Müxalifəti zəiflədən 10 səbəb

Müxalifəti zəiflədən 10 səbəb
  15 May 2015    Oxunub:7026
Vüsal Məmmədov

Əlbəttə, biz istərdik ki, ölkədə normal, sağlam müxalifət olsun. Çünki dövlətin və cəmiyyətin inkişafı üçün normal müxalifət lazımdır. Amma bunun əvəzində olduqca zəif, getdikcə daha çox çökən, marginallaşan bir müxalifət görürük.


Nədir müxalifəti – biz əsasən onun radikal qismini nəzərdə tuturuq,- bu cür zəiflədən, parçalayan, siyasi həyatın küncünə sıxışdıran? Buyurun, 10 əsas səbəblə tanış olun:

1) İdeyalara yox, şəxslərə hücum etmək

Radikal müxalifət ideyaları və proqramları deyil, şəxsləri müzakirəyə çıxarır. Topu yox, oyunçuları vurur. Dövlət başçısının özünü, ailə üzvlərini hədəfə götürür. Amma birinci ailənin bütün üzvləri ölkədə çox sevilən simalar olduğu üçün, onlara edilən hücumlar əks nəticə verir. Yəni faktik olaraq, müxalifət ağır daşdan yapışdığı üçün zora düşür və hər güc verdikcə tikişlər daha da çox sökülür.
Özünü saldığı bu bataqlıqdan çıxmağın bir yolu var: informasiya hücumlarının istiqmətini dəyişib, idarəçilikdə olan real problemləri tapıb, onları tənqid etməyə keçmək lazımdır.

2) Tənqidin mücərrədliyi

Radikalların ən çox sevdiyi söz budur: “rejim”. Hansı “rejim”? Haradadır o “rejim”?! Bu, olduqca abstrakt tənqiddir. Müxalifət real Azərbaycanı qıraqda qoyaraq, özündən bir uydurma Azərbaycan obrazı yaradıb və oradakı virtual problemləri tənqid edir: “Rejim”, “söz azadlığı”, “siyasi məhbuslar”... Bunlar real Azərbaycanın gündəmində olan mövzular deyillər axı.
Əlbəttə, ciddi yanaşılsa, bütün ölkələr kimi Azərbaycanın da idarəçiliyində müəyyən problemlər tapmaq mümkündür və müxalifətin funksiyası əslində məhz onları tapıb, tənqid eləmək olmalıdır. Yoxsa ki, olmayan bir ölkə obrazını uydurub, onunla mübarizə aparmaq - bu, iş deyil...

3) Marginallaşma

Hakimiyyət və müxalifət düşərgələrinin intellekt potensialını müqayisə edəndə ortaya dəhşətli fərq çıxır. İqtidar komandasında getdikcə daha çox savadlı, müasir düşüncəli, yaxşı təhsil almış insanlar cəmləşirlər. Bunun qarşılığında müxalifətdə olan az-çox intellektli şəxslər də oranı tərk edir. Əvəzində isə savadsız, qaraguruha meyilli insanlar boşalmış sıraları doldururlar. Ora qoşulanların çoxu cəmiyyətdə özünə yer tapa bilməyən, uğursuz insanlardır. Nəticədə müxalifət sürətlə marginallaşır, səviyyəsi Azərbaycan cəmiyyətinin orta səviyyəsindən aşağıya enir.

4) İqtidara yox, dövlətə qarşı çıxmaq

Radikallar öz fəaliyyətlərini hakimiyyətə yox, dövlətə qarşı çevirirlər, dövlətin imicinə ləkə vurmağa, dövləti dünyaya eybəcər göstərməyə çalışırlar. Bəzən hətta açıq-aşkar erməni marağına daha çox uyğun gələcək mövqelərdə də dayanırlar. “5-ci kalon” başqa ölkələrdə də var, amma heç vaxt heç bir cəmiyyətdə ciddi qüvvə ola bilməz. “5-ci kalon”un yeri həmişə arabanın 5-ci təkərinin yanındadır.

