Bu mötəbər yarışlarda komandamızı Elçin Əsədov, Maksim Averin, Samir Cəbrayılov, Matey Muqerli, Yannis Tamuridis və Aleksandr Surutkoviç təmsil ediblər.
Mayın 10-da paytaxt küçələrində veloturun 144 kilometr məsafəni əhatə edən yekun mərhələsi keçirilib.
“Rusvelo” komandasının təmsilçisi Sergey Firsanov yekun mərhələnin qalibi olub. Qazaxıstan yığmasının üzvü Aleksandr Şuşemoin finişə ikinci, “Synergy Baku” təmsilçisi M.Muqerli isə üçüncü gəlib.
“Adria Mobayl” komandasından Primoj Roqlits ümumi hesabda lider olub. Onun ardınca Yasper Oskeloyen (“Parkotel Valkenburq”), Matey Muqerli (“Synergy Baku”) gəlirlər.
Ümumilikdə velotur iştirakçıları beş mərhələdə ərzində 867 kilometr məsafə qət ediblər.
Yarışların yekunlarına görə, komanda hesabında birinci yeri Azərbaycanın “Synergy Baku” komandası tutub.
“Synergy Baku”nun şərəfini qoruyan A.Surutkoviç ən yaxşı dağ yürüşçüsü kimi qırmızı mayka, “Adria Mobayl” komandasından Marko Kump ən yaxşı sprinter kimi yaşıl mayka, “Dukla”nın nümayəndəsi Frantişek Sisr ən yaxşı gənc veloyürüşçü kimi yasəməni mayka, “Tour d`Azerbaidjan-2015” veloturunun ən yaxşı veloyürüşçüsü olmuş P.Roqlits (“Adria Mobayl”) isə mavi mayka alıb.
"Synergy Baku"nun üzvü M.Averin veloturun ən yaxşı azərbaycanlı iştirakçısı olub.
İdmançılara mükafatları veloyürüşün Təşkilat Komitəsinin sədri, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov təqdim edib.