Əmanətlərin azalmasına səbəb nədir – TƏHLİL

Əmanətlərin azalmasına səbəb nədir – TƏHLİL
  19 May 2015    Oxunub:2866
Ölkəmizin bank sektorunda kapitallaşma səviyyəsinə görə vəziyyət sabitdir və ilk baxışda heç bir problem yoxdur. 2015-ci ilin I rübünün yekunlarına görə, sektorda aktivlərin həcmi 28 milyard 850,3 milyon manat təşkil edib ki, bu da fevral ayının yekunları ilə müqayisədə 217,8 milyon manat və yaxud 0,76% çox deməkdir.

Mərkəzi Bank (AMB) manatın dəyərini ucuzlaşdırdıqdan sonra bu, şübhəsiz ki, müsbət göstəricidir. Ancaq əvvəlki şərhlərimizdə də yazmışdıq ki, fevralın 21-i tarixindəki korrektədən sonra bankların fəailiyyətində “yenidən yüklənmə” yaranıb. Bununla əlaqədar olaraq da banklara dəstək məqsədilə AMB tərəfindən bir sıra zəruri addımlar atıldı. Əgər, bu addımlar atılmasa idi onların bəziləri sıradan çıxa bilərdi. Belə ki, banklara belə anda ciddi dəstək vacib idi və AMB də bunu həyata keçirdi.

Ancaq müəyyən mənfi tendensiyalar hər halda nəzərə çarpır. Belə ki, məsələn, martda əhalinin əmanətləri azalıb. Əhalinin banklarda yerləşdirilən əmanətlərinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 16,91 % artaraq cari il aprelin 1-nə 7 781,6 milyon manat təşkil etsə də, fevralla müqayisədə aşağı düşüb.

Başqa sözlə desək, martda əhalinin banklardakı əmanətləri 1,91% az təşkil edib. İlin əvvəlindən isə əhalinin banklardakı əmanətlərinin həcmində 8,3% artım qeydə alınıb. Halbuki, bu ilin martında Azərbaycanda depozit və əmanətlər üzrə orta faiz dərəcəsi fevrala nisbətən artaraq manat ilə illik 8,99, xarici valyutada isə 8,75 % təşkil edib. Fevralda bu göstəricilər 8,95 və 8,73 % olub.

Ümumiyyətlə, martda fiziki şəxslər üzrə manatla əmanətlər üzrə orta faiz dərəcəsi 9,71, xarici valtyuta ilə 9,62, hüquqi şəxslər üzrə isə müvafiq olaraq 5,85 və 4,31 % səviyyəsində qeydə alınıb. Fiziki şəxslərin əmanətləri üzrə orta faiz dərəcində fevralla müqayisədə manatla əmanətlərdə 0,07, xarici valyuta ilə əmanətlərdə isə 0,05 % artım müşahidə edilib.

Əmanətlərin azalmasına səbəb nə olub? Və bu, davam edə bilərmi?

Təkrar edirik: AMB bankların normal fəaliyyət göstərmələri üçün “əlindən gələni” edib və bunu davam etdirir. Elə AMB-in nəzdnində fəaliyyət göstərən Əmanətlərin Sığortalanması Fondu tərəfindən bu ilin fevral ayının 24-dən etibarən banklarda yerləşdirilən qorunan əmanətlər üzrə faiz dərəcəsi səviyyəsinin 9-dan 12-yə qaldırılması da buna nümunə idi.

Bu, olduqca məqsədəuyğun sayıldı. Çünki bir tərəfdən manatın korrektəsi, digər tərəfdən 2015-ci ildən banklardakı əmanətlərdən gəlirlərə verginin tədbiqi qorunan depozitlər üzrə faiz dərəcələrinin qaldırılmasını vacib sayırdı. Martda ölkədə depozit və əmanətlər üzrə orta faiz dərəcəsinin fevrala nisbətən artaraq manatla illik 8,99, xarici valyutada isə 8,75 % təşkil etməsi də bunun nəticəsi hesab olunur. Çünki bu, həm də banklardan vəsaitlərin çəkilməsinin qarşısını almağa, ikincisi də real şəraitdə vəsaitlərin yenidən yerləşdirilməsinə əlavə stimul yaratmaq məqsədilə edildi.

Sözügedən fonda əmanətlərin azalmasını isə mart ayı ərzində manatla depozitlərin banklardan çəkilməsi və ardınca bunların bir hissəsinin ABŞ dollarına konvertasiya olunaraq yenidən yerləşdirilməsinə baxmayaraq, müəyyən hissəsinin də başqa vasitələrə yatırılması və yaxud da istifadə olunması ilə izah etmək mümkündür.

Ölkədə xarici valyutada depozitlər aprelin 1-nə 7 013,9 milyon manat olub ki, bu, martın 1-nə olan göstəriciyə nisbətən 506,3 milyon manat və ya 7,8 % çoxdur. Sözügedən göstərici ilin əvvəli ilə müqayisədə isə 2 883,6 milyon manat və ya 69,8%, keçən ilin müvafiq dövrü ilə müqayisədə isə 3 769,2 milyon manat - 116,2 % çox deməkdir.

Lakin əmanətlərin azalması müvəqqəti haldır. Ölkədə əhali tərəfindən xarici valyuta alışı da artıq, səngiyib. Belə ki, nağd dollar satışı (əhalinin alışı) fevralda 2,58 dəfə artaraq 2885,467 milyon dollara yüksəlmişdisə, martda azalaraq 1 066,514 milyon dollara düşüb.

Ümumiyyətlə, bilavasitə əhali tərəfindən banlara depozit yerləşdirilməsi onların gəlirlərindən asılıdır. AMB-in fevralın 21-dəki korrektə siyasəti buna az təsir etmiş və etdiyi təsirlərin də nəticələri aradan qalxıb.

Odur ki, əmanətlərin azalması prosesi dayanacaq. Həm də ki, kapitallaşmanın artması fonunda bu, heç bir təhlükə kəsb etmir. Yox, əgər, manatın dəyəri ilin sonunadək yenə ucuzlaşdırılarsa əhalinin gəlirləri azala və əmanətlərin çəkilməsi daha ciddi xarakter ala bilər. Belə bir hal isə, gözlənilmir.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:  





Xəbər lenti