SSRİ-də `soyqırım` nağılı necə və niyə başlamışdı – ARAŞDIRMA, SƏNƏDLƏR

SSRİ-də `soyqırım` nağılı necə və niyə başlamışdı – ARAŞDIRMA, SƏNƏDLƏR
  29 Aprel 2015    Oxunub:17917
Əvvəli burada

...Bəs bu köçürmələr 1915-ci ilin mayında baş vermişdisə, ermənilər niyə qondarma soyqırım günü kimi aprelin 24-ü seçiblər? Məsələ burasındadır ki, 1915-ci il aprelin 24-də dövlətə qarşı çıxan, xəyanət yolu tutan bir qrup erməni lideri İstanbulda həbs olunub. Vəssalam!


Tarixi sənədlər sübut edir ki, xəyanət etməyən, dövlətə qarşı çıxmayan ermənilər İstanbulda və Osmanlının digər şəhərlərində azad yaşayıb və onların törəmələri bu gün də Türkiyədə sərbəst yaşayırlar.

Xruşşov və qondarma `soyqırım` iddiası

SSRİ yaradıldıqdan sonra ermənilər Sovet İttifaqında da pis yaşamayıblar. Ona görə də sovet erməniləri uzun illər bu mövzunu heç yada da salmayıblar. Onlar qondarma soyqırım barədə yalnız ötən əsrin 50-cı illərindən sonra açıq danışmağa başlayıblar. Bunun da səbəbi var: 1952-ci ildə Türkiyə NATO-ya daxil olur və SSRİ -Türkiyə münasibətləri yenidən soyuyur. Ermənilər bu dəfə sovetlərin əlində alətə çevrilirlər.

Ötən əsrin 60-cı illərinin əvvəllərində isə sovet erməniləri bir az da fəallaşırlar. Bu, həmin illərdə hakimiyyətdə olan Nikita Xruşşovun liberal idarəçilik metodunun yaratdığı mülayimləşmə ilə əlaqədar idi.

1961-ci ildə N.Xruşşov Yerevana səfər edir. Və bu səfər zamanı respublika rəhbərləri, xüsusən kilsə xadimləri ilə görüşlərdə ilk dəfə sovet rəhbərinə erməni xalqının “ağrıları” barədə ətraflı məlumat verilir, bir növ qondarma soyqırımın gündəmə gətirilməsi üçün ilk cəhdlər edilir. Kilsə xadimləri sovet liderindən xaricdə yaşayan ermənilərin SSRİ-yə qaytarılması tədbirlərinin davam etdirilməsini, eləcə də qondarma soyqırımın hər il qeyd olunmasına icazə istəyirlər.

Bir neçə il sonra - 1964-cü ildə Ermənistan KP MK-nın birinci katibi Zorabyan qondarma erməni qırğınlarının 50 illiyi ilə əlaqədar tədbirlər keçirilməsinə icazə verilməsi xahişi ilə Moskvaya müraciət ünvanlayır. Həmin müraciətdə, diqqət edin, - soyqırım abidəsinə yox, “Birinci dünya müharibəsi illərində həlak olan ermənilərə abidə qoyulmasına” icazə istənilir... Eyni zamanda `soyqırım` barədə kütləvi informasiya vasitələrində yazılar verilməsi xahiş olunur.

Və ilk dəfə 1965-ci il aprelin 24-də yox, 25-də “Pravda” qəzetinin 4-cü səhifəsində “Soyqırım bəşəriyyət qarşısında ən ağır cinayətdir” adlı yazı dərc olunur. Akademik Nersisyan və tarix elmləri doktoru Uşakovun imzası ilə çıxan yazıda faşizmin törətdiyi əməllərdən, Cənubi Afrikada baş verən hadisələrdən danışılır. Bu boyda yazıda cəmi 5 cümlə ermənilər barədədir...

1965-ci il aprelin 24-də ilk dəfə qondarma `soyqırım`la əlaqədar Yerevanda tədbir keçirilir və bu tədbir idarəolunmaz xarakter alır. Küçələrə tökülən kütlə həmin gün iclas keçirilən teatr binasına hücum edir, binanı dağıdır. Moskvadan komissiya gəlir...

Buna baxmayaraq, 2 il sonra -1967-ci ildə müharibə qurbanlarına abidə kimi nəzərdə tutulan xatirə kompleksinin açılışı olur. Bu tədbirin hətta aprelin 24-də keçirilməsinə də icazə verilmir, abidənin açılış mərasimi Ermənistanda sovet hakimiyyətinin qurulması gününə - 29 noyabra salınır...

Noyabrın 30-da Ermənistanda çıxan qəzetlər abidənin açılışı barədə məlumat verir. Amma heç bir qəzet başlıqda `soyqırım` sözünü xatırlatmağa cəsarət etmir: Tədbir 1915-ci il erməni qırğınları qurbanlarının xatirəsinə ucaldılmış abidənin açılışı kimi təqdim olunur... Hətta rus dilində çıxan “Kommunist” qəzetinin baş məqaləsində də soyqırım sözünü xatırlatmağa cürət etmirlər...

