Cüdoçularımız Yaponiyada oğurluq edib? - AÇIQLAMA

Cüdoçularımız Yaponiyada oğurluq edib? - AÇIQLAMA
  24 Aprel 2015    Oxunub:5094
Cüdo üzrə milli komandamızın Yaponiyadan oğurluğa görə deportasiya edilməsi haqda xəbərlərə Azərbaycan Cüdo Federasiyası rəsmi aydınlıq gətirib.

Federasiyanın baş katibi Elnur Camalxanov AzVision.az-a bildirib ki, millimiz Yaponiyada heç bir oğurluq hadisəsi etməyib. Cüdo üzrə millimizin ölkəyə vaxtından əvvəl qayıtmalarının səbəbi idmançılarımızın şəkil çəkdirməyi olub.

“Yaponiya elə bir ölkədir ki, orada bütün hərəkətlərə, nizam-intizama riayət etməlisən. Avropa ölkələrində buna fikir verilməsə də Yaponiyada adətlər tam fərqlidir. Bəli, səbəb şəkil şəkdirmək olub. Bu da narahatlıq yaradıb. Onlar da narazılıqlarını bildiriblər”.

E.Camalxanov onu da qeyd edib ki, şəkil çəkdirməkdən başqa, idmançılarımız zədəli olduğundan Yaponiyadan tez qayıdıblar.

Məsələ ilə bağlı federasiyada xüsusi iclas keçiriləcəyi məsələsinə də aydınlıq gətirən baş katib bildirib ki, yaranan problemlə bağlı elə bir iclas keçirilməyəcək: “Bizim mütəmadi iclaslarımız olur. Lakin bu məsələyə görə xüssusi bir iclas keçirilməyəcək. Türnirlər ərəfəsində, qarşıdan Avropa Oyunları gəlir. Bütün bunlara görə iclaslarımız keçirilir. Lakin millimizlə bağlı yaranan prolemə görə iclasın keçirilməyəcək”.

Məsələdə adı hallanan Mehman Sadıqov mağazada insident yaşandığını etiraf edib.

“Əslində orda baş verən hadisə bura bir qədər fərqli çatıb. Bəli, Qurbanla dükanda olmuşuq. Amma cibimizdə pul var idi və paltar oğurlamaqdan söhbət gedə bilməz. Paltar seçib götürdük. Ancaq üstümüzdə çek olmadığından satıcı bizi oğurluqda günahlandırdı. Ona başa salmağa çalışdıq ki, bunu oğurlamaq fikrimiz yoxdue. Bizdə dollar olduğundan pulu dəyişməliydik. “Bizi buraxın, pulu dəyişib gələk” dedik. Onlar isə yalnız polislə birgə gedib, pulu dəyişə biləcəyimizi dedilər. Polis bizdən pasport istədi. Sənədlərimiz baş məşqçidə olduğundan, Hacıağa müəllim də ora gəldi. Sənədlərimizi təqdim etdik, dolları yenlə dəyişib paltarı aldıq və məsələ bağlandı. Amma bu hadisəyə görə komandanı Yaponiyadan çıxartdılar”.

Gültəkin ƏLƏSGƏR


Teqlər:  





Xəbər lenti