Yaxın Şərqdə `vurulmaq` növbəsi kimindir? – TƏHLİL

Yaxın Şərqdə `vurulmaq` növbəsi kimindir? – TƏHLİL
  26 Aprel 2015    Oxunub:9720
Amerikanın diktəsi ilə beynəlxalq `altılığın` İrana qarşı sanksiyaları ləğv etməsi Yaxın Şərqdə hegemonluğu ələ almaq istəyən Səudiyyə Ərəbistanının başçılıq etdiyi sünni ittifaqının planlarını poza bilər. Keçən müddət ərzində sünnilər regiondakı nüfuz savaşında kifayət qədər uğur əldə etsələr də, İranın nəzarətində olan hansısa ölkənin tam olaraq ələ keçirə bilmədilər. Bəşər Əsəd hələ də hakimiyyətdədir və müxalif qüvvələrə İranın köməkliyi ilə müqavimət göstərə bilir, Yəməndə şiə prezident Əli Abdullah Saleh devrilsə də, bu ölkə nəzarətə götürülə bilmir və artıq sülh danışıqlarını başlanılması Səudiyyə Ərəbistanının silahlı hücumunun uğursuzluğundan xəbər verir.

Misirdə sünnilərin yaratdığı “Müsəlman qardaşıları”nın nümayəndəsi Mursi hakimiyyətə gətirilsə də, hərbiçilər tərəfindən devrilir və Qahirədə prezident postuna balanslaşdırılmış siyasət tərəfdarı olan avtoritar lider əs-Sisi yiyələnir. Beləliklə, Səudiyyə Ərəbistanının Avropaya gedən əsas quru və dəniz marşrutları – Yəmənin nəzarətində olan Bab-əl-Məndəb boğazı, İranın nəzarətində olan Suriya-Livan-Aralıq dənizi marşrutu və Misirin nəzarətundə olan Süveyş kanalına nəzarəti ələ keçirmək planları reallaşmamış qalır. Ancaq Tehranın da Misir istisna olmaqla digər marşrutlardakı nəzarəti kifayət qədər zəifləyib. Lakin sanksiyaların ləğvindən sonra İranın artacaq iqtisadi gücü itirdiyi mövqeləri bərpa etməyə imkan yarada bilər.

Bütün bu proseslərdə daha çox tamaşaçı roluyla kifayətlənən regionun əsas güc mərkəzi olan İsrailin mövqeyi maraq doğurmaya bilməz. Əslində regionda iki qarşıduran tərəfin mövcudluğu və bir-birilə mübarizə aparması yəhudi dövlətinin işinə yarayır: çünki müsəlmanların əzəli düşməni hələ ki, ikinci plandadır. Lakin İranın regionda yenidən fəallaşması İsraili preventiv addımlar atmağa təhrik edə bilər.

İrana qarşı sanksiyaların ləğvi onunla izah edilir ki, Vaşinqton bu yolla birincisi regionda balansı qorumağa çalışır, ikincisi isə, Tehranı Moskva ilə ənənəvi tərəfdaşlıqdan çəkindirmək istəyir. Lakin proseslər onu göstərir ki, nə Tehran, nə də Moskva bir-biri ilə hərbi əməkdaşlıqdan imtina etmək fikrində deyillər. Belə ki, İsrailin etirazlarına baxmayaraq, Rusiya İrana `S-300` raket komplekslərini satmaq barədə qərarını ləğv etmədi.

İranın raket komplekslərindən kimə qarşı istifadə edəcəyi hələlik məlum deyil. Rusiyanın xarici işləri naziri Sergey Lavrov “İki ölkənin hərbi sahədə əməkdaşlığı davam etdirəcəyini və `S-300` komplekslərinin İrana `Yəmənin vəziyyətinə düşməmək imkanı yaratdığını` deməklə, yəhudilərə işarə edir ki, narahat olmasınlar, Tehran silahı sünnilərdən müdafiə üçün əldə edir. Ancaq təbii ki, İsrail riskə gedə bilməz. Çünki əvvəlki illərdə İsrail ərazisi Suriya və Livandan Rusiya istehsalı olan raketlər vasitəsilə ətəşə tutulub. Rusiyadan alınmış silahlar bir çox hallarda Suriya, yaxud Livanda yerləşən “Hizbullah” təşkilatına ötürülürdü.