Bu məsələ barədə sovet rəhbərliyinə bir də 10 il sonra – 1975-ci ildə müraciət olunur. O vaxtkı sovet lideri Leonid Brejnev bu müraciəti baş ideoloq Mixail Suslovla müzakirəyə çıxarır və ildönümün geniş qeyd olunması təklifini rədd edir. Yalnız Ermənistanda, yerli səviyyədə müəyyən tədbirlər keçirilməsinə razılıq verilir.
“Pravda” bu dəfə “Soyqırımın günahkarı imperializmdir” adlı yazı dərc edir.

Bu dəfə akademik Ambarsumyanın imzası ilə çap edilən yazının da cəmi 5-6 cümləsində ermənilərin adı çəkilir. Onlar hələ “genosid” hay-küyü salmağa qorxur, yenə də əsasən kapitalist ölkələrində baş verən qırğınlardan danışır, sovet quruluşunu göylərə qaldırırlar...

Maraqlıdır ki, “Pravda” qəzetində 10 il sonra - 1985-ci ilin aprelində yenə də həmin Ambarsumyanın imazası ilə yazı dərc edilir. Bu dəfə “Bəşəriyyət tərəfindən pislənilib” adı ilə. Demək olar ki, 10 il əvvəl dərc edilən yazının təkrarıdır. Hətta böyük bir abzas olduğu kimi köçürülüb: “1922-ci ilin əvvəllərində Ermənistan Sovetlərinin birinci qurultayında çıxış edən görkəmli inqilabçı və dövlət xadimi A.Myasnikov bildirmişdi ki, göz yaşı vadisi kimi tanınan Ararat vadisi vahid SSR İttifaqında qızıl gül və səadət vadisinə çevriləcək”. Ardınca sovet xalqlarının qardaşlığı haqqında difiramba... 1975-ci ildə dərc edilən yazıda da eyni abzas verilib, sadəcə niyəsə akademik o vaxt sitat müəllifini Myasnikov kimi yox, Myasnikyan kimi göstərib...

Moskvada erməni terroru

Bu və ya digər saxtakarlıqlara baxmayaraq həmin 1975-ci ildə, necə deyərlər, artıq cin şüşədən buraxılmışdı... Uzun illər soyqırım yalanları ilə aparılan təbliğat erməni gənclərinin şüurunu zəhərləmişdi. Onlar az qala hər addımda öz millətlərinə qarşı ədalətsizlik görürdülər. Hətta sərbəst yaşadıqları Moskva şəhərində də...

...1977-ci ilin yanvarında Moskvada görünməmiş terror aktları baş verir. Yanvarın 8-də Moskvanın “İzmaylovsk” və “Pervomaysk” metro stansiyaları arasında qatar partlayır. Bundan yarım saat sonra Qızıl Meydan yaxınlığındakı ərzaq mağazasında, daha beş dəqiqə sonra isə Moskvanın başqa bir ərzaq mağazasında partlayış baş verir. Bu partlayışlar zamanı 7 nəfər həlak olur, 37 nəfər yaralanır. Cinayəti törədənləri tapmaq mümkün olmur.

1977-ci ilin oktyabrında Moskvanın Kursk vağzalında içərisində partlayıcı qurğu yerləşdirilmiş çanta tapılır. Və yanvarda törədilən cinayətin izləri Yerevana gedib çıxır...

Zatikyan, Stepanyan və Baqdasaryan familiyalı 3 erməni həbs edilir. Erməni Millətçi Birlik Partiyasının üzvü olan Zatikyan məhkəmədə deyir ki, onun niyyəti erməni xalqına verdiyi əzablara görə rus xalqını cəzalandırmaq olub. O, son sözündə bildirir ki, bizə ancaq qisas, qisas, yenə də qisas almaq qalır...

Təəssüf ki, bu, qisas hissi ilə yaşayan erməni millətçilərinin sovet dövründə törətdiyi yeganə və son terror olmur.

...1984-cü il sentyabrın 8-də günün günorta çağı Bakının Nərimanov prospektində 106 nömrəli marşrut avtobusunda partlayış baş verir. Nəticədə bir nəfər həlak olur, dörd nəfər yaralanır. İstintaqla müəyyən edilir ki, partlayıcı qurğunu avtobusa milliyətcə erməni olan 25 yaşlı Henrix Vartanov qoyub...

Bir neçə ay davam edən istintaqdan sonra partlayıcı qurğunu hazırlayan İqor Maxovski Azərbaycan SSR Ali Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilir... Amma cinayətin təşkilatçısı və icraçısı olan Henrix Vartanovun cinayət törədərkən anlaqsız vəziyyətdə olduğu əsas gətirilərək onun Ukraynaya psixotrik müalicə müəssisəsinə göndərilməsi barədə xüsusi qərardad çıxarılır...

