“Böyük Ermənistan” təxribatının qarşısı alındı

“Böyük Ermənistan” təxribatının qarşısı alındı
  18 May 2015    Oxunub:2216
Meksikanın paytaxtı Mexiko şəhərində “VII Dost ölkələrin mədəniyyət yarmarkası” (Feria de las Culturas Amigas) keçirilir.
Azərbaycanın Meksika Birləşmiş Ştatlarındakı Səfirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Mexiko şəhər rəhbərliyinin təşkilatçılığı ilə təşkil olunmuş yarmarkanın məqsədi, Meksikada akkreditə olunmuş diplomatik nümayəndəliklər tərəfindən öz ölkələrinin mədəniyyətinin təbliği və tanıtdırılması, həmçinin Meksikada müxtəlif yerli və Avropa mənşəli mədəniyyətlərin birgə mövcudluğu və rəngarəngliyin dünya ictimaiyyətinə nümayiş etdirilməsidir. Mədəniyyət yarmarkasında Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycanın Meksikadakı Səfirliyi də təmsil olunur.

Yarmarka Mexiko şəhərinin ən böyük meydanı, Tarixi Mərkəz olaraq adlandırılan “Zocalo” meydanında təşkil edilib. Yarmarkada 94 ölkənin və beynəlxalq təşkilatın nümayəndəsi iştirak edir. Həmçinin bildirilib ki, tədbir günləri ərzində milyonlarla şəhər sakini və turistlər beynəlxalq sərgiləri ziyarət edəcək.

Tədbir zamanı Azərbaycan üçün ayrılmış ərazidə milli suvenirlər, xalçalar, Azərbaycanın tarixi, mədəniyyəti, mətbəxi, adət-ənənələri, Bakıda keçiriləcək Birinci Avropa Oyunları haqda məlumatlarla yanaşı, həmçinin ölkəmiz haqda məlumatlar və videoçarxlar, Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə xəritələr nümayiş etdirilir və broşürlar paylanılır. Həmçinin, müxtəlif növ Azərbaycan xalçaları, üzərində “Azərbaycan – Odlar diyarı” yazılmış köynəklər, idman geyimləri, qolbağılar və digər əşyalar, habelə müxtəlif milli yemək və şirniyyat növləri ziyarətçilərə təqdim edilir.

Qeyd olunub ki, sözügedən yarmarkanı ziyarətə gəlmiş Mexiko şəhər sakinləri və çoxsaylı turistlər tərəfindən Azərbaycan üçün ayrılmış əraziyə böyük maraq göstərilir, Azərbaycan Səfirliyinin təqdim etdiyi sərgi ziyarətçilərin diqqət mərkəzində yer alır.

Məlumata görə, yarmarkanın ilk günü Ermənistan üçün ayrılmış ərazidə "Böyük Ermənistan"ı əks etdirən xəritə yer alıb. Azərbaycan Səfirliyinin səyləri nəticəsində xəritə təşkilatçılar tərəfindən götürülüb.

Yarmarka mayın 24-dək davam edəcək.


Teqlər:  





Xəbər lenti