Təhsil naziri rektorlara xəbərdarlıq etdi

Təhsil naziri rektorlara xəbərdarlıq etdi
  27 May 2013    Oxunub:1328
Təhsil naziri Mikayıl Cabbarov ali və orta ixtisas təhsili müəssisələrində 2012/2013-cü tədris ilinin yaz semestrinin imtahan sessiyasını mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək məqsədilə əmr imzalayıb.

Təhsil naziri Mikayıl Cabbarov başa çatmaqda olan dərs ilinin sonunda ali məktəblərdə keçirilən imtahan sessiyalarını nəzarətdə saxlayacağını bildirib. AzVision.az-ın məlumatına görə, təhsil naziri Mikayıl Cabbarov ali və orta ixtisas təhsili müəssisələrində 2012/2013-cü tədris ilinin yaz semestrinin imtahan sessiyasını mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək məqsədilə əmr imzalayıb.

Əmrdə ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə aşağıdakı tapşırıqlar verilib:

- imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkil olunmasını təmin etsinlər;
- rəhbərlik etdikləri təhsil müəssisələrində imtahan qərargahını yaratsınlar və qərargaha daxil olan hər bir şikayətin qısa müddətdə operativ şəkildə araşdırılmasını təmin etsinlər;
- imtahan sessiyasında şəffaflığı təmin etmək üçün imtahanlarda geniş ictimaiyyətin və valideynlərin iştirakına şərait yaratsınlar;
- imtahanların təşkilində və gedişində nöqsanlara, neqativ hallara yol vermiş şəxslər barədə mövcud qanunvericiliyə uyğun tədbirlər görsünlər;
- nəzərə alsınlar ki, rəhbərlik etdikləri təhsil müəssisəsində baş verə biləcək hər bir neqativ hala görə məsuliyyət daşıyırlar;
- imtahan sessiyasının təşkili, keçirilməsi və nəticələri barədə sessiya bitdikdən sonra 15 gün müddətinə Təhsil Nazirliyinə yekun hesabat versinlər.

Təhsil Nazirliyinin Aparatı rəhbəri İ.Pirməmmədov, Ali və orta ixtisas təhsili şöbəsinin müdiri İ.Mustafayevə isə tapşırılıb ki, imtahan sessiyasına hazırlıq dövründə və sessiya müddətində təhsil müəssisələrində baş vermiş neqativ hallarla bağlı daxil olan məlumatları operativ araşdırsınlar və onların yol verilməsində günahı olan şəxslər barədə tədbir görmək üçün təkliflər hazırlasınlar. Bundan başqa onlar ali və orta ixtisas təhsili müəssisələrində yaz semestrinin imtahan sessiyalarının nəticələrini təhlil edib müvafiq arayışları müzakirəyə təqdim etməlidirlər. Nazirliyin İctimaiyyətlə əlaqə şöbəsi Təhsil Nazirliyinin «Qaynar xətt» xidmətinin fəaliyyəti və imtahan sessiyasının gedişi barədə kütləvi informasiya vasitələrinə müntəzəm olaraq məlumat verilməsini təmin etməlidir.

AzVision.az


Teqlər:  





Xəbər lenti