Məmurların fotoqrafı: `Mənim üçün pul önəmli deyil`- MÜSAHİBƏ

Məmurların fotoqrafı: `Mənim üçün pul önəmli deyil`- MÜSAHİBƏ
  26 Aprel 2015    Oxunub:32591
`Şəklini çəkəcəyim insanın kim olması məni maraqlandırmır`

Azərbaycanın tanınmış fotoqrafı Orxan Aslanov AzVision.az-a müsahibəsində bir sıra maraqlı məqamlara toxunub. O, məmur ailələri ilə iş birliyindən, çəkdiyi fotoların qiymətindən danışıb, eləcə də haqqında deyilən söz-söhbətlərə aydınlıq gətirib.

-Orxan Aslanov Azərbaycanda kifayət qədər populyar fotoqrafdır. Sizi daha çox “məmurların fotoqrafı” kimi tanıyırlar. Bəs, siz özünüzü necə təqdim edərdiniz?

- Mən də sizin kimi adi bir insanam. Orxan Aslanov öz işinə iş kimi baxmayan biridir. Mənə həmişə suallar verirlər ki, işin çox çətindir. Amma buna iş kimi baxmıram. Fotolar çəkməklə həyatdan həzz alıram. Bu baxımdan deyə bilərəm ki, Orxan Aslanov fotoqrafdır. Öz işini sevən insandır, vətənpərvərdir. İndiki vaxtda hər kəs vətənpərvər olmalıdır. Hər kəs öz ölkəsinin təbliğatı ilə məşğul olmalıdır.

- “Mənim Azərbaycanım” adlı layihəniz də görünür vətənpərvər olmanızdan irəli gəlir.

-Təbiəti çox sevdiyim üçün “Mənim Azərbaycanım” layihəsinə başladım. Sevə-sevə təbiətin şəkillərini çəkirəm. İki-üç il bundan öncə mənə desəydilər ki, sən təbiəti çəkəcəksən, buna heç vaxt inanmazdım. Çünki əvvəllər mən təbiəti çəkməyi sevmirdim. Peyzaj mənlik deyildi. Gəzməyi, dağlara çıxmağı sevirdim, təbiətə baxıb, ondan ləzzət alırdım. Onun qışına, payızına, yazına, heyranlıqla tamaşa edirdim. Amma həmin mənzələrin fotosunu çəkmirdim.

Bir dəfə dostum mənə zəng edib, rayonlarımızdan birinin şəklini istədi. Ona belə şəkillər çəkmədiyimi dedim. Bildirdim ki, mən şəhər, təbiət şəkilləri çəkmirəm. Ona “Google”yə daxil olub, oradan şəkil axtarmağı məsləhət gördüm. Daha sonra mənə yenidən zəng vurub dedi ki, internetdə bölgələrimizlə bağlı keyfiyyətli şəkil yoxdur. Mən özüm də Azərbaycanla bağlı internetdə şəkillər axtarmağa başladım. Amma heç bir yerdə bizim çəkdiyimiz keyfiyyətdə şəkillər tapa bilmədim.

Bu hadisədən sonra beynimə belə bir fikir gəldi ki, mən Azərbaycanı gəzməliyəm və şəkillər çəkməliyəm. Həyat yoldaşımla birlikdə maşına əyləşib, Gəncəyə gəzməyə getdik. Gəncədən Tovuz, Gədəbəy Qax , Zaqatala və Ağdaşa səfər etdik, orada şəkillər çəkməyə başladım. Sonra geri qaytıq. Həmin şəkilləri regionlara uyğun olaraq qruplara bölüb, internetə yüklədim və insanlara göstərdim. Birdən şoka düşdüm. Çünki həmin vaxta qədər mən 10 ildir ki, fotoqrafiya ilə məğul olurdum. Amma insanların şəkillərə baxıb bu qədər sevindiyini heç vaxt görməmişdim. Həmin fotolara baxaraq ölkəmizdən, vətənimizdən zövq alan insanları gördüm. Bu, çox qürurverici idi.

Nəhayət “Mənim Azərbaycanım” layihəsini yaratmağa qərar verdim. Şəkillərim çox sevildi. Hətta misal üçün deyim ki, Qaxa xeyli vaxtdir ki, getməyən bir şəxs oranın şəkillərini görən kimi həmin regiona getmək istəyir, eləcə də digər bölgələrimizə...

- Sizdən müsahibə almaq üçün xeyli vaxt gözləməli olduq. Görünür vaxtınız çox məhduddur. Belə bir böyük layihəyə başlamaqda məqsədiniz nə idi, bunun üçün sizə maliyyə yardımı ayrılmışdımı?

