`Rusiyada məni yaxşı tanıyırlar` - Polad Bülbüloğlu

`Rusiyada məni yaxşı tanıyırlar` - Polad Bülbüloğlu
  08 May 2015    Oxunub:2204
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiyanın “Russkaya slujba novostey” radiosuna müsahibə verib.
Tanınmış aparıcı Aleksandra Krasnoqorodskayanın suallarına cavab verən P. Bülbüloğlu Azərbaycandan, böyük müğənni Bülbüldən, öz yaradıcılığından söz açıb.

Azərbaycan səfiri vurğulayıb ki, sovet hakimiyyətinin 70 ili ərzində sovet mədəniyyəti yaratmaq mümkün olmayıb. O deyib: “Hər kəs öz fərdiliyini qoruyub saxlayıb və bu da düzgündür, çünki insan şəxsiyyət olmalıdır, milli kökləri olmalıdır, yalnız həqiqi millilik beynəlmiləl ola bilər. Bu məsələ ümumbəşəri səviyyədə qaldırılanda, başqa insanlar və başqa millətlər üçün maraqlı olanda ümumi sərvətə çevrilir”.

P. Bülbüloğlu uşaqlıq illərinin və böyük müğənni Bülbül barədə xatirələrini bölüşərək deyib: “Bülbül Şuşada, Qarabağda anadan olub. Qarabağ bizim təbii milli konservatoriyamızdır. Bir çox müğənnilərimiz və şairlərimiz buradan çıxıb. Ümumiyyətlə, Qarabağ və Şuşa mühiti əsl yaradıcılıq məkanıdır”.

Öz diplomatik fəaliyyətindən söz açan səfir deyib: “Bəzən zarafatla deyirəm ki, diplomatlar da, musiqiçilər də nota yazır. Mən xasiyyətcə çox ictimai adamam. Komsomol gəncliyim olub. Mən həmişə tədbirlərdə iştirak etmişəm. Görünür, bu da öz təsirini göstərib, çünki bütün bunlar birdən-birə baş verməyib. Mən iki il əsas yaradıcı kollektivlərimizin cəmləşdiyi Azərbaycan Dövlət Filarmoniyasının bədi rəhbəri və direktoru işləmişəm. Sonra 18 il mədəniyyət naziri olmuşam. Sonra möhtərəm Prezidentimiz İlham Əliyev məni Moskvaya səfir təyin etdi. Bilirdi ki, mən Rusiyanı yaxşı tanıyıram, vaxtilə onu qarış-qarış gəzmişəm və əlbəttə, Rusiyada məni yaxşı tanıyırlar.

Dinləyicilər birbaşa efir zamanı sevimli bəstəkar və müğənnilərinə zəng edir, sms-lər göndəriblər. Rusiya radiosunun aparıcısı dinləyicilərdən gələn sms-ləri oxuyarkən deyib: “İnsanlar sizə öz məhəbbətlərini izhar edir, yaradıcılığınıza görə təşəkkür edirlər”.


Teqlər:





Xəbər lenti