Rusiyanı İranla hərbi əməkdaşlığa vadar edən bir neçə səbəb var. Birincisi iqtisadi maraqlardır ki, sanksiyalarla üzləşmiş Rusiya əlavə gəlir qazanacaq. İkinci səbəb isə, Putinin neftin qiymətinə təsir etmək üçün Səudiyyə Ərəbistanı ilə yaxınlaşmaq cəhdlərinin uğursuzluğa düçar olması ilə bağlıdır.

Ərəb Ölkələri Liqasının sammitinə müraciət ünvanlayan Putin Yaxın Şərqdə münaqişələrin sülh yolu ilə həllini arzuladığını və Fələstinə dövlət statusunun verilməsinə tərəfdarı olduğunu bildirmişdi. Lakin Ər-Riyad Kremlin səmimiliyinə inanmadı və hətta Səudiyyə Ərəbistanının xarici işlər naziri Saud əl-Feysal Putini ikiüzlülükdə günahlandırdı. Belə olan halda, Kreml təzyiq metoduna əl atmaq qərarına gəldi. Güman ki, Moskva Səudiyyə Ərəbistanının regiondakı düşməni olan İrana açıq dəstək göstərməklə Ər-Riyadı neft məsələsində danışıqlar masasına cəlb etməyə çalışır.

Beləliklə, Putin sünni ərəblərlə yaxınlaşa bilmədi, üstəgəl, İsrailin qəzəbinə səbəb olacaq addımlar atdı.

İsrailin cavab addımları nədən ibarət ola bilər? İlk növbədə Ukrayna cəbhəsində İsrailin Kiyevə dəstək göstərəcəyi şübhəsizdir. Xatırlamaq yerinə düşər ki, 2014-cü ildə İsrailin Ukraynaya pilotsuz təyyarə satmaq planlarına Moskva etiraz etmiş və Tel-Əviv bu planın reallaşmasını dayandırmışdı. Ancaq artıq, İsrail Ukraynaya silah satmaq planlarına yenidən baxacaq. Üstəgəl, İsrailin Ukraynaya göndərilər çeçen və gürcü hərbçilərindən ibarət muzdlu hərbi qüvvələrin təlim və silahlandırılmasını maliyyələşdirməsi barədə məlumatlar yayılıb.

Minsk razılaşmalarından sonra Ukraynada hələ ki, atəşkəs hökm sürsə də, Kiyev bu müddətdən öz ordusunun gücləndirilməsi üçün istifadə edir. Qərb dövlətləri Ukrayna ordusunu ən müasir silahlarla təchiz etməklə yanaşı, Amerika, Britaniya və Kanada hərbi ekspertlərinin iştirakıyla təlimlər aparılır. Odur ki, yaxın vaxtlarda Donbas və Luqansk istiqamətində Ukrayna ordusunun genişmiqyaslı hücumlarını gözləmək olar.

Yaxın Şərqə gəldikdə isə, sünnilər İranın yeganə ziyan görməmiş dayaq nöqtəsi “Hizbullah” təşkilatını məhv etmək üçün Livana zərbə etdirə bilərlər. Bu mənada sünnilərlə İsrailin maraqları üst-üstə düşür. Livana İsrailin hərbi müdaxiləsi də istisna olunmamalıdır. Odur ki, Yaxın Şərqdə növbəti qaynar nöqtə Livan ərazisi ola bilər.

Tofiq Əsgərov
AzVision.az



Teqlər:  





Xəbər lenti