- “Mənim Azərbaycanım” bütövlükdə qeyri-kommersiya layihəsidir. Burada pul güdülmür. Ona görə də məndən qabaq belə bir layihəni heç kim həyata keçirməyib. Çünki həmin adamlar düşünürdülər ki, qazanc olmadığı üçün bu layihəni işləmək lazım deyil. Mən layihəyə uyğun olaraq bəzi fotoqraflara bölgələrimizin şəkillərini çəkməyi təklif etdim. Amma onlar qazancı soruşdular. Mən isə “kayfa” deyərək cavab verdim. Dedim ki, gəlin samovar götürüb bölgələrimizə gedək, şəkil çəkərik, kabab bişirərik.

Fikirləşdim ki, bunu mən etməsəm heç kəs etməyəcək. Və “Mənim Azərbaycanım” dedim və layihəmi həyat keçirməyə başladım. Hazırda da layihəmiz uğurla davam edir.

Layihəyə uyğun olaraq sayt yaratmışıq. Bir-iki həftəyə saytın açılışı olacaq. Bununla yanaşı biz “time lapse” sistemi ilə 7-8 ay ərzində Azərbaycan haqqında çəkdiyimiz filmi də təqdim edəcəyik. Çox güman ki, filmi may ayının sonlarında təqdim edəcəyik.

Bundan sonra layihəmizə dəstək olan qurumlarla birlikdə çalışacağıq. Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi ilə danışıqlar aparacağıq. Onu da qeyd edim ki, elə şəkillərimiz də olacaq ki, biz onları pulla satacağıq.

“Mənim Azərbaycanım”da qərəz ola bilməz. Biz bu layihəyə çoxlu fotoqrafları cəlb edəcəyik. Həmin fotoqraflar bizə könüllü qoşulacaqlar. Əlbəttə ki, həmin fotoqrafların zövqləri bizimki ilə yaxın olmalıdır. Zövqsüz fotoqrafla işləməyəcəyik. Artıq bir komanda halında toplanmışıq. “Mənim Azərbaycanım”da insanlar özlərinə lazım olacaq hər şeyi tapacaqlar.

-Keçək Orxan Aslanovun dillərəzbəri olan fotosessiyalarına! Sizin çəkdiyiniz fotoların digər həmkarlarınızın çəkdiyinindən fərqi nədir? Eşitdiyimizə görə, fotosessiyalarınız heç də ucuz başa gəlmir. Əsasən elit məclislərə dəvət olunursunuz. Kimlərin fotolarını çəkirsiniz?

- Ayrı-ayrı şəxslər üçün fotosessiyalar da edirəm. Əsasən iki janrda çəkilişlər edirik. Biri var istədiyim, biri də var sifariş olunan janr. Çox vaxt çalışıram ki, istəmədiyim janrda çəkiliş etməyim. Biz portret, komersiya-reklam, toy, ailə, təbiət, interyer, detal-predment çəkilişləri edirik. Uşaqların şəkillərini çəkməyi çox sevirəm. Bizim professional çəkilişlər etmək üçün fotostudiyamız da var. Yanımıza gələn müştərilər “yox” sözü eşitməməlidir. Həmişə çətin işləri olan insanlar bizə müraciət edirlər. Çünki onlar bilirlər ki, arzularını yalnız biz reallaşdıra bilərik.

Mənim üçün insanlar fərqli deyil, hamı eynidir. Mənə fotosunu çəkəcəyim insanın kim olmasının heç bir fərqi yoxdur. Həmin şəxslərin kimliyi, harada işləməsi ilə sözün açığı heç maraqlanmıram. Əsas şəkillərin yaxşı olmasıdır.

Onu da qeyd edim ki, indi məşhurlarla işləmirəm. Sonuncu fotosessiyanı məşhur müğənnimiz Tünzalə Ağayeva üçün etmişəm. Onun saytı, diski və posterləri üçün şəkillər çəkmişəm. Demək olar ki, müğənnilərin hamısı ilə işləmişəm.

Məşhurlarla ünsiyyətim yaxşı alınır. Fotolarını çəkdiyim ən şən və zarafatcıl məşhurlar Tünzalə Ağayeva və Abbas Bağırovdur. Onlarla işləməyi daha çox sevirəm. Bəzi məşhurlar var ki, onlarla ünsiyyətim yaxşı alınmır. Bundan əlavə aktyorlar və rejissorlarla da işləmişəm.

-Dünya çapında məşhurlarla çalışmaq istərdinizmi? Yaxud hansı uldunuz şəklini çəkməyi arzulayırsan?

