Azərbaycan Avropa İttifaqından nə gözləyir?

Azərbaycan Avropa İttifaqından nə gözləyir?
  25 May 2015    Oxunub:1671
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Şərq Tərəfdaşlığı Zirvə Toplantısının Yekun Bəyanatı ilə əlaqədar açıqlama yayıb.
AzVision.az-ın verdiyi məlumata görə, nazirliyin yaydığı açıqlamada qeyd edilib:

-Azərbaycan Respublikası avropalı tərəfdaşların Şərq Tərəfdaşlığının gündəliyində olan məsələlərin tam şəkildə bu bəyanat vasitəsilə əhatə edilməsi cəhdlərini qeyd edir. Azərbaycan Respublikası Avropa İttifaqının ziddiyyətli üslubdan yan keçərək, həssas və təhdid doğuran məsələləri cavablandırmaq cəhdlərini alqışlayır.

Amma Azərbaycan Respublikası bəzi məsələlərin kompromis mövzusu ola bilməyəcəyini vurğulayır. Belə ki, bir sıra Şərq Tərəfdaşlığı ölkələri hərbi işğal, etnik təmizləmə və əhalinin zorla öz torpaqlarından qovulması ilə nəticələnərək xaricdən tətbiq edilən silahlı münaqişələr və ərazi iddiaları ilə üzləşirlər. Bu münaqişələr beynəlxalq hüququn fundamental norma və prinsipləri, xüsusilə suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin kobud şəkildə pozulması səbəbindən irəli gəlir və müşayiət olunur. Bu prinsiplər qlobal və Avropa qitəsi səviyyəsində dövlətlərarası münasibətlərin və beynəlxalq təhlükəsizlik sisteminin özəyini təşkil edir.

Avropa İttifaqının bütün tərəfdaş dövlətlərin suverenliyi və ərazi bütövlüyünə dəstəyini nəzərə alaraq, Azərbaycan Respublikası bu prinsiplərin toxunulmazlığına kölgə salmaq cəhdlərini qeyd etməyə bilməz. Bəzi tərəfdaş dövlətlərə təsir edən münaqişələrə dair güzəştli mətnin hazırlanması cəhdlərində bəyanat layihəsinin müəllifləri beynəlxalq təcrübədə “ikili standartlar” adlanan məqamdan yan keçə bilməmişlər.

Azərbaycan Respublikası Ermənistan-Azərbaycan hərbi münaqişəsinə münasibətdə Avropa İttifaqının aydın və birmənalı mövqeyinin ifadə olunmasını gözləyir. Bu münaqişənin həllinin əsasını Azərbaycanın ərazi bütövlüyü və suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını bir daha təsdiq edən və Azərbaycanın bütün işğal olunmuş ərazilərindən erməni işğalçı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 822(1993), 853(1993), 874 (1993) və 884(1993) saylı qətnamələri təşkil edir.

Azərbaycan Respublikası Avropa İttifaqı tərəfindən bu qətnamələrə ciddi şəkildə riayət edilməsi və onların həyata keçirilməsinin təmin edilməsi istiqamətində birmənalı və qəti addımların atılmasını gözləyir”.

AzVision.az


Teqlər:  





Xəbər lenti