`24 aprel`in sirri – ARAŞDIRMA, SƏNƏDLƏR

`24 aprel`in sirri – ARAŞDIRMA, SƏNƏDLƏR
  24 Aprel 2015    Oxunub:18804
Müsəllim Həsənov
AzVision.az üçün

Bu gün ermənilər “genosid” adlandırdıqları qondarma `soyqırımın` yüz illiyini qeyd edirlər. Amma “genosid” sözünün termin kimi yaşı hələ yüzə çatmayıb. Əgər ermənilər onların iddia etdikləri kimi, 1915-ci ildə Osmanlı imperiyasında kütləvi qırğınlara məruz qalıblarsa da, bu, o vaxt soyqırım – “genosid” ola bilməzdi. Çünki 1915-ci ildə, elə ondan təxminən 30 il sonra da dünyanın siyasi və hüquqi leksikonunda genosid sözü olmayıb.

“Nəsil” və “öldürmək” mənası verən, yunan və latın mənşəli iki sözün birləşməsindən ibarət olan “genosid” terminini yəhudi əsilli polşalı hüquqşünas Rafael Lemkin 1943-cü ildə yaradıb. Bundan daha beş il sonra - 1948-ci ildə BMT soyqırım-genosid cinayətləri haqqında Konvensiya qəbul etməklə bu terminə beynəlxalq hüquqi status verib və bu termin ermənilərin dilinin əzbəri olub.

Ona görə də, ötən əsrin ortalarına qədər ermənilər indiki kimi Amerika prezidentlərinin ağzını güdməyiblər ki, görək növbəti çıxışında “genosid” termini işlədəcək, ya yox? Yeri gəlmişkən, bu il də əvvəlki illər kimi onlar Amerika prezidentinin dilindən bu sözü eşitməməkdən yaman məyus olublar.

Bəs ermənilər “genosid” hay-küyü ilə nəyə nail olmaq istəyirlər?
Türklər onların istəyini “3-T” kimi ümumiləşdirirlər: tanıtım, təzminat, torpaq.

Məqsəd əvvəlcə qondarma soyqırımın dünya dövlətləri tərəfindən tanıdılmasına nail olmaqdır. Sonra Türkiyədən təzminat tələb olunacaq. Daha sonra isə torpaq iddiası gündəmə gələcək.

İllərdir ki, qondarma soyqırımın dünya dövlətləri tərəfindən tanıdılmasına ermənilər milyonlarla vəsait xərcləyirlər. İlk nəticə 1965-ci ildə alınıb. Uruqvay 1915-ci ildə Osmanlı imperiyasında baş verən hadisələri genosid kimi tanıyıb. Sonra Fransa, Belçika və s. Amma bu dövlətlərin sayı o qədər də çox olmayıb. BMT-nin üzvü olan 193 dövlətdən cəmi 26-sı ermənilərə, necə deyərlər, “hə” deyib. Deməli, tanıtım gözlənilən nəticəni verməyib...

Təzminat iddiasını ermənilər ilk dəfə 1919-cu ildə Paris sülh konfransında qaldırıblar.

Məlum olduğu kimi 1918-ci ilin noyabrında birinci dünya müharibəsi başa çatır və dünya liderləri yeni dünya düzənini müəyyən etmək üçün 1919-cu ilin yanvarında Fransada Paris sülh konfransına toplaşırlar. Bu konfransda iştirak etmək, öz ölkələrinin müstəqilliyinin dünya dövlətləri tərəfindən tanınmasına nail olmaq üçün üç Qafqaz Respublikasının nümayəndə heyəti də Parisə gedir.

Hər ölkədən Parisə bir nümayəndə Heyəti getdiyi halda, Osmanlı imperiyasının parçalanmasından ruhlanan ermənilər Parisə iki nümayəndə heyəti göndərirlər. Poqos Nübar paşanın rəhbərlik etdiyi erməni milli nümayəndə heyəti Türkiyə ermənilərini və erməni diasporunu təmsil edir. Ermənistan Respublikası adından Parisə daşnak partiyasının lideri Avetis Aqaronyanın rəhbərlik etdiyi nümayəndə heyəti gedir.

Doğrudur, ilk günlər iki heyət arasında ciddi fikir ayrılığı yaranır. Lakin bütün bəlaların səbəbkarı olan erməni katalikosunun məsələyə müdaxiləsindən sonra onlar bir cəbhədən çıxış etməyə başlayırlar.