-Heç vaxt Hollywood məşhurları ilə işləməyi dünməmişəm. Xarici məşhurlarla da çalışmışamş Əsasən Rusiyalı məşhurlarla işbirliyim çox olub. Məşhur yazıçı Frederik Beqbederlə çalışmışam. 10 il ərzində o qədər adam çəkmişəm ki, adlarını da unutmuşam.
Görülən işin qiyməti çətinlikdən aslı olaraq dəyişir. Çətin işin qiyməti də çox olur. Amma bəzən elə insanlar olur ki, onlar yalnız fotolarını bizim çəkməyimizi istəyirlər. Bəziləri pullarının olmadığını söyləyirlər. Əgər həmin gün bizim başqa işimiz yoxdursa gedib, onların şəkillərini çəkirik. Pul verənlə, verməyənin mənim üçün heç bir fərqi yoxdur. Əgər həmin şəxsin pulu yoxdursa, bu o demək deyil, mən onun şəkillərini keyfiyyətsiz çəkəcəyəm? Bu baxımdan biz hər kəsdən fərqlənirik. Çünki indiyə qədər yalnız yüksək keyfiyyətli fotolar çəkmişik. Kasıbla varlı arasında heç vaxt fərq qoymamışıq.

Çox məşhurla adi adamın arasında heç bir fərq yoxdur. Bəzən məşhurların istəkləri adi adamdan qat-qat çox olur. Adi adamlar bizə deyirlər ki, onlar üçün yalnız xoşlarına gələcək fotonu çəkək. Onlarla işləmək daha rahat olur.

-Bildiyimizə görə, siz hər toya getmirsiniz. Müştıriləriniz əsasən məmurlar və imkanlı şəxslərdir. Çəkilişə heç kənd toylarına getmisinizmi? Yoxsa sizin üçün əsil toylar bahalı restoranlarda olur?

- Toy çəkilişləri edirəm. Məni sifariş edən şəxslərin kimliyini heç vaxt öyrənməmişəm. Həmin adamlar işlərinin nəticəsinin super olması üçün bu seçimi edirlər. Ona görə də mənim üçün onlarla işləmək heç də çətin olmur. “Bunu niyə belə çəkdin, başqa cürə çəkməliyindin” kimi heç vaxt mənə suallar vermirlər. Məni sifariş edən adamlar əmindirlər ki, işimin nəticəsi 100% super olacaq. Onların bu əminliyini isə uzun illər çəkdiyim əziyyət nəticəsində qazanmışam.

Elitar təbəqə ilə bir-birimizi əla başa düşürük. İnsan artıq heç nə fikirləşmədən professional fotoqrafları toyuna dəvət edir. Bundan sonra həmin şəxslər şəkillərin yaxşı və pis olması haqda düşünmürlər. Çünki onlar toylarına peşəkar fotoqrafları dəvət ediblər.

Adi bir adamla məşhur bir insana çəkdiyim fotoların arasında heç bir qiymət fərqi olmur.
Mənim üçün kaprizli məşhur yoxdur. Çünki özüm də kaprizsizəm. Əgər kiminsə kaprizi varsa, demək həmin şəxsin fotoları da yaxşı çıxmayacaq. Həmin adamlar mənə yox, özlərinə kapriz edirlər.

-Orxan Aslanovun bundan sonra hədəfi nədir?

-Hədəflərim çoxdur. Həyat davam etdikcə, insanın yeni-yeni hədəfləri yaranır. Birinci sinifdə uşağın əsas hədəfi məktəbdən çıxıb evə qayıtmaq idi. 3-cü sinifdə isə dərsdən çıxıb futbol oynamaq olur. İnsan yaşa dolduqca onun hədəfləri də dəyişir, daha da ciddiləşir.
İndiki zamanda ən böyük hədəfim bir neçə gündən sonra dünyaya gələcək qızımın fotolarını çəkməkdir. Çox istəyirəm ki, onun şəkillərini çəkim. Mənim üçün əsas budur.

-İstərdinizmi övladınız da sizin kimi fotoqraf olsun?

-Sözün düzü istəmirəm ki, övladım fotoqraf olsun. Bu, onun öz istəyindən aslıdır. Əgər istəsə, fotoqraf ola bilər. Ona öz istəyinə çatması üçün maksimum dərəcədə kömək edəcəyəm.

Sonda onu da qeyd edim ki, işğal altında olan torpaqlarımıza getmək və fotolarını çəkmək mənim ən böyük arzumdur. Nə qədər Azərbaycanın fotolarını çəksəm də yaşlı bir insanla qarşıladıqda mənə deyirlər ki, kaş Kəlbəcərə, Şuşaya da gedərdim. Həmin rayonlarımız çox gözəl təbiətə və mənzərəyə malikdirlər.

Şükürlər olsun, Orxan Aslanov indi tutduğu pillədən çox razıdır. Mən dünyada öz istədiyi işlə məşğul olan azsaylı insanlardan biriyəm.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti