“Azərbaycan və ABŞ-ın tarixi keçmişi var”

“Azərbaycan və ABŞ-ın tarixi keçmişi var”
  29 May 2013    Oxunub:1253
Elmar Məmmədyarov: “Ermənistanın qeyri-konstruktiv mövqeyi təkcə Azərbaycana yox, Ermənistanın əhalisinə də zərər verir”
“Azərbaycan və ABŞ arasındakı münasibətlər məhsuldar əməkdaşlığa əsaslanır. Ölkələrimiz arasında mövcud olan möhkəm əlaqələrin tarixi keçmişi var”.

Bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən “Azərbaycan-ABŞ: Gələcəyə baxış” adlı forumda çıxışında deyib.

Nazir bildirib ki, müstəqil Azərbaycan dünyada ilk müsəlman demokratiyası olaraq beynəlxalq ictimaiyyətə nümunə göstərib. O qeyd edib ki, ABŞ demokratik cəmiyyətin qurulması və Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana dəstək verir. E. Məmmədyarovun sözlərinə görə, 20 il əvvəl alovlanan Dağlıq Qarabağ münaqişəsi ölkə iqtisadiyyatının inkişafına problem yaratsa da, hazırda Azərbaycan regionun lideridir:

“Hazırda Azərbaycan iqtisadiyyatı bölgə iqtisadiyyatının ümumi həcminin 80 faizindən çoxunu təşkil edir”.

E. Məmmədyarov Azərbaycan və ABŞ-ın həm ikitərəfli, həm də çoxtərəfli formatda əməkdaşlıq etdiklərini söyləyib:

“Azərbaycan beynəlxalq birliyin terrorçuluqla mübarizəsinə tam dəstək verir. Biz sülhməramlı əməliyyatlarda iştirak edərək bu istiqamətdə bir sıra addımlar atmışıq. Azərbaycan avroatlantik cəmiyyətin dəyərlərini bölüşür”.

Nazir Azərbaycan üçün əsas problemin Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi olduğunu vurğulayıb:

“Bu münaqişənin həlli çox vacibdir. Ermənistanın qeyri-konstruktiv mövqeyi təkcə Azərbaycana yox, Ermənistanın əhalisinə də zərər verir. Münaqişənin həlli bütün bölgəyə sabitlik gətirəcək”.

E. Məmmədyarov Ermənistan ordusunun Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının vacibliyini bir daha diqqətə çatdırıb.Apa


Teqlər:  





Xəbər lenti