Parisdə açılan maskalar

Konfransın əsas söz sahiblərindən olan Amerika Birləşmiş Ştatlarının prezidenti Vudro Vilson 1919-cu il mayın 28-də Azərbaycan Nümayəndə Heyəti ilə görüşdə Qafqaz Respublikalarının müstəqilliyinin tanınmasının hələ tez olduğunu bəyan edir, üç respublikanın Konfederasiya şəklində birləşməsi təklifini verir. Azərbaycan və Gürcüstan Nümayəndə Heyətləri bu reallıqla barışır, müvafiq danışıqlara başlayırlar. Lakin ermənilər yenə də xəyanət yolu tutur, bu birliyə qoşulmur. Çünki onların iddiası daha böyük idi.

Və bu iddialardan biri torpaq iddiası olsa da, ikincisi təzminat məsələsi idi. Bu məsələlər barədə İran əsilli Amerika alimi Firuz Kazemzadə 1951-ci ildə Amerikada çap olunmuş “Zaqafqaziya uğrunda mübarizə (1917-1921)” adlı kitabında ətraflı söhbət açıb. Onun yazdığına görə, erməni nümayəndə heyəti o vaxt ilk dəfə Parisdə Türkiyəyə qarşı təzminat iddiası qaldırır... Özü də nə az, nə çox – düz 19 milyard frank... Bu məbləğ nə qədər fantastik görünsə də, ermənilər bu pulu almağa ümid edirdilər. Bu günə qədər də ümidlə yaşayırlar...

İkinci “T” – təzminat iddiası da iddia olaraq qalır...

Torpaq iddiası isə ancaq yalançı xəritələrdə yaşayır: Dənizdən dənizə “Böyük Ermənistan” kimi...

Bununla belə, ermənilərin iddialarının əsassızlığı Qərb dövlətlərinə ilk dəfə elə həmin Paris sülh konfransı zamanı bəlli olur. F.Kazemzadə yazır: “Erməni nümayəndələri Vilsonun, Lloyd Corcun və Klemansonun ardınca düşür, hər dəqiqə onlara “Ermənistan qarşısında olan borclarını” xatırladırdı. Onların bu inadkarlığı hamını əsəbləşdirir və onlar dostlarını itirməyə başlayırlar”.

Müəllif milliyyətcə erməni olan Loris-Melikovun xatirələrinə istinad edərək daha sonra yazır: “İrəli sürdükləri hüdudsuz tələbləri və bu tələblərin irəli sürülmə tonu axırda ona gətirib çıxardı ki, adamların çoxu onlardan üz döndərdilər. İcmalar Palatasında çıxış edən Lloyd Corc demişdi: Mən bilirəm ki, ermənilərin bəzi, mən tələbləri demək istəmirəm, istəkləri çox şişirdilib. Onlar indiki şəraitdə mümkün olan çərçivədən kənara çıxırlar. Bir vaxtlar onlar dənizdən dənizə, Aralıq dənizindən Qara dənizə qədər olan böyük əraziləri Erməni çarlığına daxil edirdilər, baxmayaraq ki, bu ərazilərdə erməni əhali çox aşağı faiz təşkil ediblər”.

Erməni xislətini bütün çılpaqlığı ilə göstərən bu fikirlər Amerikada çap olunmuş kitabdan götürülüb...

Zəngəzurda qayda yaratmaq qadağandır?

Qəribədir ki, Parisdə sülh konfransının getdiyi həmin günlərdə Qarabağ, Zəngəzur və Naxçıvanda ermənilər Azərbaycanlılara divan tutur, onları dədə-baba torpaqlarından qovmağa çalışırdılar. Azərbaycanın Xarici İşlər Nazirliyi İrəvan quberniyasında dağıdılan müsəlman kəndlərinin siyahısını Parisdəki Azərbaycan Nümayəndə Heyətinə göndərir, Avropa və Amerikanın böyük dövlətlərindən kömək istəyirdi:

...Şəhərlərdə,qəzalarda, kəndlərdə,hətta İrəvanda erməni silahlı və quldur dəstələri ac canavarr kimi müsəlmanların üstünə düşür, hər gecə üç, dörd müsəlman evi hücuma, basqına və qırğına məruz qalır.

