AYB: “Yaradıcılıq evinin tikintisinə başlanılacaq”

AYB: “Yaradıcılıq evinin tikintisinə başlanılacaq”
  29 May 2013    Oxunub:1309
“Yaradıcılıq evi üçün Şabran və Xızı rayonu arasında Qalaaltı adlanan yerdə bizə yer veriblər”

AzVision.az-a açıqlamasında bu sözləri Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu deyib.

Onun sözlərinə görə, artıq evin tikiləcəyi ərazi məlumdur. “Nazirlər Kabinetindən də bizə müsbət cavab gəlib. Burada tək bizim yox, Bəstəkarlar İttifatı və Rəssamlar İttifaqının da yaradıcılıq evləri üçün yer ayrılıb”-deyə. Ə.Əsgəroğlu əlavə edib.

Ədalət Əsgəroğlunun sözlərinə görə, yaradıcılıq evinin tikintisi üçün sərəncamı prezident 2007-ci ildən verib: “Bu çox yaxşı bir haldır. Yazıçılar da istirahət etməlidir. Heç olmasa ildə bir dəfə ya özü ya da həyat yoldaşı ilə birgə istirahət eləsinlər”.

AYB rəsmisi bildirib ki, yaxın vaxtlarda tikinti başlanmalıdır. “Tikintini hansı qurumun həyata keçirəcəyini isə bilmirəm. Ümid edirəm ki, yaxın vaxtlarda başlanacaq və cənab prezident də həmin yaradıcılıq evinin açılışında iştirak edəcək”.

Qeyd edək ki, 2007-ci ildə Prezident İlham Əliyev Rəssamlar və Bəstəkarlar ittifaqlarının, həmçinin Yazıçılar Birliyi üzvlərinin yaradıcılıq şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Bakı Şəhər İcra Hakimiyyətinə tapşırılıb ki, hər üç təşkilatın üzvləri üçün yaradıcılıq evinin tikilməsi ilə bağlı təkliflərini bir ay müddətində Nazirlər Kabinetinə təqdim etsin.

Sevinc İLTİFATQIZI


Teqlər:  





Xəbər lenti