Pirallahıda bayram tədbiri

  28 May 2013    Oxunub : 3674
Pirallahıda bayram tədbiri
Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilən “Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı” Dövlət Proqramına və 2011-2013-cü illər «Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»na uyğun olaraq Pirallahıda geniş abadlıq və quruculuq işlərinə start verilib.

May ayı ərzində rayonun Pirallahı qəsəbəsinin 3 məhəlləsinin su xətləri yenidən çəkilib, həyətlərdə olan qeyri-qanuni tikilmiş xeyli sayda qarajlar, ticarət köşkləri sökülərək ərazi abadlaşdırılıb, məhəllə daxili plansız çəkilmiş paylayıcı qaz kəmərləri sökülərək binaların fasadlarına xələl gətirmədən səliqəli şəkildə yenidən çəkilib.

Pirallahının magistral yolunda yerləşən bir-neçə avtobus dayanacağı təmir olunaraq abad vəziyyətə gətirilib, iki yerdə isə müasir tipli yeni dayanacaq inşa edilib. Magistral xəttin kənarlarında qırmızı xətti pozaraq tikilmiş obyektlərin söküntüsü işləri davam etdirilmişdir.

Abşeronneft” NQÇİ-yə xidmət göstərən ağır tonnajlı yük maşınlarının Pirallahı qəsəbəsinin mərkəzi küçəsi ilə hərəkətini məhdudlaşdırmaq məqsədilə magistral küçəyə alternativ olaraq yeni yolun çəkilişinə başlanıb. “Uşaq əyləncə parkı”nın layihəsi hazırlanıb və tikintisinə başlanıb.

Pirallahı qəsəbəsinin Fioletov küçəsində və 40-cı məhəllə “Yeni sahə 1” ünvanında 2 ədəd müasir tipli zibil meydançası quraşdırılıb. Eyni zamanda Pirallahı adasını Abşeron yarımadası ilə birləşdirən, uzunluğu 710, eni 14 metr olan, asma körpünün, Qala qəsəbəsindən Pirallahıya çəkilən 35 kilometrlik 4-6 zolaqlı müasir avtomobil yolunun, “Pirallahı adası yanalma körpüləri kompleksi”nin tikintisi, 10 saylı Birləşmiş Şəhər Xəstəxanasının əsaslı təmiri, rayona Ceyranbatan su anbarından yeni içməli su xəttinin çəkilişi davam edir.

Çilov adasında köhnə Mədəniyyət evi qəzalı vəziyyətdə olduğundan sökülərək yenidən tikilir.

Milli Məclisin deputatı Rauf Əliyev, rayon ictimaiyyəti adından çıxış edən Su-Kanal Departamentinin rəisi Əli Kərimov, Pirallahı Ağsaqqallar Şurasının sədri Fazil Məhəmmədov, qəsəbə ziyalıları adından söz deyən 243 N-li orta məktəbin dil-ədəbiyyat müəllimi Şəlalə Şabanova Azərbaycan Xalq Cümhuriyyətinin öz dövlətçilik atributlarını qəbul etməsini, dövlət və hərbi quruculuq, iqtisadiyyat və mədəniyyət, təhsil və səhiyyə sahələrində atdığı addımların xalqımız üçün taleyüklü əhəmiyyət kəsb etdiyini xüsusi vurğulayıb.

Sonra 28 May – Respublika Günü münasibətilə tədbir iştirakçılarını təbrik edən Pirallahı rayon İcra Hakimiyyətinin Başçısı Vasif İmanov Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə keçirilən tədbirlərdə fəal iştiraklarına görə Pirallahıda fəaliyyət göstərən orta məktəblərin və uşaq bağçalarının müəllimlərini Pirallahı RİH-in Fəxri fərmanları ilə təltif edib. Bayram tədbirinə Pirallahıda fəaliyyət göstərən uşaq bağçalarının yetirmələrinin və orta məktəblərin şagirdlərinin hazırladıqları bədii kompozisiyaların nümayişi ilə yekun vurulub.

AzVision.az

Teqlər: