“The Guardian”: ““Şərq tərəfdaşlığı” iflasa uğrayıb”

“The Guardian”: ““Şərq tərəfdaşlığı” iflasa uğrayıb”
  21 May 2015    Oxunub:1819
“Riqadakı “Şərq tərəfdaşlığı” sammiti çox güman ki, Avropa İttifaqının Qonşuluq Siyasəti proqramının iflasını bir daha təsdiq edəcək”.
Bu fikir “The Guardian” qəzetində işıq üzü görmüş məqalədə yer alıb.

Yazıda qeyd olunur ki, Avropa İttifaqı “Şərq tərəfdaşlığı”nı Moskvanın postsovet respublikalarına təsir imkanlarına mane olmaq üçün yaratsa da, Rusiyanın Ukraynanın şərqindəki münaqişəyə müdaxiləsi Brüsselin planlarını tamamilə alt-üst edib: “Üstəlik altı ölkədən ikisi – Belarusla Ermənistan Avrasiya İqtisadi İttifaqına qoşuldu. Enerji resurslarına görə Avropaya lazım olan Azərbaycan isə proqrama marağını itirib. Belə ki, ölkə prezidenti İlham Əliyev sammitə getməyəcək”.

Məqalədə bildirilir ki, Avropa İttifaqının üzvləri “Şərq tərəfdaşlığı” proqramının irəliləməsi üçün daha fəal iş görmək, ya da ambisiyaları azaltmaq dilemması qarşısında qalıblar. Qeyd olunur ki, Riqadakı sammitdən öncə avropalı məmurlar əvvəlki kimi “Şərq tərəfdaşlığı” ideyasına sadiq qaldıqlarını bəyan etsələr də, onların açıqlamaları göstərir ki, Avropa Rusiyanı qıcıqlandırmaq fikrində deyil.

Yazıda Avropaya ən çox can atan Ukrayna ilə Gürcüstanın, habelə Moldovanın Riqa sammitində hansısa dividendlər əldə edə biləcəklərinə şübhə ilə yanaşılır. “Avropa İttifaqı onlara inteqrasiya və quruma qəbulla bağlı hansısa vədlər vermək istəmir. Bəzi ölkələr Riqa sammitinin gündəliyinin tərkib hissəsi kimi keçmiş SSRİ respublikalarının Avropa İttifaqına qoşulmasının dumanlı perspektivlərini belə nəzərdə keçirmək istəmirlər. Bu üzdən sammit çərçivəsində hətta Ukrayna və Gürcüstanla vizasız rejim məsələsi böyük ehtimalla həllini tapmayacaq”.
(Apa)


Teqlər:





Xəbər lenti