Riqa sammitində Azərbaycanla bağlı xüsusi qeyd

Riqa sammitində Azərbaycanla bağlı xüsusi qeyd
  23 May 2015    Oxunub:2865
Avropa İttifaqı Şurasında Latviyanın sədrliyi çərçivəsində Riqada keçirilmiş “Şərq tərəfdaşlığı” (ŞT) sammiti – Aİ-yə üzv dövlətlərin və altı tərəfdaş dövlətin rəhbərləri səviyyəsində keçirilmiş yığıncaq mayın 22-də sammitin bəyannaməsinin təsdiq edilməsi ilə başa çatıb.

Bəyannamədə Aİ-nin Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna və Ermənistan ilə daha sıx əməkdaşlığı nəzərdə tutulub. Latviyanın baş naziri Laymdota Strauyuma qeyd edib ki, “Riqa sammiti Aİ-nin “Şərq tərəfdaşlığı” ölkələri ilə strateji əhəmiyyətə malik münasibətlər yaradılmasını davam etdirmək istədiyini və buna hazır olduğunu təsdiqləyib.

L.Strauyuma diqqəti buna cəlb edib ki, “Aİ-nin iştirakçısı olan ölkələr “Şərq tərəfdaşlığı” ölkələrindən hər biri ilə dialoq qurulması məsələsinə çox ciddi yanaşır, hər bir dövlətin səciyyəvi xüsusiyyətlərini və Aİ ilə əməkdaşlıq barədə onların bəyan etdikləri istəklərini nəzərə alır”.

Baş nazir Riqa sammitinin bəyannaməsində “Şərq tərəfdaşlığı” Proqramı üzrə bütün ölkələrin ərazi bütövlüyünün, müstəqilliyinin və suverenliyinin Aİ tərəfindən dəstəklənməsini müsbət qiymətləndirir.

L.Strauyumanın sözlərinə görə, siyasi münasibətlərlə yanaşı, iqtisadi, ticarət və insanlar arasında əlaqələrə, əməkdaşlığa kömək göstərilməsi çox mühüm amildir. O deyib: “Riqa sammitini Latviyanın və Avropanın hadisələr xəritəsində mühüm hadisə kimi qiymətləndirmək lazımdır. Mən əminəm ki, bu gün sammitdə müzakirə olunan məsələlər qarşıdakı illər üçün ŞT-nin siyasətinin inkişaf istiqamətlərini müəyyənləşdirəcək, ŞT regionunda sabitliyin, təhlükəsizliyin və demokratiyanın möhkəmlənməsinə kömək göstərəcək”.

L.Strauyuma daha sonra deyib: «Riqa sammiti aydın şəkildə göstərdi ki, biz getdikcə daha çox mobilliyə, islahatlara və insanlar arasında əlaqələrə, təsisatların və yaxşı idarəetmənin möhkəmlənməsinə, iqtisadi əməkdaşlığın və regional infrastrukturun inkişafına doğru hərəkət edirik. Gələcək islahatlar prosesində Gürcüstan, Moldova və Ukrayna ilə assosiasiya haqqında müqavilələr, Azərbaycanla yeni, daha geniş müqavilə üzərində planlaşdırılan iş, Ermənistanla yeni ikitərəfli müqavilənin çərçivələri barədə saziş və Belarus ilə münasibətlərin güclənməsi təsdiq edir ki, biz bu dövlətlərlə əməkdaşlıq sahəsində sabit qaydada və sürətlə irəliləyirik”.

Qeyd edək ki, 30 bənddən ibarət bəyannamədə sammitin iştirakçıları Bakıda birinci Avropa Oyunlarının keçirilməsini səbirsizliklə gözlədiklərini bildiriblər.

Bəyannamədə həmçinin enerji təhlükəsizliyinin təmin olunmasına və enerji təchizatı mənbələrinin şaxələndirilməsinə maraq göstərildiyi bildirilib. Cənub qaz dəhlizi layihəsinin həyata keçirilməsində, Transanadolu və Transadriatik boru kəmərlərinin istismara verilməsində Azərbaycanın xüsusi rol oynadığı qeyd edilib. (Azərtac)


Teqlər:





Xəbər lenti