Qondarma soyqırım mövzusu Siyasi Büroda

Sovet İttifaqında erməni millətçilərinin törətdiyi terror aktları çox tez unudulur.
1985-ci ilin fevralında ermənilər qondarma soyqırım mövzusunu yenidən Siyasi Büro səviyyəsində müzakirəyə çıxarmağa nail olurlar.

“Tamamilə məxfi.
Sov.İKP MK Siyasi Bürosunun iclası.
21 fevral 1985-ci il.
İclasa yol. Qorbaçov M.S. sədrlik etmişdir.
Qorbaçov: Bu məsələ MK Katibliyinin iclasında geniş müzakirə olunub. Yəqin siz bilirsiniz ki, genosidin 50 illiyi bizim ölkədə qeyd olunmayıb. Və bu xeyli neqativ hadisələr doğurub. Vaxtilə genosidin 60 illiyi ilə əlaqədar məsələ L.İ.Brejnevin və M.A.Suslovun yanında müzakirə edilib. O vaxt MK-nın razılığı ilə müəyyən tədbirlər keçirilib. İndi, 1985-ci il aprelin 24-də Türkiyə sultanlığının rəhbər dairələri tərəfindən təşkil olunmuş erməni genosidinin 70 illiyi tamam olduğu üçün Ermənistan KP MK əlavə tədbirlər görülməsi barədə təkliflər təqdim etmişdir”.


Sonra Ermənistan KP MK-nın birinci katibi K.Demirçyan çıxış edir, nəzərdə tutulan tədbirlərdən danışır, bu tarix barədə Ermənistan Ali Soveti Rəyasət Heyətinin fərman verməsinə icazə verilməsini xahiş edir.

Müzakirələrdə iştirak edın Siyasi Büro üzvləri etiraz edirlər: “70 il biz Ali Sovetin Rəyasət Heyətinin bu barədə fərmanı olmadan yaşamışıq. İndi bunu etməyə nə ehtiyac var?”

Bu fikirləri Moskvanın o vaxtkı meri Qrişin söyləyir.

“Mən Ermənistan KP MK-nın təkliflərini oxuyanda həqiqətən həyəcanlandım. Biz Türkiyə ilə münasibətləri indi-indi düzəltməyə başlayırıq” – deyən SSRİ Nazirlər Sovetinin sədri Nikolay Tixonov sonda əlavə edir: “Axı bizim ölkəmizdə bundan daha böyük faciələr baş verib. Məsələn, Belarusiya əhalisinin hər dörd nəfərindən birini faşistlər məhv ediblər”.

A. Qromıko: “Bunu qanunla təsbit etməyə nə ehtiyac var? Onda Batı xanın hücumundan başlayaraq bizim ölkəmizdə görün nə qədər hüzn günləri olub. Bildiyiniz kimi, biz hətta Leninin vəfat etdiyi günü də qeyd etmirik”.

Bununla da Qorbaçov erməniləri qane edən qərar qəbul etməyə nail ola bilmir! Bunu çox istəsə də...Yəqin ona görə ki, həmin vaxt SSRİ-yə hələ M.Qorbaçov yox, K.Çernenko rəhbərlik edirdi. Bu iclasdan təxminən iki həftə sonra Mixail Qorbaçov ölkə başçısı seçilir. Bir çox faciələr isə bundan sonra başlanır.

Son söz yerinə

1988-ci ilin əvvəllərində erməni millətçiləri öz mənfur niyyətlərini açıq şəkildə bildirirlər, Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycandan ayrılıb Ermənistana birləşdirilməsi istiqamətində mitinq və nümayişlər başlanır. Sonra bu nümayişlər döyüşlərlə əvəz olunur.
Qorbaçovun razılığı ilə...
Erməni terroru yenidən alovlanır.
Bu dəfə SSRİ miqyasında...
Daha sonra nələrin olduğu hamıya bəllidir. Bizə də, dünyaya da...
Bütün bu faciələrin qondarma soyqırım iddiasından qaynaqlandığını isə biz bilirik, dünya... bilmək istəmir.
Dünya ikili standartlarla yaşayır...
Çünki...
100 il əvvəl nələr olub, heç kim bilmir!
Amma 20 il əvvəl Xocalıda törədilən soyqırımın şahidləri hələ sağdır. Təşkilatçıları da... Və onlar xarici jurnalistlərə müsahibələr də verirlər. Hətta Xocalı faciəsinin səbəbləri barədə də danışırlar: “Azərbaycanlılar düşünürdü ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməzlər. Biz bu stereotipi qıra bildik”.

Amerika jurnalisti Tomas De Valla bu sözləri vaxtilə Xocalı soyqırımının təşkilatçısı olan S.Sarqsyan demişdi. Bu gün o, qondarma soyqırıma göz yaşı axıdanların başında durur...

Müsəllim Həsənov
AzVision.az üçün

Qalereya




Teqlər:  





Xəbər lenti