5) Cəmiyyəti parçalamaq

Radikallar başqalarına “bizimlə olmayan bizə qarşıdır” prinsipilə yanaşırlar. Onlar kimi düşünməyənləri təhqir edir, az qala düşmən kimi göstərirlər. İqtidara meyilli insanlardan az qala iblis obrazı düzəldir, hər fürsətdə aşağılamağa çalışırlar. Bununla da cəmiyyətdə parçalanma yaradaraq, özlərini təcrid olunmuş zümrəyə çevirirlər.

6) Özünü satmaq cəhdləri

Müxalifətə qoşulanların bir qismi belə bir niyyət güdür: bir müddət hakimiyyəti tənqid etməklə “radarlara düşsün”, özünə müəyyən qiymət qazansın, sonra isə o qiymətlə satılsın. Fərqi yoxdur kimə: tənqid etdiyi hakimiyyətin özünə, yoxsa hansısa xarici qüvvəyə. Qanunsuz aksiyaların birində özünə bir-iki qapaz vurdurub, xaricdə sığınacaq ala bilsə, lap əla! Çünki Azərbaycan cəmiyyətində özlərinin yerini tapa bilmirlər. Təbii ki, özünü satlığa çıxarmaq üçün yetişdirən insanlardan ibarət olan düşərgə heç bir halda güclənə bilməz.

7) Pərdəarxası oyunlar

Müxalifətdəkilərin bir qismi də hakimiyyətdə təmsil olunan şəxslərlə gizli kontaktlar axtarır və müəyyən hissəsi bunu tapıb da. Beləliklə, yıxıla biləcəkləri yerə indidən saman döşəməklə məşğuldurlar. Müxalifət funksionerlərindən biri yaxşı demişdi ki, “Özlərini Ştirlis kimi hiss edirlər”. Onların öz düşərgələrinin güclənəcəyinə heç bir inamları yoxdur, sadəcə olaraq, müxalifətçilik onlara bunun üçün lazımdır ki, hakimiyyətlə hansısa təmasda ola bilsinlər. Absurddur, amma reallıqdır.

8) Lidersizlik

Müsavat rəhbərliyinə İsa Qəmbərdən sonra Arif Hacılının gəlməsi və ardınca partiyanın faktik olaraq parçalanması göstərdi ki, müxalifətdə lider böhranı nə səviyyədədir. Amma bu, hələ ən pisi deyil. Əli Kərimlidən sonra onun yerinə kim gələ bilər? Son 20 ildə radikal müxalifətdə bircə nəfər də olsun lider sayıla biləcək şəxs yetişməyib. Orada ancaq 20 il əvvəl siyasət meydanına gələn insanlar hələ də birtəhər bu rolu oynaya bilirlər. Amma nə vaxta qədər?

9) Hədəfsizlik

Müxalifətin hədəfi hakimiyyətə gəlmək deyil, elə müxalifətdə qalıb, bu statusu əsasında siyasi biznes qurmaqdır. Bütün addımlar bu istiqamətdə atılır. Amma bu cür yanaşılanda vəziyyətin özü absurda çevrilir. Sanki bir hamilə qadın qarşısına məqsəd qoyub ki, onun məqsədi dünyaya uşaq gətirmək yox, həmişə hamilə qalmaqdır. Bəzi hallar var ki, onlara mütləq keçid halı kimi baxmalısan, yoxsa hər şey mənasını itirir. Azərbaycan müxalifəti bu vəziyyətdədir.

10) Çəkişmələr

Müxalifət düşərgəsində “hamının hamıya qarşı” oyunu gedir. Hərdən zorla hansısa xarici qüvvənin təsiri və ya maliyyə almaq ümidi ilə bir araya gəlsələr də, tezliklə yenidən əvvəlkindən də pis parçalanırlar. Və bu, bir daha sübut edir ki, onların vahid məqsədi – hakimiyyətə gəlmək fikirləri yoxdur. Hərənin öz piştaxtası var və hərə öz alverini aparmaq istəyir. Fərqi yoxdur, üstdən, ya altdan...


Teqlər:  





Xəbər lenti