Elşad Abdullayevin videosundakı şəxsdən BƏYANAT

Elşad Abdullayevin videosundakı şəxsdən BƏYANAT
  29 May 2013    Oxunub:1404
Elşad Abdullayevin yaydığı son videolarda görüntülənən şəxs - Məhəmmədəli Əliyev bəyanat yayıb.
Bəyanatın AzVision.az-a daxil olan mətnində deyilir ki, “Mən, Əliyev Məhəmmədəli Bəhlul oğlu 1942-ci ildə Ermənistanda anadan olmuşam və 1988-ci ildə məlum hadisələrlə əlaqədar ailəmlə birlikdə Bakı şəhərinə köçmüşəm. 1989-cu ildən Bakı şəhəri icra hakimiyyətinin təmir-tikinti trestinin 7-ci mikrorayonda yerləşən yataqxanasında komendant işləmişəm. 1999-cu ildən yataqxana Azərbaycan Beynəlxalq Universitetinin balansına keçəndən sonra mən komendant kimi fəaliyyətimi davam etdirmişəm.

Elşad Abdullayevlə mənim aramda normal işçi münasibətlər olub. Lakin, onun mənə qarşı etdiyi haqsızlıqlar mənim işdən qovulmağımla nəticələnib. Hazırda da o, mənə etdiyi qanunsuzluqları davam etdirir. KİV-lərdə, o cümlədən internet şəbəkəsində mənimlə bağlı yazılar və videogörüntülər yayımlanandan sonra mən yaşlı bir insan kimi, özüm və ailəm böyük bir stress keçirmişik. Özü bir yana qalsın, məni də öz çirkin oyunlarına qatmaq istəyir. Elşad Abdullayevin bu qanunsuzluqları məni bəyanat verməyə məcbur edir.

Mətbuat vasitəsilə ictimayyətə bəyan etmək istəyirəm ki, videoyazılarda olan danışıqlar və Elşad Abdullayevin mənim adımdan istifadə edib yazdığı məlumatların hamısı onun uydurmasıdır.

Təfsilatı ilə bildirmək istəyirəm ki, 2009-cu ilin dekabr ayının xatırlamadığım tarixində axşam saatlarında Elşad Abdullayev məni universitetdə olan xidməti otağına çağırıb, özünün istirahət otağına apardı və orada mənə bildirdi ki, «mən səni hazırlamaq istəyirəm, Mahirin itkin düşməsi ilə əlaqədar səni prokurorluğa çağıranda bu sözləri deyərsən». Elşaddan nə üçün məni prokurorluğa çağıracaqlarını soruşduqda, o dedi ki, «mən sənə dediyim sözləri, ifadə verərkən deməlisən, yoxsa səni işdən çıxardaram». Ailəmi dolandırmaq xatirinə Elşada dedim ki, «de görüm nə deyirsən, nə deməliyəm mən».

Elşad Abdullayev ilkin olaraq təkid edirdi ki, ifadə verərkən yalandan deyim guya Mahiri sonuncu dəfə 13 oktyabr 2003-cü ildə onunla pul vermək üçün Nizami küçəsi, 4 saylı evə girəndə görmüşəm, güya onun arxasınca isə 2 oğlan həmin evə girib, bundan başqa guya bir müddət sonra Mahirin dostu Sənan həmin evdən düşüb öz maşınına minib oradan uzaqlaşıblar.

Bunu Elşad Abdullayev əvvəl özü şifahi olaraq istirahət otağında mənə bildirdi və növbəti gün gəlib bunu onula müzakirə etməli olduğumu söylədi. Səhərisi gün Elşadın köməkçisi məni yendən axşam saatlarında xidməti otağına dəvət etdi. Bu dəfə Elşad Abdullayevlə onun iş otağında əyləşdik və o mənimlə əvvəlki gün özünün mənə dediyi qeyd olunan söhbət barədə müzakirə aparmağa başladı və mənə çıxanda dedi ki, prokurorluğa dəvət olunanda da bu cür ifadə verərsən. Növbəti gün Elşad məni yenidən yanına dəvət edərək ilkin olaraq mənə şifahi bildirdiklərini, kağızda yazılı formada verib, tapşırdı ki, orada yazılanları əzbərləyib onun yanına gəlim. Bu yazılarda bundan başqa mənim guya Milli Təhlükəsizlik Nazirliyinə getməyim, guya orada Hilal Əsədovun və Əli Nağıyevin yanında olmağım, guya MTN-də Mətanət İsgəndərli, Ələddin, Sənanla üzləşməyim və digər söhbətlər əks olunub. Mən onları əzbərləyəndən sonra səhərisi gün yenidən axşam saatlarında Elşadın yanına gedərək əzbərləmək üçün mənə verdiyi kağızda olan mövzu ətrafında danışmağa başladıq.

Bəyan edirəm ki, mən heç vaxt MTN-də olmamışam, orada hər hansı nazir müavinin qəbuluna girməmişəm, Hilal Əsədov, Əli Nağıyev, Mətanət İsgəndərli, Sənan, Ələddin və Elşadın göstərdiyi başqa şəxslərlə həyatım boyu heç bir ünsiyyətim, tanışlığım, qeyd olunan mövzularda söhbətim olmamışdır.
Mahirin nə səbəbə, hansı qaydada və şəraitdə itkin düşməsi, həmçinin bu hadisə ilə əlaqəli şəxslər barəsində heç bir məlumatım yoxdur.

İnternetdə yayımlanmış videogörüntüdə əks olunmuş danışıqların hamısı Elşad Abdullayev tərəfindən qabaqcadan hazırlanaraq mənə verilib. Bunların hamısı Elşadın uydurması olmuş, o, sadəcə məndən istifadə edərək bu çirkin niyyətlərini həyata keçirməyə çalışıb.

Bu söhbətdə iştirak etməyimə yeganə səbəb Elşadın məni işdən çıxarmasından qorxum olub. Eyni zamanda qeyd etmək istəyirəm ki, Elşad həmçinin bir dəfə mənə dedikləri barədə ərizə yazıb prokurorluğa göndərməyimi xahiş etsə də bundan imtina etmişəm.

Bu səbəbə görə Elşad 2010-cu ilin iyul ayında məni işdən çıxarıb və həmin dövrdən nə onunla, nə də onun yaxın ətrafından hər hansı şəxslə heç bir əlaqəm olamayıb.

Mən üç dəfə prokurorluqda bu məsələlərlə əlaqədar ifadə vermişəm. Bəyan edirəm ki, məndən ifadə alanda Elşad Abdullayevdən fərqli olaraq nə müstəntiqlər, nə də ki hüquq mühafizə orqanlarının hər-hansı işçisi heç bir təzyiq göstərməyib, mənimlə normal qaydada davranıblar. İfadələrimi də tam düzgün olaraq, səmimi vermişəm və prokurorluqda verdiyim ifadələrimi bir daha təsdiq edirəm.

Mən yaşlı bir kişiyəm, qaçqınçılıq həyatını yaşayıram, Elşad Abdullayev kimi heç kəsi aldatmamışam və ona-buna hədə-qorxu gələrək evlərini satdırmağa məcbur etməklə pul qazanmamışam. Mənim 71 yaşımda Allahdan başqa qorxacağım bir şey yoxdur.

Elşad Abdullayevə müraciət edib qəti şəkildə tələb edirəm ki, bir daha mənim adımdan istifadə etməsin, məni öz çirkin oyunlarına qatmasın. Əks təqdirdə onu məhkəməyə verəcəyəm”.

AzVision.az


Teqlər:  





Xəbər lenti