Neftə görə nə qədər valyuta itirmişik? – TƏHLİL

Neftə görə nə qədər valyuta itirmişik? – TƏHLİL
  12 May 2015    Oxunub:5368
Dövlət Neft Fondunun (ARDNF) 2015-ci ilin yanvar-mart ayları üzrə gəlir və xərclərinə dair açıqladığı məlumat neftin qiymətinin düşməsiylə əlaqədar qurumun aktivlərinin necə təşkil etdiyi baxımından maraq doğurur. Çünki AMB-in rəsmi valyutalarının həcmi keçən ilin avqust ayından azaldığı bəlli idi. Belə ki, 2015-ci ilin yanvarın 1-nə 13 milyard 758 milyon 300 min ABŞ dolları təşkil edirdi ki, mayın 1-nə 8 milyard 387 milyon 900 min dollara düşüb.

ARDNF-in açıqladığı məlumatda isə 2015-ci il aprelin 1-nə Fondun aktivlərinin 2015-ci ilin əvvəlinə olan 37 milyard 104 milyon 100 min dollardan 5,86 % azalaraq 34 milyard 930 milyon 500 min dollara bərabər olduğu deyilir.

Beləliklə də, Azərbaycanın valyuta ehtiyatları cari ilin əvvəlindən mayın 1-dək 50 milyard 862 milyon 400 min dollardan 43 milyard 318 milyon 400 minədək azalmışdır ki, bu da 4 ayda 7 milyard 544 milyon dollar edir. Qeyd olunan məbləğ aya 2 milyard vəsait deməkdir.

Yaxşı ki, neftin dünya bazarlarında qiymətləri fevralda sabitləşdi. Və müxtəlif markalı xam neft qiymətləri 50-60 dollar arasında rəqs etməyə başladı. Bu da ucuzlaşmanın arxada qaldığını deməyə əsas verdi. Neftin qiyməti 40 dollardan da aşağı düşsə idi, valyuta ehtiyatlarımız üzrə yanvar-mart ayları ərzindəki itki aya azı 5 milyarddan çox təşkil edəcəkdi. Başqa sözlə desək, həm ARDNF-in aktivləri, həm də AMB-in rəsmi valyuta ehtiyatları yuxarıda göstərilən rəqəmlərdən də aşağı ola bilərdi.

Hələ bununla belə, ARDNF-in aktivləri AMB tərəfindən fevralın 21-i tarixində manatın dollara nəzərən dəyəri 34% korrektə edilməsə idi, bir az da aşağı səviyyədə gözlənilirdi. Və I rübdə Fonddan dövlət büdcəsinə transfert nəticəsində aprel ayının əvvəlinə 34 milyard 930 milyon 500 min dollardan az aktiv qeydə alınacaqdı.

Bu ilin ilk 3 ayında Fonddan 1 milyard 941 milyon 700 min manat transfert həyata keçirilib. Keçən ilsə 2 milyard 342 milyon 600 min vəsait köçürülmüşdü. Halbuki, 2015-ci ilin dövlət büdcəsinə ARDNF-dan keçən ildəkindən 11,3 % çox – 10 milyard 39 milyon manat transfert həyata keçirmək planlaşdırılıb.

Məsələ bunda deyil. Manatın dəyəri ucuzlaşdırılmasa idi, cari ilin ilk rübündə köçürülən 1 milyard 941 milyon 700 min manat üçün ARDNF 2 milyarddan çox ABŞ dolları konvertasiya etməli idi. AMB-in manatın dəyərini 0,78-dən 1,05 AZN-ə ucuzlaşdırması nəticəsində bundan təqribən, 64 milyon az dollar dəyişdirilib. Bütövlükdə, 2015-ci il üzrə isə bu rəqəm 3 milyard ABŞ dolları təşkil edəcək.

Bu mənada, ARDNF-in icraçı direktoru Şahmar Mövsümovun da devalvasiya nəticəsində Fondun büdcəsinin icrasında pozitiv dəyişikliklərin baş verdiyini qeyd etməsi nəzərdən qaçırılmalı deyil. “Biz büdcəyə 10 milyard manat transfert etmək üçün əgər 13 milyard dollar konvertasiya etməli idiksə, devalvasiyadan sonra cəmi 10 milyard dollar edəcəyik.” – deyə, Ş. Mövsümov söyləyib.

Yanvar-aprel aylarındakı 7 milyard 544 milyon dollar itkidən nəticə çıxartmaq lazımdır. Əvvəla, bu itki təqribən, 30-40 % az təşkil edə bilərdi. Əgər, fevralıın 21-i ərəfəsində və ondan sonra həm əhalinin müvafiq "aliotaj" nümayiş etdirməsi, həm də bəzi möhtəkirlər tərəfindən qazanc əldə etmək məqsədilə mövcud vəziyyətdən sui-istifadə, o cümlədən ölkədən valyuta axınları halları baş verməsə idi...

Prezidentin İlham Əliyevin bu ilin fevralında manatın dəyəri ucuzlaşdırıldıqdan az sonra Mingəçevirdə çıxışı zamanı dediyi sözləri xatırlamaq yerinə düşər. Dövlət başçısı dedi ki, “Manatın məzənnəsində bir qədər dəyişiklik olan kimi, əhali puldəyişmə məntəqələrinə üz tutdu və kütləvi şəkildə dollar almağa başladı. Eyni zamanda, bəzi möhtəkirlər, natəmiz adamlar əsassız qazanc əldə etmək üçün bu vəziyyətdən istifadə etdilər”.

İkincisi də, valyuta ehtiyarları 100 milyard ABŞ dolları təşkil etsə idi də onun mənbəyini yalnız xam neft ixracı təşkil edərsə, cəmi 1 ilə `ərimək` ehtimalı var. Odur ki, valyuta ehtiyatlarımızın formalaşmasında xam neft ixracı amilindən tezliklə yaxa qutarmaq lazımdır...


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:  





Xəbər lenti