***

...əgər vəziyyət belə davam edərsə, gün kimi aydındır ki, Ermənistanda yaşayan müsəlmanlar məhvə məhkumdur. Ona görə də Ermənistanda yaşayan bütün müsəlmanlar Sizə - Böyük Dövlətlərə müraciət edir ki, həqiqət, ədalət və insanlıq naminə Ermənistanda yaşayan müsəlman əhalinin vəziyyətini nəzərə alaraq onların hüquqlarının müdafiəsinə qalxıb, onlara kömək əli uzadasınız.


Böyük dövlətlərdən kömək uman gənc müstəqil dövlətə verilən cavablar isə qəribə səslənirdi:

...Müttəfiq qoşunların Bakıdakı komandanı Şatelvort bildirib ki, Zəngəzurda Azərbaycan hakimiyyəti yaradılmayacaq. Azərbaycan hakimiyyəti tərəfindən Zəngəzurda və ətraf rayonlarda hərbi güc tətbiq edilməsi qadağan edilir və bu, müttəfiqlərə qarşı çıxmaq kimi qiymətləndiriləcək.

14 noyabr 1919.
Tiflis.


Müttəfiq qoşunların Ali Komissarının müavini Polkovnik Rey baş nazir Nəsibbəy Usubbəyova

...Mənə çatan məlumata görə Zəngəzur ətrafına cəmləşdirilən Azərbaycan qoşunları ciddi aqressiv hərəkətə keçib. Sülh Konfransı adından və Konfransın nümayəndəsi kimi təkid edirəm ki, qan tökülməsinin qarşısını almaq üçün dərhal tədbirlər görəsiniz.


17 noyabr 1919
Polkovnik Reyə


Sizin 14 noyabr tarixli teleqrama vcavab olaraq bildirməyi şərəf sayıram ki, Zəngəzur Azərbaycan Respublikasının ayrılmaz hissəsidir və bunu Müttəfiqlərin Komandanlığı, Sülh Konfransının ali komissarı polkovnik Qaskel də təsdiq edib.
...Son məlumatlara görə Ermənistan hərbi qüvvələri Zəngəzura yeridildiyinə görə Azərbaycan hökuməti bu ərazidə qayda-qanunu təmin etmək məqsədilə Qarabağın general-qubernatoruna hərbi kömək göndərməyə məcbur olmuşdur.
Hökumətin sədri Usubbəyov.

İrəvan quberniyası təhlükədə

İrəvan quberniyasında, Zəngəzurda və Naxçıvanda vəziyyət isə həqiqətən ağır idi:

Azərbaycan Xarici İşlər Nazirliyinin radio vasitəsilə yaydığı məlumat
Hamıya, hamıya...
... ermənilər hərbi texnikanın və hökumət nümayəndələrinin iştirakı ilə İrəvan hökumətinin idarəçiliyində olan rayonlarda mülki müsəlman əhaliyə sistematik divan tutmağa başlayıb. Avqustun 17-dən 31-dək Sürməli, Eçmədzin və Yeni Bəyazit qəzalarında müsəlman əhalinin yaşadığı 50-yə yaxın kənd qırğınlara məruz qalıb...


25 aprel 1919.
İrəvan. Azərbaycanın Diplomatik nümayəndiliyinə

...Hökumət məlumat alıb ki, Yeni Bəyazit erməniləri Şişqaya kəndinə hücum edib, əhalini qırıblar. Hazırda Cil kəndinə hücum edirlər.
Ermənilərin hücumunun dərhal dayandırılması ilə bağlı təcili addımlar atın, habelə Beynəlxalq Komissiyaya məlumat verin.


May, 1919
Azərbaycanın İrəvandakı nümayəndəsi Tekinski Bakıya:

...Naxçıvanlılar soruşur ki, necə hərəkət edək? Əgər Naxçıvanlılar ermənilərə müqavimət göstərməyə başlasa Azərbaycan hökuməti köməyə gələcəkmi?

Ölkənin ayrı-ayrı regionlarında ermənilərin törətdiyi qırğınlar səbəbindən 1920-ci ilin aprelində Azərbaycan Xalq Cumhuriyyəti şimaldan daxil olan 11-ci Qızıl Ordunun qarşısına qoşun çıxara bilmir. Ordu Qarabağda ermənilərlə döyüşürdü...

Həmin ərəfədə “Daşnaksütün” partiyasının İrəvanda keçirilən qurultayında guya ermənilərin qətlində günahı olan 650 nəfər türkün, o cümlədən Azərbaycan Xalq Cumhuriyyətinin liderlərinin adının daxil edildiyi “qara siyahı” hazırlanır. “Nemezis” adı ilə tanınan bu qisas əməliyyatının məqsədi türk liderlərini terror yolu ilə aradan götürmək idi.

