Bakının`Kitab bayramı`ndan REPORTAJ

Bakının`Kitab bayramı`ndan REPORTAJ
  07 May 2015    Oxunub:5375
Filarmoniya bağında ağacların arasında rəngbərəng stendlər, kiçik səhnəcikdə uşaqlar və müxtəlif əl işləri olan masalar görürsünüzsə, deməli ənənəvi olaraq hər il keçirilən “Kitab bayramı”na gəlmisiz.
Hər il mayın ilk həfətsi keçirilən və Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin (BŞMTİ) təşkilatçılığı ilə baş tutan “Kitab bayramı” Heydər Əliyevin anadan olmasının 92-ci il dönümünə həsr olunub.

Kitabsevərlər bilir ki, şəhərin əksər yerlərində kitab mağazası və müxtəlif nəşriyyatlar var. Bu bayram çərçivəsində təşkil olunan sərgi imkan verir ki, oxcular kitab mağazalarına yox, mağazalar onlara gəlsin. Belə ki, sərgidə 22 tanınmış nəşriyyatın, və “Bakumoz Books”, "Alo" kitab evi, "Kitabevim.az", “Xan kitab evi”, “KitaBaz” kimi kitab mağazalarının kitabları sərgilənib. Nəşriyyatlardan isə “Qanun", "Qələm", "İpək yolu", "Hədəf" , "Ali və Nino" öz məhsullarını oxuculara təqdim edib.

Bayramın oxucular üçün ən sevindirici tərəfi isə bütün nəşriyyat və kitab mağazalarının kitablara 30-40%-ə qədər endirimlər etməsi oldu. Məsələn, “Qanun” nəşriyyatı sərgiyə gətirdiyi bütün kitablara 20%, “Xan kitab evi” 20%-dən 40%-ə qədər endirim etmişdi.
Endirimdən yararlanıb əlində 10-a yaxın kitabla daha bir kitab seçməkdə olan oxucu Şəbnəm Əliyeva deyir ki, filoloq olsa da kitabları təkcə ixtisasına görə yox, həm də onları özünə ən yaxşı dost saydığına görə oxuyur:

“Mən bu kitabları həm ixtisasıma görə, dərslik kimi oxumuşam. Həm də özümü pis hiss etdiyim, heç kimlə danışa bilmədiyim vaxtlar olub ki, kitablar mənim üçün ən gözəl həmsöhbət olublar”.

Bəzi stendlərdə oxuculara əlfəcin və ədəbiyyat jurnallarının hədiyyə edilməsi də bayrama bayram qatan amil oldu.

Bəs oxucuların alıcılıq səviyyəsi necədir? Hansı kitablara üstünlük verirlər?

“Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğluna yaxınlaşanda onun elə oxucu Milan Kundera ilə bağlı söhbətləşdiyini görürük. Sualımıza cavabında isə deyir ki, alıcıların sayı normaldır:

“Kitablara endirim də var. Bu da alıcı sayına təsir edir”.



Bir neçə kitab evi ilə apardığımız kiçik sorğu isə göstərdi ki, sərgi iştirakçıları əsasən özünüinkişaf və dedektiv janrında yazılmış kitablara üstünlük verir. Oxucuların yerli ədəbiyyatdan ən çox marağını qazanan yazıçılar isə Çingiz Abdullayev, Elxan Elatlı və Qarqandır.

Yeri gəlmişkən, onu da qeyd edək ki, Çingiz Abdullayev və Elxan Elatlı da səhər saatlarında sərgidə iştirak edib və oxucular üçün kitab imzalayıblar. Biz stendlərlə tanış olanda isə Seymur Baycan, Kənan Hacı, Qismət kimi müəllifləri də gördük.

P.S. Filarmoniya bağını tərk edib “İçərişəhər” metrosunun ətrafında gəzəndə əlində müxtəlif nəşriyyatların adı yazılmış içi kitabla dolu çantalar dünən üçün sıradan mənzərəyə çevrilmişdi. Kitab bayramının elə bayramın özü qədər gözəl tərəfi də bu idi.

Fatimə Kərimli
Fotolar: Nuron Məmmədov

Qalereya




Teqlər:  





Xəbər lenti