“Azərbaycanlıları diri-diri yandırdılar” - ŞOK Faktlar

“Azərbaycanlıları diri-diri yandırdılar” - ŞOK Faktlar
  01 May 2015    Oxunub:4877
Ermənistanın “Epress” saytı 27 il qabaq Ermənistanın Quqark rayonunda azərbaycanlıların kütləvi qətl edilməsi barədə material dərc edib.

Jurnalist Mane Papyanın 1988-ci ildə rayonda baş vermiş hadisələrə yenidən qayıtması bir sıra erməni KİV-lərini şoka salıb. Ermənilər adətən bu hadisələr barədə susmağa çalışırlar. Halbuki Ermənistan Dövlət Təhlükəsizlik Komitəsinin sədri, general Usik Arutunyan bildirib ki, 1988-1989-cu illərdə Ermənistanda 25 azərbaycanlının milli münaqişə zəminində ermənilər tərəfindən öldürüldüyü təsdiq edilib və onlardan 11-i birbaşa Quqark rayonunda həlak olub.

Mane Papyan faciəli hadisələrin baş verdiyi kəndlərə gedib və hadisə şahidləri ilə söhbət edib. Şahidlər azərbaycanlılara qarşı edilən haqsızlıqları xatırlayıblar. Məsələn, həmin vaxtlar Kirovakanda (Vanadzor) prokuror işləmiş Qriqori Şahverdiyanın arxivində olan sənədlərə görə, 1988-ci ilin mart ayından noyabr ayına kimi Quqark rayonunda 624 azərbaycanlı əsassız olaraq işdən çıxarılıb.

“Qarabağ” komitəsinin keçmiş üzvü Artur Sakuns da etiraf edib ki, azərbaycanlıları gecələr kəndlərindən zorla köçürən zaman yolda erməni dəstələrinin hücumuna məruz qalırmışlar. Şahverdiyanın sənədlərində isə azərbaycanlıların yalnız öz evlərində deyil, iş yerlərində də həmkarları tərəfindən döyülməsi üzrə 42 hal qeydə alınıb. Bazarda azərbaycanlıları döyərək mallarını əllərindən alıblar.

Qriqori Şahverdiyanın sözlərinə görə, həmin günlərdə Kirovakan şəhərində 7 azərbaycanlının qətlini qeydə alıblar. Amma onların içərisində ən məşhuru Telman Hüseynovun öldürülməsi olub. “Onu İrina adlı sevgilisinin evində balta ilə vurmuşdular. Qətl açılmışdı və iki yeniyetmə - Usik Marutyan və Tiqran Evinyan həbs edilmişdi”, - deyə prokuror xatırlayır.

Evlərinə hücum edilən azərbaycanlıları xilas etməyə tələsdiyini söyləyən Şahverdiyan həmin günlərdə əli silahlı ermənilərdən qorxmadığını indi təəccüblə xatırlayır: “Hamının əlində silah vardı, millətlərarası zorakılıq artmışdı. Ən dəhşətli hadisə Şaumyan kəndində baş verdi. Mənə dedilər ki, kəndin sakinləri hansısa azərbaycanlını (Qasım K.) qayadan atmaq istəyirlər. Hadisə yerinə çataraq biz bu adamı müdafiə etməyə çalışdıq. Milis, milli təhlükəsizlik də orda idi. Adamlar bizə hücum etdilər. Mənə deyirlər ki, mən orada huşumu itirmişəm və məni oradan çıxarıblar”.

Şaumyan kəndində həmin günlərdə məktəb direktorunun müavini işləmiş Rima Sarqsyan məktəbin bir azərbaycanlı şagirdinin ermənilər tərəfindən qayadan atıldığını söyləyir. Həmin günlərdə Kirovakandan əli silahlı gənclər kəndə doluşaraq azərbaycanlılara atəş açırmışlar. Azərbaycanlılar isə kəndi tərk edərək dağlara qalxıbmışlar. Kəndin Samvel adlı sakini həmin azərbaycanlı oğlanı tutaraq qayadan atıb. Samvel sonradan Qarabağa gedərək orada da dinc azərbaycanlıları qətlə yetirib.

“Epress”in əməkdaşı ilə söhbət edən Samvel kəndi tərk edib qalmış azərbaycanlıları dağlarda qırdıqlarını etiraf edib. Moskvadan gəlmiş istintaq qrupu Samveli həbs edib. Sonra isə azad edib.

Şaumyan sakini Stepan Ayvazyan isə kənddə qalmış azərbaycanlıların Kirovakandan gəlmiş ermənilər tərəfindən öldürülüb yandırıldığını deyir: “Vanadzordan gələn qruplar Edik Martirosyanın rəhbərliyi altında Şaumyana gəlirdilər. Meyitləri yandırırdılar ki, onları tanıyan olmasın”.

Direktor müavini Rima Sarqsyan xatırlayır ki, azərbaycanlılardan biri qaçıb məktəbə giribmiş, ermənilər onu tutaraq yandırıblar. (anspress)


Teqlər:  





Xəbər lenti