Azərbaycan təcrübəsi Tallində müzakirə olunub

Azərbaycan təcrübəsi Tallində müzakirə olunub
  16 May 2015    Oxunub:1550
Estoniya prezidenti Şuranın dəstəyi ilə keçirilən konfransda iştirak edib

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı və Estoniyanın "Elektron Hökumət Akademiyası" təşkilatının təşkilatçılığı ilə 12-13 may 2015-ci il tarixlərində Tallində ölkəmizin elektron hökumət sahəsində qazandığı təcrübəyə həsr olunan konfrans keçirilib.

Toplantıya dünyanın müxtəlif ölkələrini təmsil edən 200-ə yaxın dövlət rəsmisi, yerli və beynəlxalq qeyri-hökumət təşkilatlarının nümayəndələri qatılıb. Konfransda giriş nitqi ilə çıxış edən Estoniya Prezidenti cənab Tomas Hendrik İlves tədbirin mühüm və aktual mövzuya həsr olunduğunu deyərək elektorn hökumət sahəsində qazanılan təcrübələrin paylaşılmasının faydalı olduğunu vurğulayıb.

Toplantıda ölkəmizi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin məsul əməkdaşlarından ibarət nümayəndə heyəti təmsil edib. “Elektron Hökumət Akademiyası”nın icraçı direktoru cənab Arvo Ott çıxış edərək ölkəmizdə ASAN Xidmət Mərkəzlərinin fəaliyyətini yüksək qiymətləndirib və Dövlət Agentliyinin şöbə müdiri Ceyhun Sultanova ASAN Mərkəzlərinin vətəndaşlara xidmət sahəsindəki uğurlarına görə fəxri diplom və mükafat təqdim edib.

Konfransın ikinci günü iştirakçılara ASAN Xidmət Mərkəzlərinin fəaliyyəti haqqında geniş məlumat verilərək bildirilib ki, 10 dövlət qurumunu bir məkanda birləşdirən ASAN Xidmət Mərkəzləri vətəndaşlara effektiv və şəffaf şəkildə xidmətin göstərilməsini təmin edən unikal bir modeldir. Xidmətlərin göstərilməsi zamanı innovativ yeniliklərin tətbiqi xidmətlərin sürətli şəkildə həyata keçirilməsini təmin edir. ASAN Xidmət mərkəzlərində 500-ə yaxın könüllünün çalışması da qeyd olunub. Sonda nümayəndə heyətinin üzvləri ASAN Xidmət Mərkəzinin fəaliyyəti ilə bağlı tədbir iştirakçıları tərəfindən ünvanlanan sualları cavablandırıblar.



Teqlər:





Xəbər lenti