Bu planla 1920-ci il iyunun 19-da sabiq baş nazir Fətəli xan Xoyski Tiflisdə qətlə yetirilir...

Ondan bir ay sonra Azərbaycan parlamentinin sədr müavini Həsən bəy Ağayev öldürülür...

1921-ci ilin martında Türkiyənin sabiq daxili işlər naziri Tələt paşa Berlində qətlə yetirilir...

Həmin ilin iyulunda Konstantinopolda Azərbaycanın sabiq Daxili İşlər Naziri Behbud xan Cavanşir öldürülür...

Və bu qətllər davam edir...

Sovet ermənilərinin torpaq arzusu

Azərbaycanda və Ermənistanda bolşevik hakimiyyəti qurulduqdan bir neçə il sonra Sovet İttifaqında yaşayan ermənilər sanki bütün iddialaırını unudur, bir növ terroru da dayandırırlar. Torpaq iddiası istisna olmaqla...

Ermənilər bütün iddialarını bir də ikinci dünya müharibəsi başa çatandan sonra xatırlayırlar. Dünyanın hər yerinə səpələnmiş erməni diasporu yenidən fəallaşır, müxtəlif terror aktları törətməklə “erməni məsələsi”ni təzədən aktuallaşdırırlar. Onlar ümid edirlər ki, qalib Stalin Türkiyənin bəzi vilayətlərinin SSRİ-yə, deməli Ermənistana birləşdirilməsinə nail olacaq. Ona görə də xaricdə yaşayan ermənilərin Sovet İttifaqına köçürülməsi məsələsini dövlət səviyyəsində həll edirlər. Köçürmələr başlanır, amma...

1945-ci ilin iyununda SSRİ Xalq Xarici İşlər komissarı V.Molotov Türkiyənin Moskvadakı səfirini qəbul edir və bildirir ki, onun ölkəsinin Türkiyə dövlətinə heç bir torpaq iddiası yoxdur!

Bununla da sovet-türkiyə münasibətləri yenidən normallaşır...

Və nə qədər ağır olsa da, sovet erməniləri bu tarixi reallıqla barışmalı olurlar. Amma xaricdəki erməni diasporu yenidən soyqırım mövzusunu ortaya atır, birinci dünya müharibəsi illərində Osmanlı imperiyası ərazisində həlak olanların sayını şişirdir, bu rəqəmin milyon yarım olduğunu iddia edir.

Ermənilər özlərinin kütləvi qırğına məruz qalmaları barədə iddialarını uzun illər “kütləvi qırğın” və ya “böyük fəlakət” adlandırır, 1948-ci ildə BMT-nin müvafiq Konvensiyası qəbul olunduqdan sonra isə “genosid” adlandırmağa başlayırlar...

Bəs əslində həmin 1915-ci ildə Osmanlı dövlətinin ərazisində nə baş verib? Bu hadisələri qısaca belə ümumiləşdirmək olar: Birinci Dünya Müharibəsi illərində Osmanlının təəbəsi olan erməni döyüşçüləri xəyanətə əl atır, silahı türklərə qarşı yönəldir, kütləvi şəkildə Rusiya tərəfə keçirlər. Təbii ki, bu işdə çar Rusiyası da fəal rol oynayır və rəqibini – Türkiyəni zəiflətmək məqsədilə ermənilərdən alət kimi istifadə edir.

Vəziyyətin bu şəkil aldğını görən Osmanlı hökuməti 1915-ci ilin mayında ermənilərin kütləvi şəkildə imperiyanın içərilərinə doğru – indiki Suriya və Livan ərazisinə köçürülməsi barədə qərar qəbul edir. Təbii ki, bu köçürmələr ağrısız-acısız ötüşmür, xəstəlikdən və ya başqa səbəblərdən həyatını itirənlər də az olmur. Üstəlik birbaşa xəyanətdə əli olan əsgər və zabitlər müharibə qanunları əsasında güllələnir.

Bəs bu köçürmələr 1915-ci ilin mayında baş vermişdisə, ermənilər niyə qondarma soyqırım günü kimi aprelin 24-ü seçiblər?

Ardı BURADA

Qalereya




Teqlər:  





Xəbər lenti