, cari il ərzində ümumən 0,1 faiz deflyasiya, yalnız növbəti ildə 1,3 faiz inflyasiya qeydə alınacağından iqtisadi artımdan da 2016-cı ildə danışmaq mümkün olacaq. Deməli, Azərbaycanda da inflyasiya bir qədər “buraxılsa”, yaxşıdır. O zaman, manatın 30 faizdən çox ucuzlaşdırılması da öz nəticəsini tez göstərə bilər. Yəni, tələb olunan iqtisadi artıma nail olmaq mümkün və ölkəmizdən ixrac isə çeşidli xarakter daşıyacaq.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:  





Xəbər lenti